2018-12-06 18:15:35   |   92 dəfə oxunub

"Nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin şəffaf və prinsipial fəaliyyətini görür..." - Millət vəkili

 

5 dekabrda Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir ki, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib.

Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın bu kimi addımlar atması təhlükəsizliyimizin, sabitliyimizin qorunması istiqamətində görülən tədbirlərin bir parçasıdır. Məlumdur ki, dünyanın bir sıra yerlərində xoşagəlməz hadisələr baş verməkdədir. Ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir. Eyni zamanda bizə qonşu olan ölkələrin də ərazisində zaman-zaman terror dalğası müşahidə olunur.

Komitənin Azərbaycanla bağlı hesabatını müsbət dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov "Sherg.az"a bildirib ki, şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması və terrorla mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbycanın prinsipial mövqeyi var:


"Eyni zamanda bu istiqamətdə aparılan işlərin qanunvericilik bazasında öz əksini tapmasına dair də xeyli işlər görülüb. Bu isə o deməkdir ki, doğrudan da Azərbaycan artıq bu sahədə ön sırada dayanan ölkələrdən biridir. Ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində addımlayaraq öz prinsipial mövqeyini davam etdirir. Bütün nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın şəffaf və prinsipial fəaliyyətini görür və məhz buna görə də ölkəmizlə bağlı müsbət rəylər verirlər".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-10