2018-12-10 18:00:33   |   107 dəfə oxunub

Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir – Prezident fərman imzaladı


Prezident İlham Əliyev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən müəyyən edilir ki, övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddinin artırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərə, dəstəkləyici mexanizmlərə, habelə övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; bu fərmanda nəzərdə tutulmuş altsistemin yaradılması və fəaliyyəti ilə bağlı maliyyələşdirməni iki ay müddətində təmin etsin; Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu fərmanda nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin "Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görəcək. Bu fərmanın 1-ci hissəsi 2019-cu il iyunun 1-dən qüvvəyə minir.




SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18