2018-11-21 13:17:33   |   168 dəfə oxunub

Çox gümrah insan idi

Novruz Novruzlunun ölümü dostlarını sarsıtdı



Opera və Balet Teatrının solisti, "Savalan” musiqi qrupunun bədii rəhbəri, tanınmış müğənni və aktyor Novruz Novruzlu ötən gecə vəfat edib.

Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.
İnstitutda oxuduğu müddətdə "Ulduz” tamaşasında Zəfər, "Arşın mal alan”da Əsgər, "O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Novruz Novruzlu Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu "Savalan” qrupunu yaradıb və onun bədii rəhbəri idi.

Mərhumla vida mərasimi evində keçirilib. Mərasimdə onun yaxınları və sevənləri iştirak ediblər.
Daha sonra 58 yaşlı N.Novruzlunun nəşi dəfn olunmaq üçün Xırdalan qəbiristanlığına aparılıb.

Mərhum sənətkarın sənət dostları da onun vaxtsız ölümünə hələ də inana bilmədiklərini dilə gətiriblər. Xalq artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov dünyasını dəyişən Novruz Novruzlu ilə bağlı xatirəsini danışdı: 

«Həqiqətən Novruz Novruzlunun ölümü biz dostlarını çox sarsıtdı. Çox gümrah insan idi. Mən uzun illərdi Novruz Novruzlu ilə tanış olmuşam. Teatra gələn gündən onunla tanışlığımız, dostluğumuz yaranıb. Uzun illər bir yerdə çalışmışıq. Çox zəhmətkeş, gözəl insan idi. Vətənsevər, dövlətinə, millətinə bağlı bir şəxsiyyət idi. Gözəl dost idi. İnanın, onun ölüm xəbərindən şoka düşmüşəm. Belə gümrah insanın birdən-birə dünyadan köçməsi onu sevənlər, dostları üçün gözlənilməz oldu. Mistik musiqi ilə də məşğul idi. 

Özünün yaratdığı gözəl bir qrup vardı. Eyni zamanda Türkiyə ilə əməkdaşlıq edirdi, ora gedib-gələrdi, onun ifasına maraq var idi. Opera və Balet Teatrında da biri-birindən maraqlı obrazlar yaradıb. Eyni zamanda teatrın kütləvi səhnələrində də iştirak edirdi. 

Özünməxsus səs tembrinə malik idi. Novruz müəllim yüksək səhnə mədəniyyətinə sahib bir sənətçi idi. Bir çox tamaşalarda onunla eyni səhnəni paylaşmışıq, qastrol səfərlərində olmuşuq. Yüksək insani keyfiyyətlərə malik idi. İnanın qarışqanı belə tapdalamazdı, kövrək idi. Allah məkanını cənnət eləsin. Ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun».

Allah rəhmət eləsin...







SON XƏBƏRLƏR

2018-12-10