2018-12-06 12:26:30   |   101 dəfə oxunub

30 ildən sonra hamı ətsiz qidalanmaya üstünlük verəcək

Azərbaycanlı vegeterian həkim fransız aşpazın proqnozuna dəstək verdi

Şəmsiyyə Namazlı: "Elə insanlar var ki, gün ərzində iki dəfə ət yeməyindən istifadə edir. Lakin bunun sonrakı fəsadları barədə bilgiyə sahib olmadığı üçün gələcəkdə qarşılaşacağı xəstəliklərdən xəbərsizdir



Bir var yaşamaq üçün yeyənlər, bir də var yemək üçün yaşayanlar. Amma bir məqamı unuduruq ki, bəzən dadlı-təamlı görünən yeməklər sonradan bizim üçün düşmənə çevrilir. Belə ki, orqanizm düzgün qidalanmadıqda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir. Orqanizmdə piylənmələrin yaranması, ürək, sinir, böyrək və digər xəstəliklərdə qidaların yarada biləcəyi fəsadlar da danılmazdır. Ona görə də uzun ömürlü olmaq, sağlam yaşamaq üçün gündəlik istifadə etdiyimiz yeməklərə, onların keyfiyyətinə diqqət ayırmalıyıq.

Ət xörəkləri üzrə tanınmış aşpaz Fransis Mallman ilginc proqnoz verib. Aşpaz yaxın 30 ildə hər kəsin veqan olacağını deyib. Onun fikrincə, insanlar 30 ildən sonra tamamilə ətsiz qidalanmağa üstünlük verəcəklər. Bu məsələ bu gün müxtəlif xalqlar arasında müzakirələrə səbəb olur. Nəzərə alsaq ki, Şərq ölkələrində ət və ət məhsullarından daha çox istifadə olunur, onda Qərb aşpazının bu iddialı çıxışı da müzakirəyə ehtiyac duyur.

Azərbaycanda az təsadüf olunan vegeterianlardan biri də Şəmsiyyə Namazlıdır ki, tanınmış aşpazın fikirlərinə maraqlı münasibət bildirdi. Həkim-dietoloqun fikrincə, ət məhsullarından maksimum dərəcədə imtina etmək orqanizmə xeyirdir:

 "Şəxsən mən özüm də vegeterian qidalanıram. Ümumiyyətlə, hər zaman ətin əleyhinə olmuşam. Əgər aşpaz da o qərara gəlibsə, bu, dieçina elminin yazdığı bir faktdır. Bilirik ki, ətin tərkibi zülaldır. Adətən insanlar niyə ətdən imtina edir? Çünki ət orqanizmə daxil olduqdan sonra fermentlərinin təsiri ilə reaksiyalar gedir. Həzm sistemində müəyyən reaksiyalar getməyə başlayır ki, bu da müəyyən proseslərin yaranmasına səbəb olur. Hər bir fermentin təsiri ilə bu zülallar parçalanır. Biz də buna əsaslanaraq deyirik ki, insan orqanizmi nə qədər ət və ət məhsullarından az istifadə edərsə, bu, orqanizm üçün bir o qədər xeyirli ola bilər. 

Orqanizmdə bu kimi reaksiyaların getməsi bəzi orqanlarda problemlərə səbəb olur. Misal üçün, böyrəyin funksional inkişafına təsirsiz ötüşmür".

Dietoloq şəxsi təcrübələrindən də çıxış edərək bildirib ki, onlara müraciət edən xəstələrlə müəyyən testlər aparıblar: 

"Bəzi müayinələrdən, qan və digər analizlərdən sonra orqanizmdə olan maddələrin normadan çox və ya aşağı olması da məhz düzgün qidalanmama ilə bağlı olur. Blə ki, orqanizmdə zülalın çox və ya az olması da birbaşa qidalanma ilə əlaqəlidir. Bunları nəzərə alaraq ətin orqanizmə faydaları ilə yanaşı, ziyanlı tərəfləri barədə də məlumatlı olmaq vacibdir. Misal üçün, elə insanlar var ki, gün ərzində iki dəfə ət yeməyindən istifadə edir. 

Lakin bunun sonrakı fəsadları barədə bilgiyə sahib olmadığı üçün gələcəkdə qarşılaşacağı xəstəliklərdən xəbərsizdir. İnsanlar bəzən ət məhsullarını tükətmələrinin səbəbi olaraq orqanizmə lazım olan zülalı əsas gətirirlər. Amma zülal təkcə ət məhsullarında deyil, eyni zamanda yumurta, şabalıd, pendir və digər qida məhsulları ilə də əvəzlənə bilər. Adi müşahidələrimizdən də o nəticəyə gəlirik ki, bəzən pasiyentlərimizə bir-iki ay ət yeməmələrini tövsiyə edirik. İki aydan sonra növbəti müayinədə məlum olur ki, orqanizmdə zülalın miqdarı normaya düşüb. Bu, bir daha onu sübut edir ki, ət və ət məhsullarından həddindən artıq istifadə orqanizmə yalnız mənfi təsir göstərə bilir. Deyək ki, idmançılarımızın protein qəbul etməsinə tez-tez rast gəlinir. Orqanizmin proteinlə təmin olnumasının da müxtəlif üsulları var. Bunun üçün kəsmik, banan, süd, qaymaq və bu kimi digər məhsullardan da istifadə etməklə orqanizmin tələb etdiyi proteini təmin etmək olar. Orqanizmdə lazım olan zülalları, digər vitaminləri və mikroelementləri təmin etmək üçün təbiətin bizə bəxş etdiyi müxtəlif yeyinti məhsullarından istifadə etmək mümkündür. Xüsusilə də təbii məhsulların qəbul edilməsi daha məqsədəuyğundur. 

Gün ərzində hər bir insan tərəvəzlərdən, meyvələrdən, ağartı məhsullarından və ya yemək əvəzi müxtəlif çeşidli meyvə və tərəvəz salatlarından istifadə etməklə də orqanizmə lazım olan kalorini əldə edə bilər. Sadəcə, bir mütəxəssis kimi də məsləhətim o olar ki, insanlar qidalanarkən düzgün qida məhsullarından istifadə etsinlər. Maksimum dərəcədə ət məhsullarından imtina onların ömrünün uzanmasına, sağlam həyat tərzi yaşamalarına kömək edə bilər.

Biz təbabət tarixinə nəzərə salsaq görərik ki, bu qidalanmalarla bağlı hər zaman mübahisələr gedib. Bir qrup alim zülal mənşəli qidaların istifadəsinə üstünlük veriblər, digər qism alimlər isə bitki tərkibli yeməklərin. Bütün bunlara baxmayaraq isə bu gün dünyanın əksər yerlərində düzgün qidalanma ilə bağlı müzakirələrdə ət yeməklərindən az istifadəyə üstünlük verilir".

İlahə Əhməd








SON XƏBƏRLƏR

2018-12-10