2018-12-06 11:38:29   |   97 dəfə oxunub

"Lazarev klubu"nun üzvləri Rusiya ictimai-siyasi mühitində çəkisi olmayan insanlardır"



Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib. Azərbaycan XİN bu təşəbbüsü pisləyib və belə görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.

Siyasi elmlər namizədi Zaur Məmmədovun "Sherg.az”a açıqlamasına görə, "Lazarev klubu"nun tərkibi açıq aşkar erməni diasporu tərəfindən maliyyələşdirilən və anti- Azərbaycan istiqaməti yeridən şəxslərdən ibarətdir: 

"Zatulinin kim olduğu da, hansı mənsəbə qulluq etdiyi də bizə bəllidir. O Rusiyanın yox, erməni maraqlarının Moskvadakı əsas müdafiəçisidir. Onun bütün çıxışları siyasi etikadan kənar və anti -Azərbaycan xarakteri daşıyır. Onun hansı ölkələrdə hansı sərvətlərə sahib olduğu, bu maliyyənin qaynağı da sirr deyil. "Lazarev klubunun” üzvü olan şəxslər rus ictimai -siyasi mühitində heç bir çəkisi olmayan insanlardır. Onların dediyi heç bir söz rus ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. Deputat həmkarları da, digər siyasətçilər də bu insanların arxasında hansı maraqların dayandığını bilir və onların bəyanatlarını obyektiv çıxış kimi qəbul etmirlər. Daha açıq desək, Zatulin, Kazimirov, Yevseyev kimilərin hansı yuvanın quşu olduğu Rusiyada, Azərbaycanda və eləcədə də beynəlxalq arenada hər kəsə bəllidir. Ona görə də, bu kulubda səsləndirilən fikirlərin bizim üçün heç bir siyasi əhəmiyyəti yoxdur.

Erməni lobbisi dünyanın bir çox ölkələrində Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, Qarabağ problemi ilə bağlı yanlış informasiyaların yayılmasına cəhd göstərir. Lakin 1990-cı illərdən fərqli olaraq, dünya ictimaiyyəti onların bu yalanlarına inanmır. Azərbaycanın yeritdiyi düzgün siyasət nəticəsində düşmənlərimiz ifşa olunub. Ermənistanın ayrı- ayrı ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərində onların işğalçılıq siyasəti tənqid olunub”.

Şəymən






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10