2018-12-06 15:33:30   |   88 dəfə oxunub

""Lazarev klubu” vasitəsi ilə Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyirlər”



Moskva-Bakı əməkdaşlığına ziyan yetirmək istəyən qüvvələr bu ilin 30 noyabr-1dekabr tarixlərində İrəvanda "Lazarev klubu”nun birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. İclas zamanı Konstantin Zatulin, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı aşıq hücüm xarakteri daşıyan fikirlər səsləndiriblər.

Məsələyə münasibət bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət "Sherg.az"a söyləyib ki, Ermənistanda baş verən hadisələrin fonunda bəzi məzhəblər və qüvvələr Azərbaycanla Rusiyanın arasını vurmaq üçün əldən-ayaqdan gedirlər.

Onun sözlərinə görə, "Lazarev klubu”nun toplantısı o qədər də önəmli deyil. Sadəcə olaraq biz bu cür qüvvələrə qarşı fikir səsləndirəndə Rusiya-Azərbaycan münasibətlərinin hansısa formada korlanmasına şərait yaratmalı deyilik: 

"Faktiki olaraq Ermənistan elə bir duruma düşüb ki, Rusiya onunla çox da uzağa gedə bilməyəcəyinin fərqindədir. Ermənistanın etibarlı tərəfdaş olmadığı bir daha özünü göstərir. Azərbaycan isə daim öz mövqeyinə sadiq tərəfdaş olub. Eyni zamanda ölkəmiz ləyaqətini daim qoruyub. Bu baxımdan Ermənistan tərəfdarları narahatdırlar ki, Rusiya ilə aralarında münasibətlərin gərginləşməsi Azərbaycan-Rusiya əlaqələrinin daha da yüksəlməsinə səbəb ola bilər. Ona görə də bu cür qüvvələri ortaya çıxarıblar və onların vasitəsi ilə Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyirlər”.

A.Həsrət diqqətə çatdırıb ki, belə məqamlarda dövlətimizin, eləcə də Azərbaycan ictimai rəyini formalaşdıran insanların bir qədər təmkinli davranmasına ehtiyac var: 

"Biz emosional davranıb ermənilərin istəklərinin gerçəkləşməsinə köməkçi olmalı deyilik. Rusiya böyük dövlətdir, orada hamının fikri eyni deyil, hərənin öz məqsədi və məramı var. Amma bizim üçün önəmli olan Rusiya dövlətinin rəhbəri Vladimir Putinin cənab prezident İlham Əliyevlə şəxsi münasibətləridir. Əlimizdən gələni etməliyik ki, məhz həmin münasibətlər zədələnməsin”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2018-12-10