2018-12-06 12:10:12   |   99 dəfə oxunub

Paşinyan Ermənistanı fəlakətə sürükləyir

O, seçkilərdə qalib gəlmək üçün əsgərlərdən, onların valideynlərindən də istifadə edir



Ermənistanda dekabr ayının 9-da keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın qalib gələcəyi təqdirdə Dağlıq Qarabağın separatçı lideri Bako Saakyanın istefaya məcbur ediləcəyi barədə faktlar ortaya çıxıb. "Helsinki təşəbbüsü - 92” Dağlıq Qarabağ Komitəsinin koordinatoru Karen Ohanjanyanın Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və Saakyanın işinə qarışmamasını tələb etməsi məsələnin ciddi tərəflərini üzə çıxarıb. 

Bəhs olunan məqaləni özünün "facebook” səhifəsində müzakirəyə çıxaran Ohanjanyan Ermənistanda baş nazir Paşinyanın seçiləcəyi təqdirdə Dağlıq Qarabağda əhalinin ayağa qalxacağı, hakimiyyət dəyişikliyi olacağı və Jirayr Safilyanın yeni lider olacağını bildirib. Dağlıq Qarabağ müharibəsində "Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş Jirayr Safilyan hazırkı parlament seçkilərində "Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəridir. Safilyan özü də açıqlamalarının birində bildirb ki, "Parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaq. Çünki bir il sonra Qarabağda hakimiyyətin "seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur”.

Ermənistandakı daxili qarşıdurmanı "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyası siyasi səhnədən silinmək təhlükəsini yaşayır. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın başçılığı altında reallaşan hakimiyyət dəyişikliyi nəticəsində Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindən olanlar vəzifədən uzaqlaşdırılıb. Robert Koçaryana qarşı cinayət işi başlayıb, Serj Sarkisyan isə vəzifədən uzaqlaşdırılıb: 

"Separatçı rejimin başçısı Bako Saakyan da Sarkisyan-Koçaryan cütlüyünün təmsilçisidir. Hazırda Ermənistanda onların dəstəsi dağılır. Məntiqi ardıcıllıqla Paşinyan Qarabağdakı separatçıların başçısını dəyişməlidir. Paşinyan-Saakyan qarşıdurması da bununla bağlıdır. Fikrimcə, Paşinyan Saakyanı uzaqlaşdıracaq və oradakı erməni icmasına Paşinyanı dəstəkləyən başçı təyin olunacaq. Sonra saxta "seçkilər” keçiriləcək. Bu, həm də Rusiyanın məsələyə münasibətindən asılıdır. Çünki Koçaryanı, Sarkisyanı və Saakyanı Moskva yetişdirib, Qarabağa yerləşdirib. Onlar da özlərinə uyğun separatçı başçı təyin ediblər. Robert Koçaryanın prezidentliyi dövründə Arkadi Qukasyan separatçılara başçılıq edib. Sarkisyan gələndən sonra öz adamını - Bako Saakyanı təyin edib. İndi də Nikol Paşinyan özünə yaxın şəxsi yerləşdirəcək. İrəvanda məlum hadisələr başlayanda Qarabağda da ermənilər aksiya keçirirdilər”.

Politoloq bildirib ki, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan ordusunun hərbçiləri Nikol Paşinyanın "Mənim addımım” blokuna səs verməyə məcbur ediləcək:

 "Məlumatlara əsasən, Azərbaycanın işğal altındakı torpaqlarda yerləşdirilən erməni əsgərlər Ermənistandakı valideynlərinə zəng edərək dekabrın 9-da Gorus və Qafana səs verməyə aparılacaqlarını deyiblər. Onlar valideynlərinə həmin tarixdə bu şəhərlərdə görüş imkanı yaradılacağını söyləyiblər. Hərbçilərin valideynlərinin sözlərinə görə, bunu Nikol Paşinyan təşkil edir. Qafan və Gorusda valideynləri ilə görüşmək üçün əsgərlərin "Mənim addımım” blokuna səs verməsi əsas şərtdir. Nikol Paşinyanın blokuna səs vermək Ermənistan ordusu hərbçi və əsgərlərinin qarşısında tələb olaraq qoyulub”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10