2018-12-06 13:09:14   |   113 dəfə oxunub

"Rusiyada Zatulini ciddi sima kimi qəbul etmirlər" - Politoloq



"Zatulin müəyyən dairələrin ortaya atdığı bir fiqurdur. Rusiyada Konstantin Zatulini ciddi bir sima kimi qəbul etmirlər”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Ekspert bildirib ki, "Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbir, keçmiş prezident Robert Koçayanın tərəfdarlarının maliyyəsi ilə təşkil olunub: 

"Digər tərəfdən, Qərb Paşinyanın əli ilə Ermənistan daxilindəki anti-Rusiya qüvvələri tamamilə sıradan çıxarmaq istəyir. İrəvanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə tənzimlənməsinə başlamaqdan başqa çıxış yolu yoxdur. Mərhələli həll variantının birinci etapında Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, məcburi köçkünlərin həmin rayonlara qaytarılması nəzərdə tutula bilər. Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr, kommunikasiyalar bərpa olunması da bu modelə daxildir. 

Mehri dəmir yolunun açılması Azərbaycandan daha çox Rusiyanın marağındadır. Çünki Mehri dəmir yolu ilə Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya ilə əlaqə saxlayacaq və beləliklə Ermənistanın Rusiyanın orbitində qalması daha da ciddiləşəcək. Eyni zamanda Qərbin də ümidi azalacaq. Bu baxımdan "Lazarev klubu” böyük oyunun kiçik piyadalarıdır”.

Qeyd edək ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib. Azərbaycan XİN bu təşəbbüsü pisləyib və belə görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.

İsmayıl









SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10