2018-11-21 18:59:18   |   288 dəfə oxunub

17 yaşlı qəzetin baş redaktoru: "Keçilən yol qürurvericidir" - Müsahibə



" "Xalq Cəbhəsi" qəzetinin bu günə qədər ayaqda durması və nəşrə davam etməsinin özü belə əslində böyük uğurdur".

Bunu "Sherg.az"a bu gün 17-ci il dönümünü qeyd edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib. 

Qəzetin keçdiyi bu uzun yola nəzər salan baş yazar qeyd edib ki, keçilən yol qürurlu bir yoldur:

"Bu yolun hər adddımında həmkarlarımın və ya dəyərli komandanın əməyi var. "Xalq Cəbhəsi" Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli maraqlarından çıxış edir. Bizim qəzetdə milli maraqlar bütün korporativ maraqlardan üstün tutularaq hər zamaan ön planda dayanıb. Peşə etkası və qaydalarını qoruyub saxlamağa çalışmışıq. Təbii ki, bundan sonra da belə olacaq. Proseslərin önündə olmağa cəhd göstərmişik. Cəmiyyətimizdəki ağrılı proseslər zamanı və ya Azərbaycana qarşı həyata keçirilən "qara-piar" kampaniyaları ərəfəsində çalışmışıq ki, ölkəmizə olan düşmən münasibətə qarşı öz mövqeyimizi sərgiləyək. Əlbəttə, bütün bunlar vacib amillərdir. Eyni zamanda dövlət də Azərbaycan mediasına dəstəyini əsirgəmir. Ölkəmizdə çap mediası Azərbaycan dövlətinin mətbuata göstərdiyi dəstək nəticəsində ayaqüstədir.

-Belə bir düşüncə, yanaşma var ki, hər qəzet öz baş redaktoruna oxşayır...

-Hər bir insanda olduğu kimi kimi hər bir KİV orqanının da öz xarakteri var. Qənaətimə görə, "Xalq Cəhbəsi" qəzetinin obrazı milli maraqlar üçün öz qətiyyətini nümayiş etdirməyi bacaran obrazdır. Milli maraqlar və milli dəyərlər bizim üçün həmişə prioritetdir. Bu prioritet bizi "Şərq" qəzeti ilə də birləşdirir. Bizm oxşar cəhətlərimiz də çoxdur. Bu mənada düşünürəm ki, keçdiyimiz yol çox şərəfli yoldur və qürürvericidir. Baxın, təmizlik, saflıq, sədaqət, sadiqlik bu qəzetin mayasında süzülüb gəlir. "Xalq Cəbhəsi" qəzetindən ayrılıb başqa müəssisələrdə çalışan insanlar bu günə qədər bizimlə 
münasibətlərini ən yüksək səviyyədə saxlayırlar. Hesab edirəm ki, bunun özü də çox önəmli bir faktdır.

-"Xalq Cəbhəsi" qəzetini digər media quruluşlarından fərqləndirən cəhətlər hansılardır ?

- Fəaliyyətdə olduğumuz gündən bizim qəzetdə analitik yazılara çox üstünlük verilir. Bu, bizim üçün böyük önəm kəsb edir. Azərbaycan tarixi , mədəniyyəti ilə bağlı fundamental yazılara , araşdırmalara daha geniş yer veririk. Güney Azərbaycan məsələsi bizm üçün prioritetdir. Bu, həmişə belə olub, belə də olacaq. "Xalq Cəbhəsi" fəaliyyətə başladığı ilk gündən Güney Azərbaycan məsələsinə ayrıca bir səhifə ayırıb. Mütəmadi olaraq oradakı soydaşlarımızın problemləri və mədəni həyatları ilə bağlı məlumatlar veririk. Bu xətt "Xalq Cəbhəsi" üçün prioritet olub və bu gün də bu prioritet öz yerini qoruyub saxlamaqda davam edir. Biz ənənələrə sadiq qalan mətbuat orqanıyıq. Əlbəttə, fərqli cəhətlərimizlə yanaşı oxşar tərəflərimiz də var. Hər bir şəxsin, insanın özünəməxsus bir çaları, obrazı olduğu kimi, qəzetlərin də özünəməxsus çaları, obrazı var. Qəzetlər həmçinin orada çalışan insanlara bənzəyirlər. Söhbət fərd olaraq məndən deyil, bütün kollektivdən gedir.

- Son zamanlar kassik mətbuatın öz yerini internet mediaya verməsilə bağlı iddialar dolaşır. Hətta bəziləri bir az da önə gedərək saytların qəzetləri sıradan çıxardığını bəyan edir. Sizcə, doğrudanmı qəzet erası bitib və qəzetlər artıq yerini saytlara verib ?

- Ümumiyyətlə, belə bir fikrin formalaşması və ya formalaşdırılması arzuolunan deyil. Çap mediası çökəcəksə, sayt rəhbərləri bundan nə qazanacaqlar ? Hər kəs öz işi ilə məşğul olmalı, öz yolu ilə getməlidir ? Hər hansı bir bir media quruluşunun rəhbəri digər mətbuat orqanının sıradan çıxmasına sevinməməlidir. Bu, etik və mənəvi baxımdan doğru yanaşma deyil. Düşünürəm ki, çap mediası öz yerini itirməyəcək. Əksinə elə zaman gələcək ki, klassik media öz mövqeyini daha da gücləndirəcək. Çap mediası arxivdir, tarixdir,. Bu tarix qorunub saxlanılır. Saytlarda bu imkanlar var ki, istənilən məlumatı redaktə edib dəyişmək olur. Çap mediasında isə belə imkanlar yoxdur. Çap mətbuatının məsuliyyəti də elektron medianın məsuliyyətindən böyükdür. Qəzet tirajlandısa, bitdi. Çap olunan hər sözə görə, cavab verməlisən. Bu məsuliyyət elektron mediada yoxdur. Digər yandan çap mediasında olan ənənəvi institutlar bu günə qədər özlərini qoruyub saxlayırlar.

Başda Akif Aşırlı olmaqla "Şərq" qəzetinin kollektivi "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylini və bu qəzetin kollektivini 17-ci il dönümləri münasibəti ilə təbrik edir, "Xalq Cəbhəsi"nə uzunömürlü bir yol, şərəfli fəaliyyələrində bol və tükənməz uğurlar arzulayır.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-10