2018-11-21 13:28:14   |   105 dəfə oxunub

Təki oxusunlar...

“Ədəbiyyat biliciləri” yarış xarakterli müsabiqədir

Çünki cəmiyyətin kitabdan uzaq düşməsi hamını narahat edir



Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində "Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş "Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsidir.


Əmrə əsasən, 2018-2019-cu dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.

"Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi də təsdiq edilib. Təşkilat Komitəsinin sədri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, sədrin müavini Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcidovdur.

Müsabiqənin hansı formada keçirilməsi ilə bağlı "Şərq”ə danışan "525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid müsabiqənin keçirilməsinin əsas səbəbi kimi, məktəblilərin mütaliəyə olan marağının artırılmasını qeyd edib: 

"Bir neçə il bundan öncə də "Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilmişdi. Müsabiqə əvvəlki təhsil naziri Mikayıl Cabbarovun vaxtında ədəbiyyatın təbliği, mütaliə vərdişinin genişləndirilməsi, şagirdlər arasında oxu və mütaliənin təbliği məqsədi ilə təşkil olunub. Əvvəllər də sədr müavini idim, sadəcə olaraq nazir müavini dəyişdiyinə görə yenidən əmr imzalandı.

"Ədəbiyyat biliciləri” şagirdlər arasında həm bədii ədəbiyyata maraq, həm də yarış xarakterli müsabiqədir. Nəticələr bəlli olduqdan sonra Təhsil Nazirliyində qaliblərə mükafatlar veriləcək. Mükafatların verilməsi üçün həmçinin Azərbaycan yazıçıları da nazirliyə dəvət olunur. 

Ölkəmizdə belə müsabiqələrin keçirilməsini lazımlı hesab edirəm və olduqca müsbət dəyərləndirirəm. Məlumdur ki, cəmiyyətimizin kitab və mütaliədən uzaq düşmə məsələsi aktualdır. Hər kəs bununla bağlı narahatçılığını bildirir. Ona görə də bu müsabiqə şagirdlər arasında kitabın təbliği baxımından böyük əhəmiyyət daşıyır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10