2018-12-06 12:16:20   |   89 dəfə oxunub

"Azərbaycan regional və qlobal təhlükəsizliyin qarşısını almaq üçün real addımlar atır" - Analitik


Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub.
Dünya iqtisadiyyatı institunun təqdim etdiyi məlumata görə, mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur.
Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb.

Məruzənin müəllifləri qeyd edirlər ki, terrorçuların əllərində ölən insanların sayı 3 ildir ki, ardıcıl olaraq aşağı düşür. Buna səbəb olan hal kimi, "İslam Dövləti” terror qruplaşmasının İraqda və Suriyada davamlı olaraq zəifləməsi göstərilir.

Sabiq MTN əməkdaşı, siyasi analitik Arzu Nağıyev "Sherg.az”a açıqlamasında deyib ki, hər bir dövlətin təhlükəsizliyini təhdid edən məfhumlar mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın terrorizmə qarşı mübarizədə milli, regional və qlobal təhlükəsizliyə qarşı təhdid başlıca yer tutur. Terrorizmlə mübarizə üçün koordinasiya olunmuş fəaliyyət lazımdır:

"Dini qruplaşmalar həm milli, həm regional, həm də qlobal təhlükəsizliyə təhdiddir. Azərbaycan sadəcə milli təhlükəsizliyə təhdidin qarşısını almaq üçün real addımlar atmır. Regional və qlobal təhlükəsizliyin qarşısını almaq üçün də real addımlar atır.

Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr getdikcə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Əfqanıstanda və digər ərazilərdə terrora qarşı NATO standartlarına uyğun aparılan bütün əməliyyatlarda Azərbaycan qüvvələri də iştirak edir. Regional təhlükəsizliklə bağlı da qonşu ölkələrlə əməkdaşlığımız yüksək səviyyədədir. Çünki heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. 

Ona görə də təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir.

Təbii ki, terrorizmə qarşı mübarizənin əsas istiqaməti milli təhlükəsizliyin təmin olunmasına hesablanıb. Həm daxildəki qruplaşmalara, həm də erməni terroruna qarşı Azərbaycan effektiv əməliyyatlar həyata keçirir. Heç bir dövlətin terrordan sığortalanmadığı ehtimalı Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarını terror təhdidinə qarşı həmişə hazırlıqlı olmağa vadar edir. Təhdid həmişə var və buna qarşı da hazırlıqlı olmaq lazımdır. Azərbaycanda baş verə biləcək bütün proseslər nəzərə alınıb və bu istiqamətdə müvafiq addımlar atılır”. 

Şəymən






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10