2018-11-21 12:04:44   |   180 dəfə oxunub

“Türk axını” region üçün önəmlidir

Qərbin narahatlığı anlaşılan deyil

Çünki Türkiyənin region dövlətləri ilə əməkdaşlığı həm də beynəlxalq təhlükəsizliyə xidmət edir



Ötən gün "Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması münasibətilə İstanbulda möhtəşəm mərasim keçirilib. Mərasimdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də iştirak ediblər. Məlumat üçün deyək ki, ümumi uzunluğu 1100 kilometr olacaq "Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini və kəmərlərin hər biri 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır. Kəmərin ilk xətti Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

 Liderlər "Türk axını” ilə bağlı müxtəlif açıqlamalar, mesajlar veriblər. Putin bildirib ki, "Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib və dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir. Layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə xidmət edəcək”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, "Türk axını” layihəsi təkcə Türkiyə deyil, qonşu ölkələr və regiona da üstünlük gətirəcək. Türkiyə üçün Rusiyanın uzunmüddətli iş birliyi etibarlı dost və mühüm təbii qaz tədarükçüsü anlamına gəlir. Rusiya-Türkiyə iş birliyi çox geniş spektrdə irəliləyir. Hədəfimiz Rusiya ilə 100 milyard dollarlıq ticarət həcminə malik olmaqdır. Türkiyə Rusiyadan 1987-ci ildən bəri 387 milyard kubmetrlik təbii qaz alıb. Biz Rusiya ilə ikitərəfli münasibətləri heç zaman digər ölkələrin tələb və inadına qurban verməyəcəyik. Cənab Putin və Rusiya xalqı ilə həmrəyliyimiz ölkələrimizə daha böyük layihələr gətirəcək, müjdələr verəcək”.

Böyük layihənin perspektivi və Rusiya-Türkiyə yaxınlaşmasının Qərb ölkələrini narahat etməsi ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, ABŞ və Avropa İttifaqı Rusiyanın energetika sahəsinə sanksiya tətbiq etməyib: 

"Bundan başqa, Avropa dövlətləri Rusiyadan təbii qaz idxal edirlər. Bu baxımdan Türkiyənin Rusiya ilə "Türk axını” layihəsi çərçivəsində əməkdaşlığı heç bir dövlət və ya siyasi birliyə qarşı deyil. Buna qarşı çıxmaq isə məntiqli sayılmır. Qərbin, o cümlədən ABŞ-ın Türkiyəyə qarşı hər hansı hüquqi, mənəvi iddia irəli sürməyə əsası yoxdur. Türkiyənin region dövlətləri ilə əməkdaşlığı həm də beynəlxalq təhlükəsizliyə xidmət edir. Belə əməkdaşlıq isə Qərb üçün səmərəli sayıla bilər. Bu layihə perspektivdə Avropanın enerji təhlükəsizliyinin təmini üçün mühüm rollardan birini oynayacaq. Habelə "Türk axını” Qərbin enerji xətlərinin şaxələnməsi ideyasının reallaşmasına yardım edəcək. Düzdür, layihə ilə bağlı Türkiyəyə dolayı yolla təzyiqlərin və ya giley-güzarların edilməsi mümkündür. Ancaq bu tipli münasibətlər ciddi sayılmır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11