2018-12-04 12:16:29   |   126 dəfə oxunub

"Parlament seçkiləri Gürcüstanın taleyini həll edəcək" - MÜSAHİBƏ

Azər Rəşidoğlu: "Bu ölkədə artıq “narıncı inqilab” resursu tükənib və proseslərin küçə və meydanlarda deyil, seçki məntəqələrində həll ediləcəyi ehtimalı daha böyükdür"

"Salome Zurabişvili Rusiyapərəst siyasətçi deyil. O, Saakaşvilinin qadın formasıdır"







Gürcüstanda prezident seçkisi başa çatsa da, siyasi qruplar arasında gərginlik davam etməkdədir. Gürcü müxalifəti seçkinin nəticəsini, daha doğrusu, "Gürcü Arzusu”nun dəstəklədiyi Salome Zurabişvilini prezident kimi tanımaqdan imtina edib. Müxalifətin mənəvi lideri sayılan Mixail Saakaşvili isə Gürcüstanın artıq prezidenti olmadığını deyib və əhalini dinc itaətsizliyə çağırıb. Eks-prezident hökuməti təcili növbədənkənar parlament seçkisinə məcbur etməyə səsləyib: "Təslim olmayın və səslərinizi qoruyun. Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi fiziki olaraq yanınıza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”. Vahid Milli Hərəkat Partiyasından olan deputat Georgi Vaşadze isə seçkinin saxtakarlıq, təzyiq və şantajla baş tutduğunu iddia edib: 

"Biz hakimiyyətin xalqa məxsus olması üçün, demokratik Gürcüstan xalqı üçün mübarizə aparırıq”. Müxalif "Güc birlikdədir” koalisiyası seçkinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcək. Bu barədə Tiflisdə kütləvi aksiyada çıxış edən prezidentliyə sabiq namizəd Qriqol Vaşadze deyib. 

O bildirib ki, qanun çərçivəsində hökumətə son qoyulacaq: 

"Noyabrın 28-də keçirilmiş seçki seçki olmadı. Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu”. Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib: "Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.

Seçkidən sonra yaranmış qeyri-stabil vəziyyətlə bağlı "Şərq”in suallarını cavablandıran politoloq Azər Rəşidoğlunun fikrincə, əslində gürcü xalqı ölkənin yenidən qarışmaması üçün Salome Zurabişvilinin xeyrinə seçim edib.

- Seçkinin nəticəsi ilə bağlı müxtəlif dəyərləndirmələr var. Salome Zurabişvilinin 60 faiz səslə prezident seçilməsini necə şərh edərdiz?

- Gürcülər qarşıdurmalardan və qandan boğaza yığılıblar. Qriqol Vaşadzenin qələbəsi sabiq prezident Saakaşvilinin Tiflisə qayıdışına səbəb ola bilərdi. Mixail Saakaşvilinin üstünlüklərinə baxmayaraq, onun avantürist siyasəti qarşıdurma deməkdir. Vətəndaşlar Zurabişviliyə səs verməklə, əslində, sabitlik tərəfdarı olduqlarını bildirdilər. Digər tərəfdən, Saakaşvili ölkəyə qayıtsaydı, yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Gürcülər isə Rusiyaya ticarət tərəfdaşı kimi baxırlar və bu səbəbdən ruslarla yeni savaş istəmirlər. Bu baxımdan, Rusiya-Ukrayna qarşıdurması Vaşadzenin ziyanına işlədi. Gürcülər növbəti Rusiya-Ukrayna müharibəsinin Gürcüstanla da baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin Rusiyaya qarşı açıq savaş həvəsini məhv edib. Ona görə də ikinci turda Zurabişvili daha rahat qələbə qazandı. Hakimiyyətin vətəndaşların banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi də öz nəticəsini verdi və sadə seçici hakimiyyətə səs verdi.

- Seçki Qərb-Rusiya arasında mübarizə kimi dəyərləndirilir. Daha doğrusu, Zurabişvili ruspərəst, Vaşadze isə qərbyönlü siyasətçi kimi təqdim edilir. Yeni prezidenti necə xarakterizə etmək olar?

- Salome Zurabişvili Rusiyapərəst siyasətçi deyil. O, Saakaşvilinin qadın formasıdır. Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas missiyasından biri danışıq prosesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir. Seçkilər bitən kimi Zurabişvili Kreml əleyhinə bəyanatla çıxış etdi: "Rusiya özünü indiki kimi apardıqca, bizim əməkdaşlığa gedə biləcəyimizi düşünmürəm”. Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, onlar da kənarda qalmayacaq. Zurabişvili faktiki olaraq, şəxsi rəqibi Saakaşvili üzərində qələbə qazandı.

- Prezidentin səlahiyyətlərinin az olmasına və ölkəni baş nazirin idarə etməsinə rəğmən, post uğrunda gərgin mübarizənin getməsi nəylə bağlıdır?

- Qarşıdan parlament seçkiləri gəlir və ehtimal etmək olar ki, müxalifət indiki məğlubiyyətin əvəzini məhz bu seçkilərdə çıxmağa çalışacaq. Təbii ki, burada Zurabişvilinin rolu böyük olacaq. Prezident daxili siyasi proseslərdə tənzimləyici rol oynayır. Salome Zurabişvilinin qələbəsinin Gürcüstan siyasi sisteminin qurulmasına təsirinə gəlincə, hər şeyin baş nazir və prezident əlaqələrindən asılı olacağını ehtimal edə bilərik.

- Mixail Saakaşvili müxalifləri və seçkidən narazıları etiraza səsləyib. İndiki halda müxalifətin etiraz aksiyaları nəyisə dəyişəcəkmi? Saakaşvilinin Gürcüstana qayıdışı mümkündürmü?

- Həm müxalifət, həm də hakimiyyət seçkilərdən sonra parlament seçkilərinə hazırlaşacaq. Məhz parlament seçkiləri Gürcüstanın taleyini həll edəcək. Gürcüstanda artıq "narıncı inqilab” resursu tükənib və proseslərin küçə və meydanlarda deyil, seçki məntəqələrində həll ediləcəyi ehtimalı daha böyükdür. Lakin gürcülər qeyri-standart gedişləri sevirlər və nələrin yaşanacağını indidən söyləmək çətindir. Şəxsən Saakaşvili rahatdır, tapşırıqlarını Qərbdən verir, Vaşadze üçün isə qərar vermək çətindir. Hakimiyyətlə qanlı qarşıdurma onun özünün sonunu gətirə bilər.

- Soydaşlarımızın əksəriyyətinin Vaşadzeyə səs verdiyi bəlli idi. Zurabişvilidən sonra Gürcüstan azərbaycanlıları ilə, yaxud Tbilisi-Bakı münasibətlərində pozitiv və ya neqativ dəyişiklik ola bilərmi?

- Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına uyğun gəlmir. Gürcüstandan strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tbilisi-Qars) keçir. Zurabişvili seçki təbliğatı zamanı Türkiyə əleyhinə fikirlər səsləndirib və Cavaxetiya ermənilərinin hərəkətlərinə bəraət qazandırıb. Zurabişvili ermənilərə vəd verib ki, "Saakaşvilinin vaxtında sizə vətəndaşlıq vermirdilər, mən gəlib bu məsələni həll edəcəm”. Elə buna görə də Gürcüstanda yaşayan azərbaycanlılar seçkidə ona az səs verib.

Bütün bunlara baxmayaraq, Zurabişvilinin qələbəsi Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi təsir göstərməyəcək. Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10