2018-11-19 12:42:31   |   237 dəfə oxunub

İğdırda Azərbaycan Respublikasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib - Fotolar

İğdır valisi Ənvər Ünlü: "Bu gün Türkiyə Avropanın, Azərbaycan isə Cənubi Qafqazın parlayan ulduzlarıdı"


İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. 

"Sherg.az"ın xəbərinə görə, tədbirdə hər iki qardaş ölkəni təmsil edən rəsmi şəxslər, deputatlar, diplomatlar, tanınmış ziyalılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimdə İSTAD-ın sədri Səfər Qaraqoyunlu, İğdır vilayətinin valisi Ənvər Ünlü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Qarsdakı baş konsulluğunun məsul əməkdaşı Behbud Qadalı, MQF-nin prezidenti Rauf Zeyni, ATXƏM-in sədri İlham İsmayılov çıxış ediblər.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxış edərək bildirib ki, dərnək hər zaman Azərbaycan və Türkiyənin müstəqilliyinə eyni məhəbbətlə yanaşıb. Belə bir mərasimin İğdırda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki XX əsrin əvvəllərində Azərbaycanda baş verən proseslər, o cümlədən xalqımıza qarşı tətbiq olunan qeyri-insani hərəkətlər müasir Türkiyənin şərqində, eləcə də İğdır bölgəsində də yaşanıb. Cümhuriyyətin şərəfli missiyası hər bir türkiyəlinin qəlbində iftixar yeridir.
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışan İğdır vilayətinin başçısı Ənvər Ünlü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Cümhuriyyətimizin 100 illiyi münasibətilə təbriklərini çatdırıblar. Onlar Azərbaycanın müstəqilliyinin qorunmasını və dövlətimizin inkişafını Türkiyə üçün son dərəcə əhəmiyyətli bir sərvət kimi dəyərləndiriblər. Ölkələrimizin birgə siyasi qərarlar sayəsində əldə etdikləri dinamik inkişafın tarixi nailiyyət olduğunu vurğulayıblar.

İğdır valisi Ənvər Ünlü Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu vurğulayaraq, eyni din, dil, mədəniyyət paylaşdığımızı qeyd edib: "Tariximizdə bir çox bənzər və kəsişən nöqtələr vardır. Oktyabr ayı bunların başında gəlir. Bu ayda həm Türkiyə Cümhuriyyəti bayramını, həm də Azərbaycanın müstəqillik gününü qeyd edirik. Hər iki qardaş ölkə keçmişdə çox ağrılı günlər yaşayıb. Biz sevinirik ki, o günlər artıq arxada qalıb. Bu gün Türkiyə Avropanın, Azərbaycan isə Cənubi Qafqazın parlayan ulduzlarıdı".

Tədbirdə ATXƏM-in sədri İlham İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası, eləcə də Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Naxçıvanın xilası məsələlərindən danışıb. Diqqətə çatdırılıb ki, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə əvvəlcə Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən azad olub. 

Sonra Ulu Öndərimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub, dövlətimiz inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilməsi dövlətimizin hərtərəfli təhlükəsizliyini təmin edib.İlham İsmayılov bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı həm bölgədə, həm də dünyada sülhün yaranmasında, normal qonşuluq prinsiplərinin var olmasında mühüm amildir. Lakin biz bu regionda hər zaman gərginlik yaradan Ermənistanla da qonşuyuq, onlar hər iki qardaş dövləti beynəlxalq səviyyələrdə hər zaman tədirgin edir, əsilsiz ittihamlar səsləndirirlər. Məhz bunun üçün İğdır bölgəsi həmişə xüsusi önəm daşıyıb. Bu bölgə həm də Türkiyənin Ermənistanla sərhəd bölgəsidir və Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər sərhədlər açılmayacaq. İğdırlılar hər zaman bu məsələdə qərarlı olublar, ona görə Azərbaycanlıların qəlbində İğdırın yeri bir başqadır.

Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışan baş konsulluğun məsul əməkdaşı Behbud Qadalı qeyd edib ki, üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub. 

Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin rəsmi qaydada qəbul edilməsinə start verilib.

Ölkələrimizin dövlət müstəqilliklərinin əldə olunmasında iki xalqın qardaşlıq münasibətlərinin əhəmiyyətli gücə və təsirə malik olduğunu ifadə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tarixdə baş verənlərin gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında qeyri-hökumət təşkilatlarının rolundan danışıb. Vurğulanıb ki, Azərbaycanı və Türkiyəni təmsil edən QHT-lər bir çox mövzularda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə möhtəşəm tədbirlər təşkil ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi uzaqgörən neft strategiyası sayəsində ölkənin işıqlı gələcəyi təmin olundu. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində həyata keçirilən iqtisadi layihələr tarixi əhəmiyyət daşıyır. Hazırda istifadədə olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, "Star” neftayırma zavodu, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də XXI əsrin ən nəhəng enerji layihələri sayılan TANAP və TAP təkcə Azərbaycanın yox, böyük bir coğrafiyanın inkişafına təminat yaradır.

Daha sonra tədbir geniş bədii proqramla davam etdirilib. Azərbaycanın və bütün Türk dünyasının sevilən sənətkarı Şəmistan Əlizamanlı, Aşıq Maksud Fəryadi və Seyfəddin Çeliyin ifasında səslənən ifalar böyük coşqu ilə qarşılanıb.












SON XƏBƏRLƏR

2018-12-10