2018-12-06 12:11:36   |   373 dəfə oxunub

Borçalını içindən yeyən QARA YARA - İrandan gələn emissarlar gənc soydaşlarımızı yolundan azdırıb

"Ziyalısı, alimi kəndinə gedə bilməyəndə, o zaman yerinə İran mollası gedib oturacaq"




İslamda şiə məzhəbini təbliğ edərək dini region ölkələrinə yayaraq bundan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərən İran son zamanlar Gürcüstan azərbaycanlılarını hədəf seçib. Gürcüstanda Azərbaycan türklərinin kampakt yaşadığı Borçalıda İranın şiəliyin təbliği ilə məşğul olduğu haqqında bir neçə ildir ki, məlumatlar gəlməkdədir. Artıq bununla bağlı danılmaz faktlar var. Bu gün İran Borçalı mahalındakı soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrıseçkiliyi salmaqdadır. Təbii ki, İran üçün dini məzhəb parçalanması yaradaraq toplumu daha rahat şəkildə idarə etmək asanlaşa bilər. Məqsəd də məhz budur.
Məlumatlar var ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ etməkdədirlər. Yerli camaat danışır ki, bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və Quma aparırlar. Bununla yanaşı onların maddi ehtiyacları qarşılanır. Demək olar ki, məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib.

Maraqlı məqamlardan biri də bu işləri İran rəsmi həyata keçirir. Belə ki, siyasi şiəliyin təbliği İranın Gürcüstandakı səfirliyinin göstərişi ilə, oradakı emissarlar yayırlar. Bu məqsədlə məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır.

Qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədov Borçalıda "yeni şeyx”dir


Gələn informasiyalardan o da bəlli olur ki, İranda qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda "yeni şeyx” seçib. Bu şəxsdən də Azərbaycan türklərinin soydaşlarımızın üzərində təsir rıçaqı olaraq istifadə edir. Əsas hədəf də burada "dini kanton” yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı istifadə etməkdir. "Publika.az" saytı yazır ki, hazırda Borçalıdakı dini vəziyyət və İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar əldə edib. 

Məqalədə vurğulanıb ki, İranın Borçalıda "şeyx” təyin etdiyi Mirtağı Əsədov bu gün ətrafına 500-dən çox soydaşımızı toplaya bilib. İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olduğu deməkdir.
Mirtağı Əsədovu "şeyx” olaraq qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşaraq Əsədovun ətrafında fəallıq göstərirlər.

İranın səfiri də mütəmadi olaraq dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır


Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır. "Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi” - Marneulinin yaşlı sakinləri belə deyir. Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.

"Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir” - əldə olunan məlumatlarda bu fikirlər səsləndirilir.

Ən təhlükəli məqam – Azərbaycana qarşı düşmən mövqe


Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir. Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər. Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.

Onu da bildirək ki, Əsədov feysbukdakı "Gündəlik Gürcüstan” səhifəsində müsahibəsində yaxın günlərdə media-konfrans keçirməyə hazırlaşdığını açıqlayıb.
Əsədov məlum müsahibəsində "Azərbaycanın daxili işlərinə qarışmırıq” deyə bildirsə də, Borçalıda onların nəzarətində olan İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar kifayət qədər narahatlıq doğurur.

"Eloğlu” ənənəsi itməkdədir


Borçalıdan olan ziyalılar da, politoloqlar da sadaladığımız bu halların təhlükəli olduğu qənaətini bölüşürlər. Bununla yanaşı, analitiklər hesab edirlər ki, problemin kökü lap əvvələ gedir. Əsasən də təhsilsizlik dini cəhaləti yaymaq üçün münbit şərait yaradıb. Bundan da İran rejimi səmərəli istifadə etməkdədir.

"Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bizimlə söhbətində təsdiq etdi ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə dini tendensiya vüsət alıb. O qeyd edir ki, dini siyasətimiz o qədər unikal qurulmalıdır ki, qonşu ölkələrdə yaşayan soydaşlarımıza İranın və ya başqa dövlətin müdaxilə etmək imkanları olmasın.

"Təəssüf ki, dini siyasətlə bağlı boşluqlar var. Bu boşluqlar zaman-zaman öz təsirini göstərir. Borçalı əhalisi heç zaman məzhəb ayrıseçkiliyinə məruz qalmayıblar. Bizdə hər zaman ümumi "eloğlu” ifadəsi olub” – deyən Məmmədli artıq bu ənənənin itməkdə olduğu fikrini bölüşür. Cəmiyyət sədrinin dediyindən belə anlaşılır ki, dini şiəliyin Borçalıda kök salmasının ilk rüşeymləri təxminən 10 il bundan əvvəl hiss edilib: "2010-cu ildə bununla bağlı xüsusi mətbuat konfransı keçirərək həyəcan siqnalı vermişəm. O zaman rəsmi qurumlara və Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət etdik. Ancaq bizə biganə yanaşdılar. Bir müddət sonra Gürcüstanda QMİ-nin idarəsini ləğv etdilər və başqa bir neçə qurum yaratdılar - yəni böldülər”.
Təbiidir ki, mövcud vəziyyətdən də İran kimi öz şiə məzhəbçiliyini yaymaqda maraqlı olan qüvvələr dini ayrıseçkiliyi yaratmağa başlayıblar. Nəticə də göz önündədir - Borçalının xalis Azərbaycan türkləri din adı ilə iki yerə bölünüblər.

"Gürcüstanda elə qüvvələr var ki, onlar bölücülüyün artmasında maraqlıdırlar”


Z.Məmmədli deyir ki, hazırda bu ayrımçılığın açıq təzahürləri özünü göstərməkdədir: "Borçalıda dini boşluqları İranın emissarları, din xadimləri çox rahat şəkildə doldururlar”.
Məsələ burasındadır ki, İran emissarları insanların ağır sosial durumundan da istifadə edirlər. Ziyarət adı altında demoqrafik problemlər yaradırlar. Bu da faktiki olaraq özündə siyasi mahiyyət kəsb edən şiəçiliyin genişləndirilməsi deməkdir.

Problemdən çıxış yolunun müxtəlif olduğu qənaəti var. Borçalıdan olan siyasi xadim vurğulayır ki, ilk növbədə Gürcüstan cəmiyyəti özü bunun qarşısını almalıdır. Çünki din çox həssas məsələdir: "Bəzi hallarda siyasi hakimiyyətin prosesə birbaşa müdaxilə etməyə cəsarəti çatmır. Yaxud da maraqlı olmur, əksinə, tendensiyanın davam etməsini istəyir. Çünki Gürcüstanda elə qüvvələr var ki, onlar bölücülüyün artmasında maraqlıdırlar. Hətta yeri gələndə bunu stimullaşdırırlar”. Z.Məmmədli qeyd edir ki, bu gün Azərbaycan Türkiyə ilə birgə dini siyasətlə bağlı ortaq konsepsiya hazırlamalıdır: "Düşünürəm ki, dini maariflənmə işinin genişlənməsi çox vacibdir. Dini ədəbiyyatlar Gürcüstanın rəsmi qurumları ilə razılaşdırılmış formada bölgələrə çatdırılmalıdır. Məscidlərdə İrandan gələn, məzhəb ayrılığı salan kitablar yox, islamın əsl mahiyyətini göstərən ədəbiyyatlar olmalıdır. Çünki din xadimlərinin həqiqi islam təməllərinə uyğun yetişdirilməsi çox önəmlidir. Onlar öz təbliğatlarında məzhəbçiliyin uçurum olduğunu anlatmalıdırlar”. Məmmədli bildirir ki, bütün vasitələrdən, sivil yollardan istifadə edilərək Borçalıdakı siyasi şiəçiliyin qarşısı alınmalıdır.

İranın silah alətinə çevirdiyi siyasi şiəçilik...


Sabiq dövlət müşaviri Qabil Hüseynli deyir ki, Borçalıda İranın siyasi şiəliyi yayması ilk növbədə Gürcüstanın ziyanınadır. Çünki ora Gürcüstan dövlətinin ərazisidir. Analitik deyir ki, molla rejiminin səfiri bu işlərə rəvac verirsə rəsmi Tiflis tədbir görməlidir: "Bu, ilk növbədə pozuculuqdur, həm də rəsmi şəkildə həyata keçirilən pozuculuq. Sonradan bunun Gürcüstan dövləti üçün böyük fəsadları ola bilər”. 

Q.Hüseynli qeyd edir ki, təbii ki, ən əsas məsələlərdən biri də Azərbaycanın maraqlarına ziddiyyətin yaranmasıdır. "Çünki orada aparılan təbliğat dini inanc, islam həqiqətləri deyil. Siyasi şiəlik təhlükəlidir. Nəzərə almaq lazımdır ki, bu siyasəti ilə İran dini silah alətinə çevirib” – deyən keçmiş müşavir bildirir ki, İranın niyyəti bəllidir - Borçalıdakı Azərbaycan türklərində Azərbaycan dövlətinə qarşı nifrət hisslərini yaratmaq. Q.Hüseynli bildirir ki, rəsmi Bakı konkret olaraq Tiflisə irad bildirməsə də, müxtəlif kanallar vasitəsi ilə müraciət etməlidir ki, bu prosesin qarşısı alınsın: "Azərbaycan Gürcüstana təsir imkanları olan dövlətdir. Rəsmi Tiflisə qeyri-rəsmi kanallarla anladılmalıdır ki, İranın din adı altında yaydığı siyasi şiəçilik Gürcüstanın da, Azərbaycanın da milli maraqlarına ziddir. Bütün hallarda İranın Borçalıya "uzanan əli” "kəsilib” atılmalıdır.

"Harda bizim soydaşlarımız varsa, rejim orada pozuculuq, parçalanma aparır”


Borçalı kökənli tarixçi-alim Kərəm Məmmədov isə deyir ki, İran siyasətini tarixən din üzərindən yeridir. Hər zaman da molla rejimində Azərbaycan sözünə, adına qarşı bir qıcıq var: "Harda bizim soydaşlarımız varsa, rejim orada pozuculuq, parçalanma aparır. Bunu da dini siyasi yolla həyata keçirir. Şahdan sonrakı dövrdə Azərbaycan türklərinin kompakt yaşadığı əraziləri biri-birindən məzhəb qarşıdurması yaradaraq ayırır”. 

Tarixçi xatırladır ki, bu gün Güney Azərbaycan sözünün özü nisbidir. Çünki əvvəl 2 ostanlıq var idi – Şərqi və Qərbi Azərbaycan ostanlığı. Məhəmməd Rza Pəhləvinin dövründə yavaş-yavaş oradan Ərdəbili, Qəzvini, Həmədanı qopardıb ayrı ostanlıq etdilər. Məqsəd də Azərbaycan məfhumunun, Azərbaycan adının daha az işlədilməsidir. Məmmədov qeyd edir ki, İran Şimali Qafqazdakı Azərbaycan türklərinə "bata” bilmir: "Çünki Dərbənddəki türklər dini baxımdan molla rejiminin ideyalarına uzaqdır”. Həm də xatırlatmaq lazımdır ki, burada Dərbəndin Rusiya tərkibində olması da rol oynayır. Bir neçə ildir isə "qarmaq” Borçalıya atılıb. Yenə də məqsəd bəllidir – Azərbaycan dövlətinin hüdudlarından kənardakı soydaşlarımız arasında parçalanma yaradaraq, radikal şiəçilər yetişdirib dövlətimizə qarşı istifadə etmək.

Emissarlar yerləşdilər, təbliğatı apardılar, indi də "barı dərməyə” başlayıblar


Tarixçi-alim xatırladır ki, Gürcüstandakı Azərbaycan türkləri o vaxt Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən kənara çıxanda həyəcan siqnalı verilib: "Hamımız bu halın boşluq yaradacağını dedik, amma bizi eşidən olmadı. Təbii prosesdir ki, bu boşluğu nəsə doldurmalı idi. İndi yaranan boşluqdan səmərəli istifadə edən İran, siyasi şiəlik tutmaqdadır. Emissarlar yerləşdilər, təbliğat apardılar, indi də "barı dərməyə” başlayıblar”. 

"Nəzarət olmadığına görə, məzhəb ayrılığı yaranmalı idi” – deyir alim.
K.Məmmədovun sözlərinə görə, 500-dən çox gəncin bir "şeyx” ətrafında toplanması, şiəçiliyə meyillənməsinin bir səbəbi də təhsilsizlikdir. 

O bildirir ki, dəfələrlə Borçalı ziyalısı olaraq Gürcüstandakı soydaşlarımızın təhsil problemi ilə bağlı məsələ qaldırıblar: "Amma heç bir tədbir görülmədi. Dinə aludəçilik də təhsilsiz olan yerlərdə meydana çıxır. İran da fürsətdən istifadə edib gəncləri Quma, Məşhədə apardı, dini təhsil verdi. Onların da verdikləri təhsil hər kəsə bəllidir – siyasi şiəçilik”. Qabil Hüseynlidən fərqli olaraq, K.Məmmədov düşünür ki, Azərbaycan qeyri-rəsmi şəkildə belə Gürcüstandan bu təhlükəli prosesin qarşısının alınmasını tələb edə bilməz: "Gürcüstan bildirəcək ki, "İran da region dövlətidir, bizim dostluq, bərabərlik hüquqlarımız var, dinlər azaddır” və s. 

Gürcüstan sekulyar ölkə olduğu qənaətini ortaya atacaq”. Problemdən çıxış yolu kimi, K.Məmmədov Azərbaycan dövlətinin Borçalıya diqqətli və həssas yanaşmasında görür: "Borçalıdakı soydaşlarımızın təhsil problemlərinin həllinə kömək edilməlidir. Gürcüstan azərbaycanlılarının Azərbaycanla əlaqələri genişləndirilməlidir, onların rahat şəkildə gediş-gəlişi təmin edilməlidir. Gənclərin burada təhsil almalarında güzəştlər olmalıdır. İnteqrasiya sürətlənməlidir ki, yad məzhəblər, cərəyanlar orada ayaq aça bilməsin. Bu gün mən bir ziyalı kimi öz ata-baba yurduma gedə bilmirəm. Çünki Gürcüstan tərəfindən gedişimə qadağa qoyulub. Azərbaycan XİN isə bir alimin bu problemini həll edə bilmir. Ziyalı, alim bir adam kəndinə gedə bilməyəndə, o zaman yerinə İran mollası gedib oturacaq”.
Ekspertlərimizin də dediklərindən belə qənaətə gəlmək olar ki, Borçalıda şiə məzhəbçiliyi ilə bağlı vəziyyət kritikdir. Amma təhlükənin qarşısının alınması mümkündür. Düzdür, müəyyən qədər İran rejiminin emissarları Borçalıda oturuşa biliblər. Lakin bu "dini kanton”u dağıtmaq çətin olsa da, mümkündür. Sadəcə əl-ələ verib iş görmək lazımdır.

Anar Bayramoğlu






SON XƏBƏRLƏR

2018-12-10