2018-12-05 19:36:04   |   166 dəfə oxunub

"Manatın ucuzlaşması ilə orta sinif turistləri cəlb edə bilmişik" - AÇIQLAMA



"Makroiqtisadi tarazlığın qorunnası halında milli valyutanın ucuzlaşmasına, yəni optimallaşmasına gedən yol zamanla ixrac potensialını artırır və yerli istehsala nəfəs verir”.

Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib.

İqtisadçı bildirib ki, əgər makroiqtisadi tarazlıq pozularsa və bu halda milli valyutanın ucuzlaşmasına gedilərsə, problemlər daha da artar. 
O zaman istehsal prosesinin gücü olmur. Nəticədə iqtisadiyyat axsayır və bir-birinə zəncirvari bağlı olan proseslər pozulur: 

"İndiki vəziyyətdə manatın məzənnəsi ən yaxşı səviyyədə müəyyənləşib. Əgər makroiqtisadi tarazlığını qoruyub saxlaya bilsək, Azərbaycanın qeyri-neft sektorunun püxtələşməsinə çox böyük şərait yaranacaq. Fikir verirsiz, son illər ərzində Azərbaycanda turizm inkişaf edib və ölkəmizə gələn turislərin sayı artır. Düzdür, çoxlarımız Azərbaycana ərəblərin, rusların axın etməsini pisləyirik, bəyənmirik. Sosial şəbəkədə bununla bağlı narazılıqlar var idi. Amma xarici ölkə vətəndaşlarının kütləvi şəkildə Azərbaycana üz tutması istənilən halda faydalıdır. Bizim turizm infrastrukturumuz 2002-ci ildən etibarən daim dinamik inkişaf edir. 

Turistlər üçün hər cür şərait yaradılıb. Ancaq indiki səviyyədə aktivlik olmayıb. Biz manatın ucuzlaşması ilə orta sinif turistləri cəlb edə bilmişik. Mən xarici səfərlərdən Bakıya qayıdanda təəccüblənirəm. Moskva, Ukrayna, Türkiyə reyslərində adətən azərbaycanlıların üstünlük təşkil etdiyini görürdüm. Ancaq bu dəfə əcnəbilər daha çoxdur. 

Demək olar ki, təyyarədə 6-7 azərbaycanlı olursa, qalanları xarici vətəndaşlardır. Onlarla söhbət zamanı aydın olur ki, Azərbaycan qiymət baxımından daha əlverişlidir. Çünki xidmətlərin qiyməti elə də yüksək səviyyədə deyil. Turistlər dolları, avronu milli valyuta ilə dəyişdikdə kifayət qədər manat əldə edirlər. Bu da onlar üçün sərfəlidir. Azərbaycanı cazibədar edən məqam budur”.

Ekspert xatırladıb ki, bizdə manatın ucuzlaşması prosesi sağlam şəkildə aparılmadı məcburiyyət qarşısında devalvasiyaya getdik:

"Manatın məzənnəsini saxlamaq mümkün olmurdu, ehtiyat fondumuz azalırdı. Bununla bağlı müxtəlif fikirlər gəzsə də, başqa cür addım atmaq olmazdı. Artıq makroiqtisadi tarazlığımızı mərhələli şəkildə bərpa edirik. Əgər bunu qoruyub saxlaya bilsək, ölkəmiz üçün daha yaxşı olar. İndiki halda manatın güclənməsinə ehtiyac yoxdur, çünki güclənmə ixrac potensialını geri çəkəcək və istehsalı azaldacaq”.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov manatın məzənnəsi ilə bağlı açıqlama verib. Nazir bildirib ki, manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir: "Manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək. Manatın kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

İsmayıl












SON XƏBƏRLƏR

2018-12-10