2018-12-06 11:52:43   |   110 dəfə oxunub

Surqut aeroportuna Fərman Salmanovun adının verilməsi böyük uğurdur

"Ölkəmizi ən gözəl şəkildə tanıtmağın və imicini yüksəltməyin yolu böyük alimlərimizin adlarını başqa ölkələrdə əbədiləşdirməkdir"


Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən "Rusiyanın böyük adları” müsabiqəsilə bağlı səsvermə yekunlaşıb. 5 milyondan çox insanın iştirak etdiyi səsvermədə Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib. Görkəmli neftçi, mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuş Fərman Salmanovun böyük elmi xidmətləri olub. Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub.

 Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olub. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən alim Ust-Balık ekspedisiyasının baş geoloqu, Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi və s. vəzifələrində çalışıb. 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olub. 2002-ci ildən isə "İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də "Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri işləyib. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxıb. 

Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə köməklik göstərib. Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf edib. Fərman Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilib, müstəqil Azərbaycanın ali mükafatına - "Şöhrət” ordeninə layiq görülüb. 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat edib.

Təbii olaraq Azərbaycan ictimaiyyəti öz alimləri ilə hər zaman fəxr edib. Hesab edilir ki, müxtəlif istiqamətdə fəaliyyət göstərmiş görkəmli alimlərimizin adlarının xarici ölkələrdə müxtəlif obyektlərə verilməsi, adlarına küçə və park olması, abidələrinin ucaldılması qürurverici olmaqla yanaşı, həm də Azərbaycanın təbliğatı baxımından çox önəmlidir.

Cəmiyyət tərəfindən məmnunluqla qarşılanan hadisə ilə bağlı "Şərq”ə danışan iqtisad elmləri doktoru, sosioloq-alim, "Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu bunun çox əhəmiyyətli məsələ olduğunu deyib. Professorun fikrincə, həqiqi Azərbaycan alimlərinin adlarının dünyanın müxtəlif ölkələrində əbədiləşməsi müsbət haldır: "Ancaq bu məsələ hər alim üçün keçərli deyil. 

Ola bilər, hansısa elm adamının yaxın qohumu yüksək vəzifədədir, səlahiyyət sahibidir. Bundan istifadə edərək öz qohumunun abidəsini qoya, hansısa küçəyə, parka adını verə bilər. Ancaq bir müddət sonra həmin bölgənin insanları o alimin kimliyini araşdırmağa başlayacaqlar. Əgər sanballı alim olmadığına, fərqli iş görmədiyinə qərar versələr, abidəni sökəcəklər. O zaman Azərbaycan haqqında xoş olmayan fikirlər formalaşacaq. Halbuki dünya səviyyəli elə alimlərimiz var ki, onların adı, xatirəsi hansı ölkədə əbədiləşdirilsə, bizim üçün ancaq faydalı olar. İndi internet əsridir, adamlar araşdırıb görsələr ki, həmin alim qlobal səviyyəli işlər görüb, ona böyük hörmətlə yanaşacaqlar. Bu da Azərbaycanın nüfuzunu artıracaq. Hesab edirəm ki, ölkəmizi ən gözəl şəkildə tanıtmağın və imicini yüksəltməyin yolu böyük alimlərimizin adlarını başqa ölkələrdə əbədiləşdirməkdir. Bu, indiki vaxtda bizə çox lazımdır. Çünki düşmənlərimiz hər zaman xarici ölkələrdə Azərbaycanın neqativ obrazını yaratmağa çalışıblar. Əcnəbilər biləndə ki, Azərbaycandan böyük alimlər çıxıb, o zaman xalqımıza rəğbət və hörmətləri yaranacaq”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, adı əbədiləşdirməyə layiq olan xeyli alimlərimiz, şair və yazıçılarımız var: 

"Nizami Gəncəvinin adını hansı ölkədə nəyə versələr, o ölkə bununla yalnız fəxr edər. Çünki Nizami dünyanın ən böyük, müdrik, dahi şəxsiyyəti kimi qəbul olunur və tanınır. Həmçinin, Nəsirəddin Tusinin adı həm bizim, həm də həmin ölkə üçün qürurverici olar. O cümlədən, Bəhmənyar, Sührəverdi kimi böyük filosoflarımızla, Şərq ölkələrində isə Füzuli, Nəsimi kimi şairlərlə bağlı mühüm işlər görmək mümkündür. Son dövr alimlərimizdən Yusif Məmmədəliyev, Xudu Məmmədov, Lütfi Zadə və başqalarının adını əbədiləşdirmək üçün də ciddi çalışmalıyıq. Əli Cavan adlı Azərbaycanın böyük alimi var. Dünyanın ən nəhəng elm adamlarından sayılır. Lauzer şüalarının istifadəsi sahəsində çox böyük nailiyyətlərə imza atıb. Onun adını da müxtəlif yerlərə vermək yaxşı olar. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranması üçün faydalıdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10