2018-11-21 16:49:13   |   180 dəfə oxunub

"YAP artıq dünyanın tanıdığı bir siyasi təşkilatdır" - Eldar İbrahimov



Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür. 1992-ci il noyabr ayının 21-də ölkənin ən qüdrətli və nüfuzlu siyasi təşkilatlarından birinin – Yeni Azərbaycan Partiyasının əsası qoyulub. Yeni Azərbaycan Partiyası yaranması Azərbaycanın ən yeni tarixinin möhtəşəm siyasi hadisəsi idi. Çünki bu partiya yarandıqdan sonra avanqard və mütərəqqi siyasi qüvvə kimi milli maraqlara xidmət edən siyasi fəaliyyəti ilə Azərbaycanın inkişafına fundamental töhfələr verib. Ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında misilsiz xidmətlər göstərib.

Partiyanın ildönümü ilə bağlı "Şərq”ə danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov 26 ildir Yeni Azərbaycan Partiyasının yaşadığını və inkişaf etdiyini deyib. Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsində hakim partiyanın əvəzsiz xidməti olub: 

"Yeni Azərbaycan Partiyası dünyanın ən böyük partiyalarından birinə çevrilib. Partiyamız Rusiyanın, Çinin və digər bir çox ölkələrin ən güclü partiyaları ilə əməkdaşlıq edir. 725 mindən artıq üzvü olan YAP artıq dünyanın tanıdığı bir siyasi təşkilatdır. Xatırladım ki, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda çox ağır və çətin bir şəraitdə meydana gəlib. Düzdür, hər zaman deyirik ki, partiyamız tarixi zərurətdən yaranıb. Ancaq həmin tarixi zərurət o idi ki, 1992-ci ildən etibarən Azərbaycan dağılmağa və məhvə doğru gedirdi. Torpaqlarımız işğal olunurdu, ölkədə sözün həqiqi mənasında xaos hökm sürürdü. Dövləti parçalayırdılar, cənubda "Talış Muğan Respublika”sı, şimalda başqa separatçı qüvvələr mərkəzi hakimiyyətə tabe olmurdu. 

O vaxtlar Ümummilli lider Naxçıvanda Ali Məclisin sədri idi. Azərbaycandakı bütün ziyalıların və xalqın gözü Naxçıvana, Ulu Öndərə dikilmişdi. Vaxt itirməmək üçün 91 nəfər ziyalı bir araya gələrək, "Səs” qəzeti vasitəsi ilə Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə vurğulandı ki, "xalq öz xilaskarını, Heydər Əliyevi gözləyir”. Ziyalılar ümummilli liderə partiya yaratmaq və ona rəhbərlik etmək təklifi etdilər. Heydər Əliyev 1992-ci ilin 24 oktyabrda bu müraciətə müsbət cavab verdiyi üçün Naçxıvanda dövlət çevrilişinə cəhd oldu. 

Naxçıvanda Daxili İşlər Nazirliyi və televiziya tutuldu. Məqsəd Ulu Öndəri devirmək idi. Mən bunların hamısının canlı şahidiyəm. Əhali ağır günlərdə öz gələcək əmin-amanlığı və xoşbəxtliyi üçün Ali Soveti və Heydər Əliyevi qorudu. Sonra Gəncə hadisələri başladı. Vəziyyət o qədər ağırlaşdı ki, hakimiyyətdə olan Xalq Cəbhəsi özünü itirdi. Artıq ölkə idarə olunmurdu. Əslində küçə eyforiyası ilə hakimiyyətə yiyələnən bir qüvvədən dövlət idarəçiliyi gözləmək yersiz idi. Onların sonu başqa cür ola bilməzdi”.

Millət vəkili bəyan edib ki, xalq tarix zərurətdən dolayı ayağa qalxaraq Ulu Öndəri hakimiyyətə gətirdi: 

"Xalqın tələbi çox təbii idi. Hələ sovet dövründə, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra geridə qalan Azərbaycan qısa zaman sonra ən qabaqcıl dövlətə çevrildi. Keçmişdə gördüyü mühüm işlərə görə xalq Heydər Əliyevi ölkənin başında görmək istəyirdi. Hamı bilirdi ki, dövlətin və xalqın nicatı yalnızca ümummilli liderdir. 1993-cü il 9 iyunda Heydər Əliyev Azərbaycana gəldi və Gəncəyə yollandı. 

Daha sonra isə Ali Sovetin sədri və oktyabr ayında ölkə prezidenti seçildi. Həmin andan etibarən Azərbaycanın inkişafı və dirçəlişi başladı. Ülu Öndər 1994-cü ildə atəşkəsin imzalanmasına nail oldu. Əgər atəşkəs olmasaydı, ölkəni inkişaf etdirmək mümkün olmazdı. Bunun nəticəsidir ki, 1994-cü ilin sentyabrında "Əsrin Müqaviləsi” imzalandı. Müqavilədə iştirak edən 11 transmilli şirkət ancaq və ancaq Heydər Əliyevin adına və nüfuzuna görə Azərbaycana gəldilər və sənədi imzaladılar. Əks halda həmin dövrdə bunu bacarmaq mümkünsüz idi. 

Nəticə etibarı ilə yeni Azərbaycanın təməlləri qoyuldu. Heç də təsadüfi deyil ki, partiyanın adı müzakirə olunanda "Yeni Azərbaycan Partiyası”na üstünlük verdik. Ona görə ki, ölkəmizdə köhnə sovet dövründən əsər-əlamət qalmamalı idi və qalmadı da. Mən bir millət vəkili kimi bugün qüdrətli bir dövlətin vətəndaşı olmaqdan qürur duyuram”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10