2018-12-06 12:44:50   |   78 dəfə oxunub

Qış gələndə əhalinin qazla bağlı ciddi problemləri yaşanır


Havaların günü-gündən soyuması əhalinin qaza olan tələbatını artırır. Lakin bəzi bölgələrdə və paytaxın bir çox yerində əhali normal şəkildə qazla təmin olunmur.
Xüsusilə Nəsimi və Yasamal rayon sakinləri qazın tez-tez kəsilməsindən, ya da aşağı təzyiqdə verilməsindən şikayətçidirlər. Müvafiq qurumlar isə qazın verilməməsinə səbəb kimi təmir işlərini və mövsümi hazırlıqları əsas gətirir. Amma aidiyyəti qurumlar yay aylarından etibarən qaz və işıqla bağlı müvafiq tədbirləri görməli, qışa hazırlıqlı olmalı idilər.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə bildirib ki, "Azəriqaz”ın qışa hazırlıqlı olması bələdiyyələrin fəaliyyəti ilə bağlı deyil. Hər bir kommunal sahənin özünün idarələri var:

 "Bələdiyyələr sadəcə olaraq köməkçi kimi hansısa layihələrin icrasında mənəvi və imkanı daxilində maddi dəstək göstərə bilərlər. Əhalinin qazla təmin olunması bələdiyyələrin səlahiyyətinə aid deyil. Qazı verən müvafiq struktur var. 

Təəssüf ki, bu gün "Azəriqaz” əhalinin qazla təmin olunmasında yaxşı çalışmır. Azadlıq prospektindəki mərkəzi küçələrdə yolları qazıblar, amma ortada heç nə yoxdur. Nəsimi rayon ərazisində qazlar gah azalır, gah da artır. Yaxud da tamamilə söndürürlər. Ona görə də "Azəriqaz”ın fəaliyyətində müəyyən məsuliyyətsizliklər olduğunu deyə bilərik”.

V.Tofiqli bildirib ki, qış aylarında işıqların verilməsi ilə bağlı heç bir problem yoxdur: 

"İşıqdakı gərginliyin dərəcəsi həmişə yüksək olub. Amma qazla bağlı problemlər yetərincədir, hətta yarıtmaz vəziyyətdədir. Həftənin 5 günü qazlar verilir, amma vətəndaş 6 və bazar günləri evdə olan zaman qaz azaldılır. Deməli, burada hansısa maraqlı şəxslər müəyyən problem yaratmaq istəyirlər. "Azəriqazın qaynar xətti"nə zəng edəndə də olduqca çətinliklə əlaqə yaratmaq olur. Cənab prezidentin əhalinin qazla təmin olunmasına dair sərəncamı var. Sərəncamda göstərilir ki, vətəndaşın problemləri həll olunsun. Lakin bu sahədə çox ciddi çatışmazlıqlar var. Yay ayını qoyub, gəlib qışda qaz xətti çəkirlər. Amma bunu vaxtında etmək lazım idi”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10