2018-11-21 12:56:45   |   138 dəfə oxunub

İlahiyyatçıların xarici dilləri öyrənməsi zəruridir

Beynəlxalq tədbirlərdə azərbaycanlı ilahiyyatçıların tədbirin keçirildiyi ölkənin rəsmi dili ilə çıxış etməsi ölkəmizin imicinə müsbət təsir edər



"Azərbaycan ilahiyyatçıları ingilis və rus dillərini öyrənməlidirlər”. Bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib. Rektor bildirib ki, bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil: "İnsanların bəziləri dinə ironiya ilə yanaşırlar. Bunun obyektiv və subyektiv səbəbləri var. Bu, bizim hamımızın problemidir. Müxtəlif qüvvələr insanları qarşı-qarşıya gətirmək istəyir. Buna yol vermək olmaz”. C.Məmmədov əlavə edib ki, sosial şəbəkələrdə məzhəb təbliğatının aparılmasına cəhd edilir: "Prosesin qarşısının alınmasında ən böyük məsuliyyət ilahiyyatçıların üzərinə düşür. İslamın intibah dövründə insanlar dini biliklərlə yanaşı, dünyəvi biliklər də əldə edirdi. Bu gün qarşımızda duran əsas hədəflərdən biri dünyəvi bilikləri yüksək olan ilahiyyatçılar yetişdirməkdir. İngilis və rus dillərində bilən ilahiyyatçılar azdır. Dini reallıqları xaricdə təbliğ edəcək insanlara ehtiyac var”.

İnstitut rektorunun diqqət çəkdiyi məqama münasibət bildirən ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov "Şərq”ə açıqlamasında qaldırılan məsələnin olduqca mühüm olduğunu söyləyib. Ekspertin sözlərinə görə, ilahiyyatçılar mütləq mənada dini biliklərlə yanaşı, dünyəvi elmləri də öyrənməlidir: 

"Eyni zamanda, ilahiyyatçıların bir çox xarici dilləri öyrənməsi də zəruridir. Təkcə ərəb və fars dillərini deyil, eyni zamanda, urdu, ingilis, alman, fransız və s. dilləri bilməsi ancaq və ancaq fayda verə bilər. Həm də bir sıra problemləri aradan qaldırar. Bildiyiniz kimi, Azərbaycan multikultural dəyərlərə sadiq və tolerant ölkədir. Beynəlxalq tədbirlərdə azərbaycanlı ilahiyyatçıların tədbirin keçirildiyi ölkənin rəsmi dili ilə çıxış etməsi ölkəmizin imicinə müsbət təsir edər. Həmçinin, xaricidilli insanlarla müzakirələrə də üstünlük verər. Ceyhun müəllimin rəhbərlik etdiyi İlahiyyat İnstitutu nümunəvi, savadlı və vətənpərvər ilahiyyatçılar yetişdirmək qabiliyyətindədir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10