2018-11-21 12:47:51   |   78 dəfə oxunub

Şəhidlər və ailələri unudulmur

Bu yardım bizim sosial şəraitimizin yaxşılaşmasına çox böyük dəstək olacaq



Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələr verilir. Ümumiyyətlə, son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə də şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Sözügedən Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi sayılmalıdır. 

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etdi və müvafiq Fərman imzaladı. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir. Sərəncama uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Artıq sığorta məbləği ilk mərhələdə 122 şəhid vərəsəsinə verilib. Vəsaiti əldə etmiş şəhid ailələrinin vərəsələri dövlətə və Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

1993-cü ildə Ağdərədə, Sərsəng su anbarının qorunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Müşfiqin atası Əliyev Abbas Məsim oğlu "Şərq”ə açıqlamasında bunun çox gözəl addım olduğunu söyləyib. Şəhid atası ailə adından dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib: 

"Ümummilli liderimiz Heydər Əliyevin şəhid ailələrinə diqqət və qayğısını bu gün möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Cənab Prezidentin bizə yardımı, qayğısı daimi olub. Təkcə bizə yox, bütün şəhid ailələri dövlətimizdən çox razıyıq. Əlbəttə, göstərilən qayğı bizi həm sevindirir, həm də kədərləndirir. Sevindirir ona görə ki, cənab Prezidentimiz, dövlətimiz, xalqımız şəhidlərimizi unutmurlar, həmişə yad edirlər. Kədərlənirik ona görə ki, həmin qanlı günləri yenidən xatırlayırıq. Hörmətli Prezidentimizin şəhid ailələrinə diqqəti bizi çox məmnun edir, rahatladır”. Abbas Əliyev media nümayəndələrinə də öz təşəkkürünü bildirib.

1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Hacıyev Yusif Nəsirəddin oğlunun qızı Hacıyeva Jalə xanım da şəhid ailələrinə birdəfəlik yardımdan dolayı cənab Prezidentə öz minnətdarlığını bildirib: "Əsas olan məbləğin miqdarı yox, dövlət tərəfindən şəhid ailələrinə göstərilən mənəvi dəstəkdir. Möhtərəm Prezidentimiz tərəfindən şəhidlərə kimliyindən asılı olmayaraq çox böyük diqqət və qayğı göstərilir. Prezidentin budəfəki gözəl təşəbbüsü də bütün şəhid ailələri kimi bizi çox məmnun edir. Ona görə də ailəmiz adından cənab dövlət başçısına, bu işdə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk”.

1994-cü ildə Vətən uğrunda şəhid olmuş Mikayılov Tələt Nadir oğlunun anası Mikayılova Səkinə Əliağa qızı dövlət başçısına minnətdarlıq edib: "Allah rəhbərimizə cansağlığı versin, bütün işlərində Prezidentimizə kömək olsun. Dövlət başçısı imzaladığı sərəncamla çox böyük iş görüb. Birdəfəlik yardımı almışıq. Telefonumuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mesaj gəldi. Ondan sonra gedib Bakıdan pulu aldıq. Allah dövlətimizdən və rəhbərimizdən razı olsun. Həmişə başımızda dayansın. Biz yardım alandan sonra bütün şəhid ailələri adından cənab Prezidentimizə təşəkkür məktubu ünvanladıq. Biz ondan çox razıyıq”.

1993-cü ildə Gədəbəy rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şəmkir rayon sakini Məmmədov Sərdar İbrahim oğlunun qardaşı Məmmədov Sədi İbrahim oğlu isə bəyan edib ki, birdəfəlik ödəmə Prezident İlham Əliyevin şəhid ailələrinə diqqətinin təzahürüdür: "Ölkə başçısının bu humanist addımı şəhid ailələri və cəmiyyət arasında çox müsbət qarşılandı. Cənab Prezidentin təşəbbüsü onun şəhid ailələrinə diqqətindən irəli gəlir. Bu cür diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığımı ifadə edirəm. Çox sağ olsun! Bu yardım bizim sosial şəraitimizin yaxşılaşmasına çox böyük dəstək olacaq. Doğrudan da şəhidlər və ailələri unudulmur”.

Quba rayonundan olan şəhid Ağarzayev Kamran Ələkbər oğlunun anası Ağarzayeva Soniya Sirac qızı da bildirib ki, Prezident İlham Əliyev şəhid ailələrinə hər zaman böyük diqqət göstərib: 

"Dövlətin bu addımı bizi çox sevindirdi. Allah Prezidentimizin, ölkənin birinci xanımı Mehriban Əliyevanın canını sağ etsin. Ölkə başçısının humanist addımının bizə çox böyük köməyi oldu. Bunun üçün Prezidentə minnətdaram. Dövlət başçısı heç vaxt diqqətini bizdən əskik etməyib, bu gün də etmir. Hər zaman dövlət tərəfindən göstərilən qayğılar sosial şəraitimizi yaxşılaşdırır, çətinliklərimizi aradan qaldırır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11