2018-11-20 16:14:48   |   143 dəfə oxunub

Hər iki ölkənin maraqlarına uyğun əməkdaşlıq var: "Belarus Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləyir"

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Belarusa 5 dəfə, Belarus prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. 19 noyabr tarixində həyata keçirilən səfər çərçivəsində Prezident İlham Əliyevin Belaruslu həmkarı Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. 

Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Səfər öncəsi Azərbaycan Respublikasının Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Respublikasının bPrezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilir. Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştəkibli görüş keçirildi. Geniştərkibli görüşdə hər iki tərəfdən demək olar ki, bütün dövlət qurumlarının və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Məlumdur ki, rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirildi. İqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olundu. Yekun protokol imzalandı. Həmçinin, səfər çərçivəsində Prezident İlham Əliyevin Minskdə açılmış Azərbaycan Ticarət Evinə baş çəkdi. Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. 

Bu bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. İki ölkə arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində əlaqələr inkişaf etdirilir. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü yolu ilə həllinin vacibliyini qeyd etdilər. 

O cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər. Bununla yanaşı tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər. Prezident İlham Əliyev bəyan etdi ki, biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik: "Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”. Ölkə rəhbərləri idman sahəsindəki əməkdaşlığa da toxunub. Tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının faydalı xarakter daşıdığını, olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq var. Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulur. Bundan əvvəl də Azərbaycan Belarusdan "Polonez” raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb. Dövlət başçısı İlham Əliyev də bəyan edib ki, bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir: "Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.

Azərbaycan-Belarus münasibətlərini "Şərq”ə dəyərləndirən millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycan Belarusla sıx əməkdaşlıq edir. Deputatın sözlərinə görə, Belarus Azərbaycanın çox ciddi tərəfdaşıdır: 

"İki ölkə arasında bir neçə sahədə yaxın əməkdaşlıq mövcuddur. İlk növbədə təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirilir. Bu istiqamətdə Belarusla hərbi əməkdaşlığımız inkişaf etdirilir. Belarus Azərbaycanın Silahlı Qüvvələrini müasir silah-sursatlarla təmin edən mühüm ölkələrdəndir. Bununla yanaşı ən böyük layihələrimizdən biri də Azərbaycanda Belarus avtomobil və traktorlarının istehsal edilməsidir. Bu layihə hər iki ölkənin maraqlarına uyğundur. Həmçinin, ticarət sahəsində də əhəmiyyətli işlər görülür. Belarus mallarının Azərbaycanda, bizim məhsullarımızın Belarusda satışı reallaşdırılır. Ən əsası isə odur ki, Belarus Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləyir. Hətta KTMT-da Ermənistanın qarşısında düşmən ölkənin cavab verə bilmədiyi məsələləri qaldırır. Düşünürəm ki, siyasi, iqtisadi sahədə uğurlarımız iki ölkənin xalqlarının mənafeyinə tamamilə uyğundur”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-12-11