2018-11-19 17:42:50   |   194 dəfə oxunub

Şəhidin qardaşı oğlu : "Ailəmiz hər zaman dövlətin diqqət və qayğısını hiss edib”




"Bu yardım üçün cənab Prezidentə öz adımdan, ailəmiz adından təşəkkür edirəm".

Bu sözləri "Sherg.az”a açıqlamasında 1993-cü ildə Ağdamın Xıdırlı kəndində itkin düşmüş Nəsibov Zamin Əziz oğlunun qardaşı oğlu Əfəndiyev Fərid deyib.

Z.Nəsibovun ailə üzvü birdəfəlik yardımı aldıqlarını söyləyib və bu humanist addımdan dolayı Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Dövlət başçısı başda olmaqla bu işi həyata keçirən bütün aidiyyatı qurumlara minnətdarlıq edirik. Kimin əziyyəti olubsa, Allah hamısından razı olsun. Şəhidimizin anası, mənim nənəm Dilarə Kazımova hazırda Şəmkirdəki evimizdə yaşayır. Evin indiki vəziyyəti çox pisdir. Planımız var ki, ayrılan yardımı köhnə evin təmir olunmasına sərf edək. Nənəm də planlaşdırır ki, hər oğluna müəyyən miqdarda pul versin. Həm də kənddəki evimizdə su yoxdur. Yəqin ki, su xətti çəkilməsi üçün də puldan istifadə edəcəyik. Yəni bu yardım bizim çox köməyimizə çatacaq. Dövlət başçısının sayəsində bizə ayrılan 11 min manat ciddi məbləğdir, çalışacayıq ki, bundan səmərəli istifadə edək. Ümumiyyətlə, ailəmiz hər zaman dövlətin diqqət və qayğısını hiss edib”.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10