2018-12-06 11:48:42   |   83 dəfə oxunub

Regionda təsir gücümüz artır

Azərbaycan NATO üzvlərinin silah embarqosunu yardı

"Silah satan ölkələr öz mənfəətləri naminə Azərbaycanın maraqlarını da müdafiə edəcəklər"



"Azərbaycan NATO-ya üzv dövlətlərin, xüsusilə Qərb dünyasının 25 ildir Qarabağ münaqişəsindən dolayı tətbiq etdiyi silah embarqosunu yardı”. 

Bunu "Şərq”ə açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, bunu həm Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərlə, həm də dünyada silah ticarətinin inkişaf etməsi və bazar uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirmək olar: "Qərbin silah sanksiyalarına rəğmən, ölkəmizə silah satması, yeni hərbi-texniki müqavilələr bağlaması, ölkəmizin regionda təsirinin artmasına gətirəcək. Artıq Qərb ölkələri erməni lobbisinin səylərinə baxmayaraq, Qarabağ münaqişəsinə görə, öz ticari gəlirini əldən vermək istəmir. 

Bu gün dünya miqyasında Azərbaycan öz silah arsenalını genişləndirmək, yeni alıcılar əldə etmək üçün ön yerlərdən birini tutur. Bu, Qərb ölkələrinin, xüsusi ilə Çexiya, Fransa kimi əsas silah ixracatçısı ölkələrin nəzərindən yayınmır. Həmin ölkələr silah satışı həyata keçirməklə paralel ölkəmizin siyasi şərtləri ilə də hesablaşırlar. İtaliya və Çexiya ölkəmizə hərbi texnikalar satıb. Bunun ardınca Fransa ölkəmizə zenit raket kompleksləri satmağı planlaşdırıb. Sırada Böyük Britaniya var. İngiltərə və ABŞ-la hərbi-texniki əməkdaşlıq üzrə danışıqlar gedir. 

Amerika özü Azərbaycana silah satmağı təklif edib. Hətta bir neçə hərbi təyinatlı helikopterlər Pentaqondan alınıb”. 

Ekspertin fikrincə, Qərb ölkələri ABŞ-ın göstərişi olmadan Azərbaycana silah sata bilməzdilər: 

"Ölkəmiz Qərbin silah embarqosunu yarmaqla, Ermənistan üzərində tam üstünlüyü əldə edəcək. Silah satan ölkələr öz mənfəətləri naminə Azərbaycanın maraqlarını da müdafiə edəcəklər. Bundan əlavə, ölkəmiz NATO dövlətləri ilə hərbi-texniki əməkdaşlıq etməklə, Kremldən silah aslılığına son qoyacaq. Azərbaycanın maliyyə imkanları, bu ölkələrdən silah almağa kifayət qədər genişdir. 

Qafqaz regionunda Azərbaycanın silahlanması, gələcək perspektivdə müdafiə qabiliyyətinin yüksəlməsinə gətirəcək. Amma Qərb çalışacaq ki, Ermənistanla müharibə alovlanmasın, ona görə də bu ölkəyə işğal olunmuş əraziləri boşaltmaq üçün təzyiq edəcək. Hazırda ABŞ başda olmaqla, Qərb ölkələri Ermənistanın yeni rəhbərliyindən bunu tələb edir. 

Azərbaycanın silahlanması Ermənistanı masa arxasına keçməyə, münaqişədə kompromisə gəlməyə məcbur edəcək. Ermənistan nə qədər çalışsa da, Qərbdən maliyyə cəhətdən silah almağa imkanı yoxdur. Onu da nəzərə alaq ki, ABŞ-ın əsas pioritetlərindən biri Cənubi Qafqazdır. Fikrimcə, yaxın zamanda regionumuzda baş verənlər həlledici mərhələyə qədəm qoyacaq. Azərbaycana öz ərazilərini işğaldan azad etmək üçün unikal şərait yaranacaq. Qərb də bu işdə bizi dəstəkləyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10