2018-12-06 13:32:08   |   94 dəfə oxunub

"AŞ MONEYVAL Komitəsinin ölkəmizin fəaliyyətini qənaətbəxş hesab etməsi təqdirəlayiqdir" - Şərh



5 dekabrda Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir ki, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib.

Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın bu kimi addımlar atması təhlükəsizliyimizin, sabitliyimizin qorunması istiqamətində görülən tədbirlərin bir parçasıdır. Məlumdur ki, dünyanın bir sıra yerlərində xoşagəlməz hadisələr baş verməkdədir. Ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir. Eyni zamanda bizə qonşu olan ölkələrin də ərazisində zaman-zaman terror dalğası müşahidə olunur.

Politoloq Nəzakət Məmmədovanın "Şərq”ə açıqlamasına görə, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir:

"Avropa Şurasının ölkəmizin fəaliyyətini qənaətbəxş hesab etməsi əlbəttə ki, təqdirəlayiqdir. Terrorçuluğun maliyyələşdirilməsi müasir dövrümüzün ən mühüm problemlərindən biridir, ən ağır cinayətlər sırasındadır. Azərbaycan da sivilizasiyalı dünyanın bir hissəsi olaraq, terrordan əziyyət çəkmiş dövlət kimi bu problemin vacibliyini daha yaxşı dərk edir və bunun qarşısının alınması üçün öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çalışır. Avropa Şurası kimi mötəbər təşkilatın ölkəmizin fəaliyyətini yüksək qiymətləndirməsi də ölkəmizin bu sahədə müvəffəqiyyətli fəaliyyətinin daha bir göstəricisidir. 

Azərbaycan öz geosiyasi mövqeyinə, əhalisinin əksər hissəsinin müsəlman olmasına görə, demokratik, dünyəvi dövlət modelində inkişaf etməsinə görə terrorçuların diqqətini cəlb edən ölkələrdən biridir. Üstəlik də, uzun illər erməni terrorundan əziyyət cəkmişik. Bütün bunlar ölkəmizin terrora qarşı mübarizəsini labüd edir və bu fəaliyyətin mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərfindən dəyərləndirilməsi olduqca təqdirəlayiqdir”.

Şəymən






SON XƏBƏRLƏR

2018-12-10