2018-12-06 12:37:28   |   140 dəfə oxunub

MONEYVAL komitəsinin hesabatına münasibət:"Azərbaycan hər zaman beynəlxalq prinsiplərə riayət edir"



5 dekabrda Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir ki, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib.

Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. Müasir dünyada ən böyük bəlalardan biri də cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin leqallaşdırılması, xüsusən də terrorçuluğun maliyyələşdirilməsidir. 

Regionumuzda, yaxın ətrafımızda da bu risk özünü göstərməkdədir. Ancaq bütün bunlara rəğmən Azərbaycanın özünü qoruması, terrorun maliyyələşməsinə imkan verməməsi artıq dünyanın nüfuzlu qurumları tərəfindən də yüksək qiymətləndirilir. Lakin problemlərdən biri də odur ki, elə Qərb dövlətlərinin əksəriyyəti müxtəlif yollarla terrorçuları himayə edirlər.

Bu barədə "Sherg.az”a danışan "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Azərbaycanın hər zaman bu beynəlxalq prinsiplərə riayət etdiyini deyib: 

"Məsələ ondadır ki, elə həmin Avropanın özü və bir çox Qərb ölkələri buna qəti şəkildə riayət etmirlər. Əksinə, açıq şəkildə Qarabağdakı terrorçu rejimi, həmçinin Yaxın Şərqdəki çoxsaylı terrorçu təşkilatları maliyyələşdirir, silahlandırırlar. Avropanın bir sıra ölkələri PKK daxil olmaqla bir çox terror təşkilatlarını maliyyələşdirirlər. Ona görə də, artıq dünyada ümumi prinsip qalmayıb. Bu baxımdan Bakı beynəlxalq təşkilatlardan və fövqəl dövlətlərdən ikili standartlara son qoymağı tələb edir. Əgər terrora dəstək cinayətdirsə, onda Ermənistanı da cəzalandırmaq lazımdır. Çünki terrora ən ciddi dəstəyi məhz düşmən ölkə verir. Lakin bunu etmirlər, əksinə terrorçulara hərtərəfli dəstək verirlər. Ona görə də cəmiyyətlərdə beynəlxalq ədalətə, hüquqdan prinsiplərə inam azalır”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-12-10