2018-11-19 16:47:40   |   149 dəfə oxunub

Yaxşı izlər qoyacaq

Bütün potensialı var, media ona yardım etməlidir

Yeni mer yetərincə idarəetmə təcrübəsi, insanlarla açıq ünsiyyəti olan kadrdır




Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Eldar Əzizov bir müddətdir Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi. Onun məmur kimi fəaliyyətinin böyük bir hissəsi, məhz icra başçısı postu olub. Əvvəlcə Bakının Nizami rayonuna, ardınca Gəncə və Sumqayıt şəhərlərinə, ən sonda Səbail rayonuna rəhbərlik edib. 1957-ci il ildə Bakıda anadan olan Eldar Əzizov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. İxtisasca tarixçi olan mer Bakı şəhər komitəsində bir sıra məsul vəzifələrdə çalışıb. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 

1998-ci ildən Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. Elə həmin ildən etibarən bir sıra şəhər və rayonlara rəhbərlik edib. Bununla yanaşı, Eldar Əzizov 1990-cı ildə Ali Sovetə deputat seçilib. "Şərəf nişanı” və 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Bakının yeni meri Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Sərəncamı verilən Eldar Əzizov ilk təyinatını da həyata keçirib. Merin müvafiq əmri ilə İsrafil Kərimov Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat katibi vəzifəsinə gətirilib. Məlumat üçün əlavə edək ki, İsrafil Kərimov da ixtisasca tarixçidir. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayan Kərimov Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. Mətbuatda mütəmadi olaraq çıxışlar edir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb. Bakı həm paytaxt, həm də geniş infrastruktura sahib olduğu üçün bu şəhərin kim tərəfindən və necə idarə olunması hər zaman sakinlərin diqqət mərkəzində olub. Eldar Əzizovun təcrübəsinə ümid edən ictimaiyyət nümayəndələri yeni merin paytaxtın bir çox problemlərinin öhdəsindən layiqincə gələcəyinə ümid edirlər.

Bu barədə "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət deyib ki, Eldar Əzizov həmişə yeni yanaşması ilə diqqət çəkib:

 "O, müasir çağırışları anlayan, ən önəmlisi də cənab Prezidentin siyasətini yetərincə mənimsəmiş biridir. Adı korrupsiyada hallanmır, insanlarla ünsiyyət problemi yoxdur. Mediaya açıq birisidir. Üstəlik də yetərincə idarəetmə və siyasi təcrübəsi olan kadrdır. O baxımdan düşünürəm ki, E.Əzizovun Bakının rəhbəri kimi fəaliyyəti uğurlu olacaq. Müavin kimi son bir neçə ayda gördüyü işlər bunu deməyə əsas verir. Biz də media təmsilçiləri olaraq əlimizdən gələni etməliyik. Yəni paytaxtda nəzərə çarpan neqativ halları daha çox işıqlandırmalıyıq ki, yeni merin şəhərlə bağlı görmək istədiyi işlərə yardımçı olaq. Onu da bilirəm ki, Eldar müəllim medianı yaxından və şəxsən izləyir. Biz də öz xidmətimizi göstərməliyik ki, şəhərimiz macəra və təcrübə meydançasına çevrilməsin”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq”ə deyib ki, Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti aparatının başçısı seçilməsi heç də təəccüblü və gözlənilməz deyil: 

"Eldar Əzizovu bir sumqayıtlı kimi çox yaxşı tanıyıram. Onun şəhərimizdə işə başlamasını yaxşı xatırlayıram. İlk gündən əhali ilə açıq dialoqu, səmimi ünsiyyəti və işgüzarlığı ilə tanınıb. Tez-tez məhəllələrdə, açıq havada insanlarla görüş təşkil edərək problemləri yerində həll edirdi. Bu praktikanı davam etdirərək, Bakı şəhərində də tətbiq etməsini çox istəyərdim. Ona fəaliyyətində daha çox quruculuq və abadlıq işləri ilə deyil, idarəçilik və məmur-vətəndaş münasibətlərini təkmilləşdirmək istiqamətində fəaliyyət arzulayıram. Bakı şəhərində demək olar ki, makroiqtisadi siyasət pik nöqtəyə çatıb. Yollar, inzibati binalar, təhsil və səhiyyə müəssisələri yüksək səviyyədə yenidən qurulub. Artıq bütün diqqət əhalinin sosial səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlməlidir. Bu işləri yerinə yetirə bilmək üçün Eldar Əzizovda bütün potensial var. Bundan ötrü istək və iradə ortaya qoyulmalıdır”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Prezidentin bu təyinatında təcrübə faktoru rol oynayır:

"Eldar Əzizov uzun müddət Gəncə, Sumqayıt kimi iri şəhərlərdə icra başçısı işləyib. Bundan başqa, Nizami və Səbail rayonlarında çalışıb. Bunlar kifayət qədər böyük təcrübədir. Hesab edirəm ki, Bakının ağırlığını ortadan qaldırmaq üçün Bakı bələdiyyəsinin seçilməsi də vacibdir. Çünki bütün problemləri merin üzərinə yönəltməklə həll etmək mümkün deyil. Bu gün Bakının ən başlıca problemlərindən biri kanalizasiya, su və tıxacdır. Həmçinin, şəhərsalma vəziyyəti də bərbaddır. Bunları yenidən qaydaya salmaq olduqca çətindir. Vaxtilə təmir işləri aparılanda bunları etmək lazım idi. Ümid edirəm, Eldar Əzizov özünün fərqli yanaşması, vətəndaşlara diqqəti ilə yaxşı izlər qoyacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-14