2018-12-06 11:55:04   |   83 dəfə oxunub

“Lazarev klubu”nun iclasının məqsədi aydındır

Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafına zərər vurmağa çalışırlar



Ermənistan-Rusiya arasında artan gərginlikdən ciddi narahatlıq duyan erməni lobbisi aktiv fəaliyyətə başlayıb. Məqsəd İrəvan-Moskva münasibətlərini yenidən bərpa etməkdir. Bunun yeganə yolu isə son dövrlər hərtərəfli inkişaf edən Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmaqdan keçir. Moskva-Bakı əməkdaşlığına ziyan yetirmək istəyən qüvvələr bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubu”nun birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. İclas zamanı Konstantin Zatulin, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndiriblər. İclasdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bu təşəbbüsü pisləyib və belə qərəzli görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.

Qurum rəsmisi Leyla Abdullayevanın sözlərinə görə, Rusiya-Ermənistan "Lazarev klubu”nun iclasında səsləndirilən fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür: "Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri Konstantin Zatulindir. Onun səsləndirdikləri fikirlər Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb”.

Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Rusiyada olan bəzi ermənipərəst siyasi dairələr və onların təmsilçiləri ciddi-cəhdlə çalışırlar ki, süni yollarla Moskva-Bakı arasındakı müsbət əlaqələrə zərbə vursunlar və korlanan İrəvan-Moskva münasibətlərini düzəltsinlər.

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir. Bunun əksinə Rusiya-Ermənistan əlaqələri tarixdə ilk dəfə olaraq ciddi şəkildə korlanıb. Həm ikitərəfli münasibətlər formatında, həm də KTMT çərçivəsində eyni tendensiya müşahidə olunmaqdadır: "Lazarev klubu”nun iclas keçirməsinin məqsədi budur. Zatulun, Kazimirov və Yevseyev kimi şəxslər ermənilərin əlində alətə çevriliblər. Bu cür şəxslər hər zaman ermənilərin maliyyə dəstəyi hesabına fəaliyyət göstəriblər, Dumaya deputat seçiliblər. 

Məlumdur ki, həmin iclasda növbəti dəfə Azərbaycan əleyhinə fikirlər söylənilib, dövlətimizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı zərərli bəyanatlar səsləndirilib. Eyni zamanda Ermənistanı müdafiə edən açıqlamalar gündəmə gəlib. Tədbirə qondarma rejimin təmsilçilərinin də qatılması Rusiyadan gələn üzdəniraq şəxslərin hansı qütbün adamları olduğunu göstərir. 

Onlar əslində Rusiyanın milli-maraqlarına zidd addımlar atan, aldıqları vəsaitlər hesabına öz dövlətlərinin maraqlarını satan qüvvələrdir, müəyyən siyasi dairənin təmsilçiləridir. Təbii ki, bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz var. Ancaq Dövlət Dumasının Zatulin kimi deputatları ikili əlaqələrə ziyan vururlar”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-12-10