2018-11-21 12:59:47   |   397 dəfə oxunub

Qafqaz İslam Ordusu əsgərinin məzarı Tovuzda baxımsız qalıb - Foto



Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. İl başa çatır, amma təəssüf ki, dövlət səviyyəsində görüləcək işlər hələ çoxdur. Bu mühüm tarixi ildönümdə Azərbaycan Cümhuriyyətinin qurulmasında canından keçmiş fədailərin xatirəsi əbədiləşdirilməli, onlar haqqında tarixi, yerli mənbələrdə ciddi araşdırmalar aparılmalıdır. Məlumdur ki, Xalq Cümhuriyyətinin erməni-bolşevik silahlı birləşmələrindən xilası üçün formalaşdırılmış Qafqaz İslam Ordusu misilsiz naliyyətin əsas yaradıcılarından biridir. Ölkəmizin azadlığı uğurunda bu ordunun iki mindən artıq əsgər və zabiti şəhid olub. Onlardan biri də mənim atamın dayısı, 20 yaşında döyüşə atılan Xammirzəyev Əli Hacıəhmədqulu oğludur.

Bu haqda mənə mərhum babam Məsim kişi tez-tez danışardı, onda həmişə Türk ordusuna qarşı bir sevgi, məhəbbət hiss edədim. Tovuzun Xınna dərəsi mahalında bəy ailəsində boya-başa çatan Əli xilaskar Türkiyə Ordusu Azərbaycan sərhədlərinə daxil olarkən atası Hacıəhmədqulu bəyin tövsiyyəsi ilə Qafqaz İslam Ordusuna qoşulur. Osmanlı ordusunun komandanlarından birini (səhv etmirəmsə Mürsəl Paşa olub) mülkündə qonaq edən bəy ona "mənim yeganə oğlum var, Əlidir. Qoy onun canı, qanı Azərbaycana fəda olsun! deyir. Onun bu sözləri türk komandanı riqqətə gətirir. Əlini Hacıəhmədqulu bəyin kürəyinə vurub, "sizin kimi kişilər varkən, bu məmləkət basılmaz” söyləyir.
Bir neçə ay sonra Hacıəhmədqulu bəy oğlu Əlinin Bakı ətrafında döyüşlərdə şəhid olması xəbərini alır. Bakıya gəlir, Əlinin cənazəsini kəndə gətirib orada dəfn edir. Özü də 1926-cı ildə haqq dünyasına qovuşur, vəsiyyətinə uyğun olaraq oğlunun yanında dəfn edilir.

Hazırda onların uyuduğu qəbristanlıq yoxdur, amma onların məzarları qalır. Qəbirlər baxımsız vəziyyətdədir. AXC-nin 100 illiyində onların məzarlarının kənd qəbristanlığına köçürülərək abadlaşdırılması şəhidlərimizin ruhuna böyük sayğı olar. Eyni zamanda bu möhtəşəm tariximizin ildönümünə dəyərli bir töhfə olardı.





Elçin Rüstəmli








SON XƏBƏRLƏR

2018-12-11