2018-11-21 19:42:50   |   134 dəfə oxunub

"Azərbaycan və Belarus arasındakı mühüm sazişlər Ermənistana zərbədir” - Professor



"Azərbaycan və Belarus arasında imzalanan mühüm sazişlər, xüsusən yeni silah alınması ilə bağlı əldə edilən razılaşmalar birmənalı şəkildə işğalçı Ermənistana zərbədir”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Ekspert bildirib ki, Belarus KTMT daxilində Ermənistana arxasını çevirib: 

"Rəsmi Minsk yaxşı başa düşür ki, Azərbaycanla əməkdaşlıq etmək və müxtəlif sahələrdə əlaqələri gücləndirmək yoxsul Ermənistanla müttəfiq olmaqdan daha faydalıdır. Ümumiyyətlə, başqalarının yardımına möhtac olan Ermənistanla münasibət qurmaq heç bir dövlət üçün səmərəli deyil. Belarus mövqeyini açıq-aşkar düşmən ölkəyə hiss etdirdiyi üçün İrəvan təşvişə düşüb. Ermənistanı narahat edən ən mühüm məqam Belarusun Azərbaycana yeni silahlar satmasıdır. İrəvan hökuməti Belarusun bu addımını Ermənistan üçün təhdid hesab edir”.

Professorun sözlərinə görə, Azərbaycan-Belarus münasibətləri hərtərəfli inkişaf etməkdədir: 

"Şübhə yox ki, ikitərəfli əlaqələr bundan sonra yüksələn xətt üzrə gedəcək. Hər iki dövlət bunda maraqlıdır. Ermənistanın qane olub-olmaması heç bir rol oynamır. Düşmən ölkə anlamalıdır ki, onların bütün ölkələrlə normal münasibət qurmasının yeganə yolu işğal etdikləri Azərbaycan torpaqlarını azad etməkdir. Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, özünü normal və sivil bir dövlət kimi apararsa, üzləşdiyi problemlərdən xilas olar. Əks halda İrəvan hökuməti düşdüyü siyasi və iqtisadi dalandan çıxa bilməyəcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, Belarusun Azərbaycana silah satması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının maraqlarına və əməkdaşlıq ruhuna ziddir. İrəvanın milli maraqlar məsələsində susmaq niyyətində olmadığını deyən Paşinyna bildirib ki, KTMT-nin bəzi üzvləri öz müttəfiqlik öhdəliklərinə əməl etmir.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11