2018-11-21 13:05:55   |   231 dəfə oxunub

Millət vəkillərinin təklifi dəstəklənir

Parlament televiziyası deputat-cəmiyyət əlaqələrinə də müsbət nəticə verər

"Söhbət parlamentin həftədə bir dəfə olan iclasından getmir. Komitələrin çoxsaylı toplantıları, deputatların görüşləri olur. Bunların hamısı efirdə canlandırılmalıdır. Qanunların necə müzakirə edildiyi, oxunuşdan nec




(... Əvvəli ötən sayımızda)

Millət vəkili Tahir Kərimli Azərbaycanda parlament televiziyasının açılmasını təklif edib. Belə bir televiziyaya çox böyük ehtiyac olduğunu qeyd edən T.Kərimliyə görə, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı. Deputat hesab edir ki, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: "Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı".
Qeyd edək ki, bir neçə ay əvvəl də parlament televiziyasının yaradılması məsələsi deputatlar tərəfindən gündəmə gətirilmişdi. Milli Məclisdə qəbul edilən qanun layihələrinin izahının Milli Məclisdə akkreditasiya edilən jurnalistlər tərəfindən əhatəli verilmədiyini qeyd edən deputatlar hesab edir ki, hər bir qanunun mahiyyəti açıqlanmalıdır.

"Şərq”ə dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət qaldırılan məsələ ilə bağlı uzunmüddətli düşüncələrinin olduğunu deyib. Tanınmış jurnalist illər öncə səfər etdiyi xarici ölkələrdən birində xüsusi parlament televiziyasının şahidi olduğunu bildirib: "1998-ci ildə Amerika Birləşmiş Ştatlarına səfər etmişdik. 

Üç həftəlik tanışlıq səfəri idi. Həmin vaxt orada gördük ki, ABŞ Konqresinin birbaşa canlı yayım edən telelviziya kanalı var. Yəni Konqresdə Amerika qanunvericiliyi ilə bağlı bütün prosesləri əks etdirən bir kanal daimi fəaliyyət göstərir. Parlamentin toplanıb-toplanmadığından asılı olmayaraq, həmin kanallar bütövlükdə qanunvericilik fəaliyyəti ilə bağlı verilişlər yayımlamaqla ölkə vətəndaşlarını məsələlərdən agah edirdilər. O vaxtdan düşünürdüm ki, bu, çox yaxşı bir təcrübədir və Azərbaycanda olması işə yarayandır. Eyni zamanda Türkiyə təcrübəsinə də müraciət edə bilərik. Qardaş ölkədə də parlamentin toplantıları canlı şəkildə yayımlanır və faktiki olaraq bütün ölkə əhalisi parlamentdə baş verənləri izləyə bilir”.

A.Həsrət daha bir maraqlı nümunənin Almaniya Bundestaqı ilə bağlı olduğunu söyləyib: 

"Almaniya parlamentində sadəcə canlı yayımdan yox, həm də Bundestaqın iclaslarının arzu edən hər kəsə açıq olmasından söhbət gedir. Bundestaqın zalı elə qurulub ki, deputatların müzakirələrini istənilən vətəndaş kənardan müşahidə edir, canlı-canlı izləyə bilir. Dünyada belə təcrübələr çoxdur. Ona görə də Azərbaycan parlamentinin özünəməxsus televiziyasının olması təklifi təəccüb doğurmamalıdır. Dostumuz Hikmət Babaoğlu da gözəl təklif vermişdi və bu təklif reallaşmalıdır. Azərbaycanın buna imkanı var. Birbaşa yayım edən parlament televiziyasının qurulması ancaq müsbət nəticələr verər. Parlamentdə hazırda 6 yer boş olsa da, ümumilikdə 125 deputat yeri var. 125 deputatdan sadəcə 15-i, ən yaxşı halda isə 20 nəfəri cəmiyyət tərəfindən geniş tanınır. Səbəbi odur ki, digər deputatlar media ilə əlaqələrini düzgün qura bilmirlər. Kimisi təcrübəsizlikdən bunu edə bilmir, kimisi də sadəcə buna zərurət görmür. Digər deputatlar isə həddindən artıq passiv olduqları üçün mətbuata çıxmırlar. Belə olan halda cəmiyyətdə deputatlarla bağlı birmənalı fikir formalaşmır. O baxımdan düşünürəm ki, parlamentin toplantılarının canlı yayımla verilməsi müsbət hal olar. Qapalı toplantılar istisna olmaqla, ümumilikdə parlamentin bütün iclasları mediada geniş işıqlandırılmalıdır. Seçdiyimiz deputatların Milli Məclisdə necə davrandığını canlı şəkildə görməliyik”.

A.Həsrətin fikrincə, hansısa mövcud kanalda parlamentin işinə bir neçə saat vaxt ayrılması prosesi tam əhatə edə bilməyəcək: 

"Ən yaxşısı parlamentin özünün birbaşa televiziya kanalının olmasıdır. Parlamentin və ayrı-ayrı komitələrin bütün iclaslarının, yaxud da Məclisdəki görüşlərin efirə verilməsi effektli olardı. Mən Hikmət müəllimi dəstəkləyirəm və o qənaətə gəlirəm ki, məhz onun kimi mütərəqqi insanların parlamentdə təmsil olunması hamımızın xeyrinədir. Arzu edirəm ki, parlamentdə bu cür insanların sayı daha da çoxalsın”.

MŞ İdarə Heyətinin üzvü əlavə edib ki, ümumiyyətlə, dünyada televiziya fəaliyyətinin dövlətsizləşməsi prosesi gedir. Xüsusən, Qərb ölkələri dövlət televiziyası anlayışından imtina edirlər: 

"Burada söhbət dövlətin nəzarətində olan hansısa televiziya kanalının açılmasından getmir. Parlament kanalı siyasi məqsədlərə deyil, öz fəaliyyətini birbaşa işıqlandırmağa xidmət etməlidir. Ortada dünya təcrübəsi var və ABŞ kimi ölkə bundan imtina etmir. Əgər Qərb ölkələri bu təcrübədən gen-bol yararlanırsa, biz niyə imtina etməliyik? Hesab edirəm ki, xüsusi parlament televiziyası vacibdir. Bu addım Avropa ölkələri tərəfindən də müsbət qarşılanacaq”.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev:

- Düşünürəm özüm və parlamentdə akkreditasiya olunan digər həmkarlarımın bir çoxu qanun layihələri barədə öz saytlarında yetərincə məlumat verir. Belə ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələri barədə həm öncədən, həm də iclasda qəbul olunduqdan sonra saytımızda xəbər yerləşdiririk. Sonradan hər hansı bir qanun layihəsinin şərh olunmasına gəlincə, deputatlardan açıqlama da alırıq. Əlbəttə, tam dəqiqliyi ilə bunu etdiyimizi də demək olmaz. Çünki bu məsələni hüquqşünaslar daha yaxşı bilər.

Parlament televiziyasının yaradılması məsələsi isə bir neçə deputat tərəfindən təklif olunub. Belə bir televiziya yaradılarsa, orada qanun layihələrinin şərhinə üstünlük verilməsi yaxşı olar.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə açıqlamasında parlament televiziyasının açılmasının əhəmiyyətli və mütərəqqi təklif olduğunu deyib. Onun sözlərinə görə, hazırda dünya televiziyalarında klassik yayım proqramlarının, məsələn, kinofilmlərin, musiqilərin, xəbərlərin və s. verilişlərin verilməsi ənənəsi geridə qalıb:

"Artıq əksər ölkələrdə ayrıca xəbər, musiqi, kinofilm kanalları fəaliyyət göstərir. Təkcə televiziyada deyil, digər media qurumlarında, qəzet, jurnal və radiolarda da bu proses getməkdədir. Bu da çox normal haldır və müasir günün tələbidir. Hesab edilir ki, mediada konkret hansısa sahəyə diqqət ayırmaq daha effektli olur. Nəzərə alaq ki, hər ixtisaslaşmış kanalların özünəməxsus auditoriyası formalaşır. Vətəndaşı konkret nə maraqlandırırsa, həmin televiziyanı daha çox izləyir. Bu sahədə təəssüf ki, Azərbaycanda vəziyyət qənaətbəxş deyil və biz geri qalırıq. Dünyada adi normaya çevrilən bu cür mexanizmlər ölkəmizdə, nədənsə, qəribə qarşılanır. Deputatların təklifini dəstəkləyirəm. Təkcə, Milli Məclisin iclasları ilə bağlı deyil, digər bütün sahələrdə xüsusi televiziyalara ehtiyac var. Bir neçə il əvvəl idmanı AzTV-dən ayırdıq, ayrıca kanal etdik. Bunun nəyi pis oldu ki? Çox yaxşı effekt verdi və idman kanalının öz izləyici kütləsi yetişdi. Eyni zamanda ayrıca mədəniyyət kanalı yaradılıb”.
Y.Məmmədlinin fikrincə, bütün sahələri əhatə edən proqramların bir mərkəzdə cəmlənməsi yaxşı hal deyil. Hər birinin müstəqil olması daha məqsədəuyğundur: "Söhbət parlamentin həftədə bir dəfə olan iclasından getmir. Komitələrin çoxsaylı toplantıları, deputatların görüşləri olur. Bunların hamısı efirdə canlandırılmalıdır. Qanunların necə müzakirə edildiyi, oxunuşdan necə keçdiyi insanlar üçün maraq doğurur. Şəxsən bütün media nümayəndələrini mətbuatla bağlı olan qanunların müzakirəsi çox maraqlandırır. Ümid edirik, nə zamansa bu təklif nəzərə alınacaq və xüsusi parlament televiziyası yaradılacaq”.

Modern.az-ın parlament müxbiri Mirmahmud Kazımoğlu parlament televiziyasının yaradılması ideyasının çox yaxşı təklif olduğunu deyib. Düzdür, bəzi ölkələr var ki, parlament televiziyası fəaliyyət göstərir. 

Amma ölkələrdə qaynar parlament fəaliyyəti mövcuddur. Təəssüflər olsun ki, Azərbaycan parlamentində fəallıq hiss olunmur. Çünki deputatlarımızın əksəriyyəti danışmağı sevməyən adamlardır: "Hətta elə deputatlar var ki, onları nə seçiciləri, nə də xalq tanıyır. Bundan başqa, Milli Məclisin iclasları ay ərzində 2-3, maksimum 4 dəfə keçirilir. Hər iclasın müddəti isə 4 saatdır. Bu halda, parlament televiziyasının efir vaxtı necə doldurulacaq? Bu cür təklifləri vermək əvəzinə, deputatlar yaxşı olar ki, daha ciddi məsələlərin həllinə çalışsınlar. Hesab edirəm ki, indiki vaxtda parlament televiziyasının yaradılmasına xüsusi ehtiyac yoxdur.

Digər tərəfdən isə onu deyə bilərəm ki, parlament müxbirlərinin əsas məqsədi Milli Məclisin fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Hesab edirəm ki, bu işin öhdəsindən də parlamentdə akkreditasiyadan keçən jurnalistlərin əksəriyyəti gəlir. Düzdür, bununla bağlı da müəyyən problemlər var.

 Parlament müxbiri olaraq mən və çalışdığım media orqanı Milli Məclisin iclaslarından və qanun layihələri barədə yazdığımız xəbərlərdə ictimaiyyətə məlumat verməyə çalışırıq. Bundan əlavə, müzakirəyə təqdim olunan qanunun aid olduğu sahənin mütəxəssisləri, deputatlar və ekspertləri ilə müsahibələr hazırlayırıq. Həmçinin digər həmkarlarım və media qurumları da parlamentin işinin cəmiyyətə çatdırılması istiqamətində xeyli işlər görürlər. Hesab edirəm ki, parlament müxbirlərinin Milli Məclisin fəaliyyətini işıqlandırmasında böyük əməyi var. Ona görə də parlament televiziyasının yaradılmasına ehtiyac duymuram”.

Şəymən








SON XƏBƏRLƏR

2018-12-10