2018-12-06 12:29:30   |   89 dəfə oxunub

Yediklərimiz zəhərdir, xəstəliklərin də əlamətləri dəyişib

Adil Qeybulla: "Sovet dövründə appendisitə görə əməliyyat olunan xəstələr bu gün dərman müalicəsi ilə öz sağlamlığına qovuşur"




Tanınmış cərrah, professor, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev müasir dövrdə xəstəliklərin əlamətlərinin dəyişdiyini deyib. Onun sözlərinə görə, 20-30 il əvvəl biz appendisitlə bağlı diaqnozu çox rahatlıqla, əlamətlərinə əsasən dəqiq təyin edirdik. Hətta buna "tələbə diaqnozu" deyilirdi. İndi isə xəstəliyin simptomları dəyişib".

Şöbə müdiri deyib ki, appendisit - kor bağırsaq problemi ilə müraciət edən xəstələrin demək olar ki, yarısında fərqli simptomlar var. Xəstəliklərin əlamətlərinin dəyişməsi bir çox faktordan asılıdır. Məsələn, müasir dövrdə insanlar ehtiyac oldu-olmadı, antibiotik qəbul edir, səhhətlərinə səhlənkar yanaşır, həkimə gec müraciət edirlər. Yalnız tibbi müdaxiləyə ehtiyac qalanda həkimə gedirlər. Həkim xəstəliklərin yaşının cavanlaşmasından da danışıb:

 "Geni dəyişdirilmiş qida məhsullarının çoxalması, xüsusilə də gənclərin belə məhsullara meyillənməsi bir çox xəstəliklərə yol açır. Bunlar arasında "fast-food" yeməklərini, dönər, şokolad və s. göstərmək olar. Belə qidaların görünüşü adamda iştah yaratsa da, keyfiyyətsizdi. Bu cür qidalar insanın mədə-bağırsaq traktında ciddi dəyişikliyə səbəb olur".

X.Musayev xəstəliklərin kökündə genetik faktorların dayandığını bildirib: 

"Nəsildə hansısa bir xəstəlik varsa, bu xəstəlik genetik olaraq nəsildə yayılır. Gənclər tərəfindən müxtəlif zərərli qidaların daha çox qəbul edilməsi genetikada olan xəstəliyin patoloji zəncirin inkişafına səbəb olur. Bu da müxtəlif xəstəliklərin erkən yaşlarda özünü büruzə verməsinə gətirib çıxarır. Ona görə də bir çox xəstəliklərə səbəb olan mədə-bağırsaq problemlərini önləmək üçün nə yediyimizə diqqət etməliyik".

Tibb eksperti, professor Adil Qeybulla isə "Şərq”ə açıqlamasında deyib ki, əvvəllər tibbin imkanları məhdud olduğundan appendisitlə bağlı müraciət edən və əməliyyat olunan xəstələrin sayı da çox olurdu: 

"Əslində isə qarın boşluğundakı ağrı ilə apendikulyar sancı biri-birinə bənzəyir. Əksər vaxt qadınlarda ilk menstruasiya vaxtı hiss olunan ağrı da eyni nahiyədə olduğundan xəstələr əməliyyata alınırdı. Sovet dövründə appendisitə görə əməliyyat olunan xəstələr bu gün dərman müalicəsi ilə öz sağlamlığına qovuşur. Müasir antibiotiklərin qəbulu bu xəstəliyin fəsadlarını aradan qaldıra bilir. Bəzən də xəstəliyin özü geriyə inkişaf edir, proqressivləşmir”.

Professorun sözlərinə görə, bütün bunlarla yanaşı, qida rejiminin dəyişməsi, GMO məhsullar, süni qidalara tələbatın artması bağırsaqların fəaliyyətinə müəyyən mənada mənfi təsir edir. Bağırsaq spazmları da ilk baxışdan appendisit kimi dəyərləndirilir. Qarın boşluğundakı narahatlıqların konkret səbəbini tapmaq üçün diaqnostikada diqqətli olmaq lazımdır.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-10