2018-11-23 12:15:14   |   209 dəfə oxunub

"Bütün maraqlı məşhurları parodiya etmişik, bitmək üzrədir"

Müşfiq Abbasov: "Şou-biznesimiz o qədər aşağı səviyyəyə enib ki, nə yeni kimsə ortaya çıxır, nə maraqlı performans görmək olur, nə də diqqət çəkəcək mahnılar var"

"Fəlakət"gil, "Bozbaş Pikçers" çəkdikləri Azərbaycandan kənara çıxa bilsin deyə arzum ola bilər. Obrazlarını dəyişsələr, pis olmaz




"Bu şəhərdə"nin oğlanları bu şəhərdə ilk addımlarını atmağa başladılar. İllər ötdü, «Bu şəhərdə»nin maraqlı oğlanlarının uğurları böyük, auditoriyaları geniş oldu. Hər çıxışları uzun müddət müzakirələrə səbəb oldu, hər konsertləri anşlaqla ötüşdü. Beləcə bu sahədə rəqabətsiz görünə bildilər. «Bu şəhərdə»nin senaristi Müşfiq Abbasovla növbəti dəfə həmsöhbət olduq. Maraqlı fikirləri, yerli şou-bizneslə bağlı fərqli düşüncələrini dilə gətirdi qonağımız. Elə növbəti konsertləri ilə bağlı ilk açıqlamasını da «Şərq»dən dilə gətirdi.

- «Bu şəhərdə» növbəti konsert proqramını da başa vurdu. Təəssüratlarınız necə oldu? Özünüz-özünüzdən məmnun qala bildinizmi?

- Əslində bu konsert proqramı Sumqayıtdan başladı, sonra Bakıda, sonra Gəncədə, bu gün də Naxçıvana üz tuturuq. Yəni budəfəki turneni Azərbaycanda Naxçıvanla bağlayırıq inşallah. Sonra İrkutskiyə üz tuturuq. Dekabrın 22-si bununla da ilə yekun vurmuş oluruq. Bu günə qədər olan proqram mənə elə gəlir ki, maraqla qarşılandı. Çıxışlarımız tamaşaçını məmnun edə bildi.

- Yeni ilə yəqin ki, yeni konsert proqramı olacaq.

- Bəli, dekabrın 22-si bu ilə yekun vurub, bir neçə gün dincəlirik. Yeni ildə ailə üzvlərimizə zaman ayırmağı nəzərdə tutmuşuq. İnşallah, yeni il başlayan kimi növbəti konsertin məşqlərinə start veriləcək. Mart ayına maraqlı bir konsert proqramı nəzərdə tutmuşuq. Yeri gəlmişkən, ilk dəfə «Şərq» vasitəsilə yeni konsertin adını açıqlayıram. Bu dəfə «PılOv» adlı konsert proqramı ilə tamaşaçı qarşısına çıxmağı düşünürük. Əslində səslənəndə «Plov» olacaq. Ümid edək ki, yeni ildə tamaşaçılar üçün dəmlədiyimiz «Plov» həqiqətən maraqla həzm olunar. Mart «Plov»unu elə dəmləməliyik ki, hamının xoşuna gəlsin. Bu dəfə də turnelər nəzərdə tutulub. 8 mart ərəfəsində Bakıda baş tutacaq konsertin davamı bölgələrdə nəzərdə tutulub. Dəmlədiyimiz «Plov»un qoxusu Azərbaycanın bir neçə şəhərinə də gedib çıxacaq. Eyni zamanda budəfəki «Plov»umuz Rusiyada də dəmini tökəcək.

- Bu dəfə ekstrasens Bayramı parodiya etdiniz. Tamaşaçı reaksiyası necə oldu? Hər dəfə bir tanınmışı parodiya edirsiz, fərqli fikirlər ola bilir.

- Tamaşaçı reaksiyası əla oldu. Çox bəyəndilər. Amma bizim üçün çətin oldu. Çünki biz demək olar Azərbaycan şou-biznesində olan bütün maraqlı məşhurları parodiya etmişik, bitmək üzrədirlər. Eyni adamı ikinci dəfə parodiya etmək doğru olmaz, maraqlı alınmaz. Çox az məşhur var ki, onları iki dəfə parodiya etmək mümkün olub. Əslində Azərbaycan şou-biznesi 10 il əvvəllə müqayisədə çox zəifləyib. Hətta zəifləyib də deməyək, sönüb. Şou-biznesimiz o qədər aşağı səviyyəyə enib ki, nə yeni kimsə ortaya çıxır, nə maraqlı performans görmək olur, nə də diqqət çəkəcək mahnılar var. Əvvəlki şou-biznes yoxdu. Ona görə də bizim budəfəki konsertdə plastik əməliyyat səhnəsi vardı. Həkimə deyəndə ki, şou-biznesimiz arıqlamaq istəyir, həkim deyir ki, Azərbaycan şou-biznesi arıqlamır, cılızlaşır. Yəni getdikcə bizim şou-biznes cılızlaşır, yoxa çıxmağa başlayıb. Ola bilsin, bu dönəm bitsin, şou-biznesə ikinci dalğa gəlsin. Ən azı buna ehtiyac var.

- Əvvəlki rəqabəti necə, bu gün səhnədə görə bilir «Bu şəhərdə»nin oğlanları?

- Elə acınacaqlısı odur ki, 10 il əvvəlki rəqabət, canlanma şou-biznesdə qalmayıb. Onun adına nə deyirsiz deyin, rəqabət inkişafa apara bilir. Rəqabət yoxdu, paxıllıq var, o da məişət səviyyəsində. Əvvəllər mahnı rəqabəti hiss olunurdu, hər sənətçi fərqli performans təqdim edirdi, səhnədə iddia var idi. Bu gün bu iddianı görə bilmirik. Təbii ki, bu, üzücüdür. İndi səhnədə nə rəqabət, nə inkişaf, nə maraqlı mahnı, nə də müğənni var.

- Bu, sizin proqramın repertuarına təsir edə bilirmi?

- Böyük mənada konsertə təsir etmir. Çünki bizim proqramda sosial, ailə-məişət mövzuları da var. Sadəcə bir pərdədə şou-biznes mövzusundan istifadə edirik. Məhz o səhnəyə isə təbii ki, təsirini göstərir. Maraq yaradan nəsə olmalıdır ki, ondan istifadə edə bilək. Deyək ki, əvvəlki kimi maraqlı verilişlərimiz yoxdu. Bir-iki verilişdən başqa maraqlı nəsə tapa bilməzsən efirdə. Onları da parodiya etmişik. İndi insanlar kabel televiziyası vasitəsilə Türkiyə, Rusiya kanallarına köklənib. Yeri gəlmişkən, maraqlı yeni aparıcılar da yoxdu.

- Parodiya edirsiz, sosial mesajlar ünvanlayırsız. Son vaxtlar çəkilən kommersiya filmləri, seriallar necə, sizi qane edirmi?

- Mən seriala qətiyyən baxmıram. Heç vaxt izləməmişəm. Hətta məşhur seriallar ki var, onları da izləmirəm. Deyək ki, «Kurtlar vadisi»-filan. Dünya bu serialı izləyirdi. Yəni seriala maraq yoxdu məndə. Qaldı keyfiyyətə, bizdə indi nəsə çəkilir. Yaxşı ki, çəkilir də. Olmasa, daha acınacaqlı durum olardı. Keyfiyyəti zəifdir. Düzdür, çəkilənlərin heç biri nə Rusiya, nə Türkiyə serialları səviyyəsində deyil əfsus. Ümid edək ki, təcrübə əldə edəndən sonra bizim filmlər də xarici ölkələrin kanallarında, kinoteatrlarında maraqla izlənəcək. Yerli seriallara baxmasam da, ailədən eşitdiyim, kollektivdən duyduğumdan belə nəticəyə gəlirəm ki, son illər ərzində Azərbaycanda çəkilən bir serial maraqla qarşılanıb. Söhbət «Vicdan haqqı» serialından gedir. Onun adını daha çox eşitmişəm. Arzu edək ki, xarici ölkələrin prodakşnları nə vaxtsa bizdə çəkilən filmləri almağa maraqlı olsunlar, xaricdə filmlərimiz nümayiş edilsin.

- Sizin üslubunuzu təkrarlayanlar oldu. Misal üçün, "Fəlakət"gil, "Bozbaş Pikçers" kimi komedik komandalar bəzən sizə oxşamağa çalışırlar. Münasibətiniz necədir onlara?

- Biz 2000-ci ildə başlayanda onların hər biri ayrı-ayrı məkanlarda, kanallarda çalışırdı. Hər biri ilə salamımız olub, xətirlərini istəyirəm. Sadəcə bir məsələ var. Oxşarlığa gələndə, istər-istəməz eyni janr olduğuna görə, yəni komediya olduğu üçün hansısa elementlər özünü göstərir. Necə ki, 7 not var. Hara vursan, bir oxşarlıq tapmaq olur. Eləcə də bizim janrın da öz müəyyən elementlərini onlarda tapa bilərsiz. Münasibət yaxşıdı. Uğurlar arzulayırıq. Çəkdikləri Azərbaycandan kənara çıxa bilsin deyə arzum ola bilər. Obrazlarını dəyişsələr, pis olmaz. Dostlarımızdı, uğurlar arzu edirəm. Biz rəqabətə açığıq.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10