2018-11-29 15:34:52   |   145 dəfə oxunub

"Sənətdə təkcə həvəs yetərli deyil, məqsəd də olmalıdır"

Aqil M. Quliyev: "Türkiyə, Rusiya kinematoqrafiyasından yeri gələndə nəsə götürmək, öyrənmək lazımdır"



«Ər-arvad» maraqlı bir layihədir. Ancaq mən özüm o serialın izləyiciləri qrupuna daxil deyiləm. O ailəli, evdar insanlar üçün maraqlı gələ bilir. Gənc ailələr onu izləyir. Mənim özüm başqa seriallar çəkmək istəyirəm

Kino fərqli, eyni zamanda ciddi yaradıcılıq məhsuludur. Hər kəs kino çəkə bilməsə də, bu gün hər istəyən kino çəkməyə maraqlıdır. Bəs kino sahəsini bu qədər ucuzlaşdıran nədir? Niyə hamı özünü rejissor kimi təqdim etməyə maraqlıdır? Hər adam kino çəkə bilərmi? Suallarımıza rejissor Aqil M. Quliyev cavab verdi. Rejissorun «Şərq»ə müsahibəsi bəzi kino çəkənləri ümid edək ki, utandıra bilər.

- Həyat, həyatın çətin anları, müəyyən hadisələr insanların həyata və insanlara olan baxışını dəyişə bilir. Aqil M. Quliyevin həyata fərqli baxışı olub. Həbsxana həyatından sonra Aqil dəyişdi, həbsxana həyatı sənə nəyi öyrətdi? İnsanlara münasibətində olan dəyişikliyin səbəbi nə oldu?

- Mən deməzdim həbsxana həyatı insana nəyisə öyrədir. İnsan var ora dəfələrlə düşüb, amma həyata baxışları dəyişməyib. Sadəcə, insanın özündən, xarakterindən söhbət gedir. Yaş insanın həyata baxışına təsirini göstərə bilir.

- Kifayət qədər həyata baxışında açıq fikirli insan olub Aqil M. Quliyev.

- Əslində yenə də həyata açıq fikirli insanam. Sadəcə, əvvəllər Aqil M. Quliyev daha sadəlövh idi. İnsan müəyyən yaşa qədər həyatı fərqli görür. Hər insana inana bilirsən, hər yoldan keçənə az qala dost deyirsən, hər "qardaş" deyəni qardaş hesab edirsən. Həyat isə sənin üçün məktəb olur. İllər sənə həyatı öyrədir, müəyyən bir yaş dövründə, kifayət qədər təcrübə yığandan sonra yerini bərkidə bilir. Həyatda hər şey öz yerini tutur, bərkiyir. İllər, təcrübə sənin dünyagörüşünə təsirsiz ötüşmür. Biri «A» deyəndə sən artıq bilirsən ki, arxasınca hansı söz deyilə bilər.

- Yalnız yaşmı sənin insanlığa olan münasibətini dəyişmiş oldu, ya dəmir barmaqlıqlar da təsirsiz ötüşmədi.

- Mən bilirəm ki, mətbuat üçün Aqilin dediyi söz maraqlı ola bilər. Maraqlı başlıq çıxarmaq üçün mənim deyəcəyim hər hansı fikir səs-küylü səslənə bilər. Amma mən şəxsi həyatımı heç vaxt açıq sərgiləməyi sevməmişəm.

- Sevdiyiniz xanım haqqında da belə bir açıqlama vermisiz. «Münasibət var, hər şey yaxşıdı, sadəcə rəsmi nikahdan ehtiyat edirəm» deyə açıqlamanız müzakirələrə səbəb olub.

- Məni illərlə tanıyan insanlardan birisiz. Şəxsim mənə aiddi. Heç vaxt münasibətlərimi dilə gətirməyə maraqlı olmamışam. Sadəcə bir sual verildi, mən də cavab verdim. Bu qədəri bəs etdi məncə.

- Aqilin qadınlara olan xüsusi yanaşması da olub. İllər öncə aparıcı Kamilə ilə münasibətiniz oldu. Sonralar türk müğənnisi Rafet El Romanla adı hallandı bu xanımın. Rafet ilişgisindən danışarkən Kamiləni mətbuatın dilinə salmışdı. O zaman mənə müsahibənizdə belə bir fikir söylədiniz ki, bir kişi qadınla olan münasibətini bitirsə belə, o barədə danışmağa maraqlı olmamalıdır. Əsl kişi münasibətdə olduğu qadın haqda mənfi fikir dilə gətirməz. Bunu dilə gətirən kişi mənim üçün kişi sayılmaz.

- Elədir ki, var. Bəli, bu gün də o düşüncəylə yaşayan insanam. Mən bu gün də o fikirdəyəm ki, bir qadınla münasibətin olubsa, hələ də eşq yaşamısansa, o barədə danışmaq doğru deyil. Qadının sənə olan inamını öldürmək doğru deyil. Sənin bu gün qadında yaratdığın inamsızlıq onun sonrakı həyatını dağıda bilər. Mən filan qadınla yaşayıram deyə, nəyisə sərgiləmək kişilik deyil.

- Bizdə bir kişinin həyatında bir neçə qadının olması normal qəbul olunur, hətta belə kişilər öyünə bilirlər. Amma qadınlar bunu etsələr, əxlaqsız deyilir adlarına. Yaş sənə öyrətdimi bütün bunlar müvəqqətidir?

- Əslində kişilərin qadın-kişi münasibətlərinə yanaşması qadınlardan daha fərqli olur. Qadınlar hər kişiyə baxanda şüuraltı ata görür, uşağının atası ola biləcək düşüncəsi yarana bilir. Kişilərin isə qadınlarda axtardığı daha fərqli keyfiyyətlər, xüsusiyyətlər olur. Mən son illər, misal üçün, yalansız həyat yaşayıram. Özümü sənətə həsr etmişəm. Gün ərzində demək olar, heç olmasa, 3-4 saat sənətlə, incəsənətlə məşğul oluram, vaxtımı kinoların, serialların baxışına həsr edirəm. Yaradıcılıq işlərinə daha çox zaman ayırmağa çalışıram.

- Qeyd etdin ki, gün ərzində sənətə vaxt ayırırsan, yəqin ki, serialları müşahidə etmək, izləmək imkanı da yaranır. Bu gün çəkilən serialların keyfiyyəti, səviyyəsi rejissor Aqil M. Quliyevi qane edirmi?

- Belə bir fikir söyləyim. Əsas odur ki, çəkilir. Boşluq olsaydı, daha ağır vəziyyət yaranardı. Bir də illər əvvəl çəkilən serialların keyfiyyəti ilə indini müqayisə edin. Əvvəllər nə gündə seriallar çəkilirdi. Şükür Allaha, kifayət qədər inkişaf gedib. Həm təsvirin, həm səsin keyfiyyətində, texnoloji baxımdan, eyni zamanda ideya seçimində inkişaf var. Belə deyim də, ideya seçimi Azərbaycan ssenaristləri və rejissorları üçün ən çətin bir mövzudur. Çünki elə mövzular var ki, bu və ya digər səbəbdən onu çəkə bilməzsən, o mövzuya toxuna bilməzsən. Biz rejissorların təəssüf ki, bu gün toxuna bilmədiyi problemlər, mövzular var ki, bunlardan film, serial çəkə bilmərik. Bizim toxuna bilmədiyimiz, amma konflikt yarada bilən mövzular var ki, onları çəkmək daha maraqlı olardı. Konflikt dramaturgiyanın anasıdır. Konflikt olmayan yerdə maraq olmur. Orda sənət göstərə bilməzsən. Siz bütün reytinqi olan dünya seriallarını, eləcə də türk seriallarını izləsəniz, görərsiniz ki, orda qoyulan sosial problemlər nə qədər dramaturji xətti maraqlı edə bilib. Biz o sosial konfliktləri dilə gətirə bilmədiyimiz qədər, çəkə də bilmirik. Kişi-qadın münasibətləri ayrı bir mövzudur. Düzdür, maraqlı mövzu sayılır. Amma həyat təkcə bundan da ibarət deyil axı. Başa düşürsüz? Bəli, həyatda qadın-kişi münasibətləri var, sevgi var. Bunlar aydındı. Amma eyni zamanda peşə həyatı var. Sosial həyat var, real həyat da var. Təəssüf ki, bizdə bu kimi dramaturji yükü olan serial və filmləri nə sifariş edirlər, nə də qəbul edirlər.

- Aqilin son illər seriallar çəkməməsinin səbəblərindən biri də məhz budumu, istədiyi mövzulara rahat toxuna bilməmək...

- Bəli. Səbəblərdən biri budur. Yəqin ki, hələ vaxtı gəlib çatmayıb. Az qalıb. Gəlib çatacaq. «Ər-arvad» maraqlı bir layihədir. Ancaq mən özüm o serialın izləyiciləri qrupuna daxil deyiləm. O ailəli, evdar insanlar üçün maraqlı gələ bilir. Gənc ailələr onu izləyir. Mənim özüm başqa seriallar çəkmək istəyirəm. Gələn ilə maraqlı bir işimiz alınmalıdır. Hazırlıqlar gedir. Mənim çəkmək istədiyim seriallar, ekran işləri keyfiyyət tələb edir. Yaradıcılıqda öncə keyfiyyət önəmlidir. Mən bu baxımdan bir az məsuliyyətliyəm. Çəkirsənsə, keyfiyyətli çək. Bəlkə də mənim yaradıcılığımdakı problemlər də bundan irəli gəlir. Təkcə kommersiya tərəfi mənim üçün vacib deyil.

- Seriallarda olan aktyorlar, xüsusilə gənclər var ki, onları gələn il çəkəcəyin ekran işində görmək istəyirsən, onlara təklifin real ola bilər.

- Ad çəkməyəcəm. Amma var. Elə gənc istedadı olan akrisalar, aktyorlar var ki, təbii, marağımı çəkə biliblər. Ad çəkib kimsənin qəlbini qırmayım, kimsənin xətrinə dəyməyim. Amma onlar arasında seçimlərimi demək olar etmişəm. Çəkiliş meydançasında mənimlə kimlər çəkilərsə, onlara üstünlük verdiyimi göstərmiş olaram.

- Qeyd etdiniz ki, senari serial, film üçün vacib amildir. Bizdə çəkilən seriallar, senarilər sanki bir-birini təkrarlayır. Onda seçəcəyin senari də, senarist də fərqli olacaq. Elə toxunacağın mövzu da standart olmayacaq. Təbii ki, rejissor öz baxışına, öz dünygörüşünə yaxın əsərlər yaratmaq istəyir. Mən həyatı necə görürəmsə, bu mənim ekran işimdə özünü büruzə verməlidir. Məni maraqlandıran ayrı mövzulardı. İnşallah, tamaşaçı bunu çəkdiyim ekran işində görə biləcək.

- Aqil özü çəkdiyi ekran işində, serialda görünəcəkmi?

- Ola bilsin ki, xırda bir epizodda, ani bir məqamda görünə bildim. Çünki kamera qarşısında olmaq məsuliyyətlidir. Eyni vaxtda həm kameranı idarə etmək, həm rejissor olmaq, həm də aktyor kimi çəkilmək çətindir. Görünmək başqadır, səsini səsləndirmək başqadır, amma oynamaq tam başqadır. Baş rolu oynamaq məsuliyyətini dərk etmək lazımdı. Eyni vaxtda həm kamera arxasında, həm də kamera qarşısında olmaq o qədər rahat deyil. Nə qədər peşəkar olsan da çətindir. Keyfiyyəti itirməmək üçün bu məqamları diqqətdə saxlamaq lazımdı.

- Türk seriallarını daha çox izləyirik. Bizimkilər də son vaxtlar ora dəvət olunur, çəkilənlər olur. Kənan M.M də getdi, türk serialında çəkildi, filan...

- Təəssüf ki, heç kim də bundan çox yazmadı. Bu acınacaqlıdır, ağır gəlir insana.

- Səncə, bu həm də Kənanın mətbuata qarşı aqressiv münasibətindən qaynaqlanmır? Axı Kənan bir zamanlar bu qədər tanınmayanda mətbuata münasibəti belə deyildi. Sanki məşhurlaşdıqca mətbuatı cılız görməyə başladı. Sən Kənana qədər artıq məşhur idin. Amma mətbuata bəlli bir yanaşman olub, onu itirməmisən. Mətbuatda da peşəkar, qeyri-peşəkar jurnalistlər var. Necə ki, rejissorlar arasında peşəkarlar qədər qeyri-peşəkarlar da fəaliyyətini dayandırmır, eləcə də bizdə. Mətbuatı bu qədər cılız görmək yanlış seçim deyilmi?

- Bəlkə də haqlısız. Əslində bir söz deyim, yəqin razılaşarsız. Mediadan mənə dəyən zərbə qədər heç bir rejissora dəyməyib. Mənim qədər heç kimi tənqid etməyiblər, mənim qədər mətbuatda vurulan rejissor olmayıb. Amma mənim mətbuata bəlli bir münasibətim olub. Ola bilər Kənanın mətbuata münasibətindən irəli gələrək mətbuat da ona laqeydliyini sərgiləmiş oldu. Ola bilər. Qaldı bizimkilərin Türkiyəyə və ya başqa ölkəyə gedib təcrübə qazanmağına, bunu yalnız alqışlamaq olar. İstər Rusiya, istər Türkiyə kinosundan bu gün nəsə öyrənmək yaxşı olar. Kino bir indüstriyadır. Sənətdə təkcə həvəs yetərli deyil. Bir məqsəd də olmalıdır. Türkiyə, Rusiya kinematoqrafiyasından yeri gələndə nəsə götürmək, öyrənmək lazımdır. Biz bu sahədə inkişaf etmək istəyiriksə, təcrübə toplamalıyıq. Sovet dönəmində Azərbaycan kinosunda çəkilən filmlər əslində sovetlər birliyinin kino indüstriyasının məhsulları sayılır. Təbii ki, rus məktəbindən bəhrələnmək olar. Amma bu gün müstəqil kino indüstriyasını da yaratmaq lazımdır. Kino istehsalatdır. Keyfiyyətli iş ortaya qoymaq üçün yaradıcı yanaşma olmalıdır. Necə ki, bina tikəndə bünövrəsini möhkəm qoydunsa uzunömürlü olur, elə-belə tikdinsə, tez dağılır. Bilirsiz, ya kommersiya maraqları üçün film çəkirsən, çəkdim 5 manat qazandım, deyə çəkiliş meydançasına daxil olursan. Ya da sənət adına iş ortaya qoymaq məqsədin olur. Sən 20 il sonra üçün film çəkirsən. Bu sənətdir. Amma pul qazanmaq üçün nə isə çəkim deyə qala gecəsi keçirmək yaradıcılıq deyil. Bu gün bəzi kino çəkənlərin bir məqsədi olur. Deyək ki, kino çəkim ki, ipotekamı bağlayım, ev alım, maşın sürüm. Bir də var kino çəkmək. Sənin böyük məqsədlərin olur. Sənin yaradıcı insan kimi iddian olur. Bu başqa məqsəddir. Sən sənətə qulluq edirsən.

- Aqil o məqsədə qulluq edənlər sırasındadır?

- Həmişə. Həmişə o məqsədə qulluq etmişəm. Kinodan gələn pula möhtac olum deyə, çəkiliş meydançasına getmək doğru deyil. Burda sənət ola bilməz. Kinoya verilən pul kinoya xərclənməlidir. Daha sonra qonorar və digər maraqlar nəzərə alınmalıdır. Əvvəl keyfiyyətli iş görməlisən. Sən pul qazanmaq üçün nəsə çəkirsənsə, sənin qala gecənə də insanlar gəlməyəcəksə, incimək də lazım deyil. Sən pul qazanmaq istəyirsənsə, çək, 5 manatını qazan. Demə sənət, yaradıcılq işi. Bunlardan danışma. Sən bu işi pul qazanmaq naminə görmüsən, Allah cansağlığı versin. İstəsəm pul verib bilet alaram, gedib baxaram. Kommersiya məqsədilə film çəkmisənsə, bunu danmaq lazım deyil. Yekə-yekə də sənət naminə danışmaq yanlışdır. Sən pul qazanmaq üçün iş görmüsən. Amma bu o demək deyil ki, sən yaxşı rejissorsan. Rejissor olmaq hər adamın işi deyil.

Tahirə Məmmədqızı








SON XƏBƏRLƏR

2018-12-10