2018-12-06 12:48:25   |   88 dəfə oxunub

Cibgirlər hər yerdə var - metroda, avtobusda, ticarət mərkəzlərində...

Sərnişinlərin diqqətli olmaqdan başqa çarələri yoxdur

"Onlar peşəkardırlar və xüsusilə iş saatlarının başlanğıcında və sonunda peyda olurlar"



Metroda, avtobuslarda və ya ticarət mərkəzlərində əhalinin kabusuna çevrilən cibgirlər at oynadır. Bütün profilaktik tədbirlərə baxmayaraq belə faktlara demək olar ki, hər gün rast gəlinir.
Avtobuslarda itən əşyalara görə sürücülərin məsuliyyət daşımadıqları haqda elanları çox görmüşük. Məqsəd sərnişinlərə qənim kəsilən cibgirlərdən müdafiə olunmaqdı. Ancaq son vaxtlar bu yazılar avtobuslardan yığışdırılıb. Cibgirlər isə yenidən işlərinə davam edirlər.

Məlumdur ki, cibgirlər adətən əhalinin sıx olduğı yerlərdə - avtobuslarda, metroda, bazarlarda fəaliyyət göstərirlər ki, bu da günün pik saatlarında olur. Elə sərnişinlər kimi avtobus sürücüləri də cibgirlərin əlindən bezdiklərini deyirlər. Onlar sərnişinlərlə yanaşı, avtobus sürücülərinin də pullarını oğurlayırlar.


Sabiq polis rəisi Mahmud Hacıyev "Şərq”ə açıqlamasında bildirib ki, cibgirlər həmişə dəstə halında fəaliyyət göstərirlər və insanların ən çox miqrasiya elədiyi ərazilərdə olurlar. Ekspert bildirib ki, sərnişinlərin diqqətli olmaqdan başqa çarələri yoxdur: 

"Hətta bir neçə il bundan öncə sürücülər elan yazıb avtobuslara yapışdırırdılar və deyirdilər ki, cibgirlər fəaliyyət göstərir. Belə hallarda ilk növbədə sərnişinlərin ehtiyatlı olmağı lazımdır. Başqa heç bir tədbir görə bilməzlər. Sərnişinlər nə ciblərini, nə də çantalarını qıfıllaya bilərlər. Cibgirlər peşəkardırlar və onlar xüsusilə iş saatlarının başlanğıcında və sonunda peyda olurlar. İş başında olan zaman 2-3 nəfərdən ibarət olurlar. Biri əldə etdiyi hansısa qiymətli əşyanı digərinə ötürür. Əşyanı götürən dayanacaqda düşür, oğurluğu edən isə növbəti dayanacaqda düşərək aradan çıxır”.

Son vaxtlar polislərin bu məsələ ilə bağlı tədbir gördüyünü vurğulayan ekspert bildirib ki, polislər mülki geyimdə daha çox şikayət olunan ərazilərdə və avtobuslarda olurlar:

 "Hətta bir neçə dəfə polislər iş başında olarkən cibgirləri yaxalayıblar. Buna baxmayaraq sərnişinlərin xüsusilə diqqətli olması vacibdir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10