2018-12-10 20:27:26   |   374 dəfə oxunub

ŞƏHLA ZEYNALOVA -“MUSİQİÇİ QIZ”




Təsviri sənətin bir növü olan heykəltəraşlıq obrazı daha əhatəli, dolğun şəkildə ifadə etdiyi üçün mədəniyyət tarixi boyu ən çox müraciət edilən sənət sahəsi olub. Heykəltəraşlıq əsərləri hər zaman diqqət mərkəzində olmaqla bərabər həm də şəhərlərin dizaynının qurulması kimi önəmli bir vəzifəni öz öhdəsinə götürüb. Təbii ki, bu ənənə bütün zamanlarda olduğu kimi müasir dövrdə də öz aktuallığını saxlayır. Keçmiş mədəniyyətlərə, sivilizasiyalara nəzər salsaq bu təsviri sənət nümunələrinin daha çox saraylarda, imkanlı şəxslərin evlərində olduğunu görərik. Sonralar isə artıq ictimai yerlərdə, şəhər mərkəzlərində, fontanların quruluşunda heykəltəraşlığın bir sıra növlərindən istifadə edilməyə başlanıldı. Təsviri sənətin ən çətin, eyni zamanda maraqlı və əhatəli olan bu növündən binaların həm eksteryerində, həm də interyerində istifadə olunur. Bir anlıq keçmişə-roman, qotika, intibah, barokko dövrlərinə getdiyimizi düşünək. Bu zaman biz heykəltəraşlığın memarlıqla sinkretik şəkildə inkişaf etdiyini görərik. Həmin dövrlərdən etibarən artıq memarlıq abidələrini heykəltəraşlıq nümunələri olmadan təsəvvür etmək mümkün deyildi. Onlar memarlıq abidələrinə hər dövrün öz tələblərinə uyğun olaraq əlavə edilirdi.

Təsviri sənətin bütün növləri kimi heykəltəraşlıq da zamanla inkişaf edərək tərəqqi tapıb. Müasir dövrdə təsviri sənətin bu növü artıq memarlıqla olan sinkretikliyin davam etməsi ilə yanaşı eyni zamanda həm də müstəqil xarakter daşıyır. Bunu dünya heykəltəraşlıq məktəbində indi daha aydın müşahidə etmək olur. 

Ölkəmizdə isə təsviri sənətin bu növü XX əsrin 20-ci illərindən etibarən inkişaf edib. XX əsrin 20-30-cu illərinin heykəltəraşlığı ilə XX əsrin sonu-XXI əsrin əvvəllərinin heykəltəraşlıq nümunələrini müqayisə etsək dinamik inkişafın şahidi olarıq. Müasir dövrdəki bu inkişafın səbəbi ölkəmizdə təsviri sənətə göstərilən diqqətin nəticəsidir. Hazırda ölkədə çalışan ən güclü cavan heykəltəraş kadrlarının əksəriyyəti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimlərinin yetirmələridir. Akademiyada savadlı heykəltəraşların yetişdirilməsinə çox önəm verilir. Bunun əsas səbəbi akademiyaya məşhur heykəltəraş Ömər Eldarovun rəhbərlik etməsidir. Heykəltəraşlıq fakültəsində təhsil alan gənc heykəltəraşların yaratdıqları uğurlu işlər Akademiyanın fondunda saxlanılır. Fondda saxlanılan belə uğurlu işlərdən biri də akademiyanın yetirməsi olan Şəhla Zeynalovanın "Musiqiçi qız” əsəridir.

"Musiqiçi qız” heykəltəraşın ən çox bəyənilən və gözəl işlərindəndir. Şəhla Zeynalova 2008-ci ildə ADRA-nın bakalavr pilləsinə daxil olub, 2012-ci ildə isə bitirib. Bu əsəri hazırlamasına səbəb isə onun eyni zamanda 7 illik musiqi təhsili olub. Fortepiano sinfində oxuduğuna görə kompozisiyaya piano əlavə etmək istəmişdi. Lakin ölçüləri uyğun gəlmədiyindən diplom rəhbəri, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Tokay Məmmədov ona skripkanı məsləhət görmüşdü. Ş.Zeynalovanın fərdi sərgisi olmasa da, qarışıq sərgilərdə iştirak edib. Heykəltəraşın "Musiqiçi qız”dan başqa "Bakı”, "At”, "Gimnast”, "Yeddi gözəl” baletindən "Aişənin rəqsi” , "Musiqiçi” adlı heykəlləri də var. Rəssamlar İttifaqının üzvüdür.

O, 2012-ci ildə İstanbulda Memar Sinan Universitetində keçirilən sərgidə iştirak edib və dip¬lom alıb. Şəhla Zeynalova 2014-cü ildə Azərbaycan Rəssamlar İttifaqında keçirilən Nar sərgisində, Dövlət Bayrağı muzeyindəki sərgidə iştirak edib, müvafiq olaraq diplom və fəxri fərmanla mükafatlandırılıb. "Musiqiçi qız” heykəli isə onun diplom işidir. Diplom rəhbəri Tokay Məmmədov Ş.Zeynalovanın heykəltəraşın eskizləri arasından məhz bu əsərin eskizini bəyənir. Ş.Zeynalova isə hey¬kə¬li əvvəlcə gildən, sonra isə gipsdən hazırlayır.

Heykəlin kompozisiyasını konsertindən qayıdan skripkaçı qızın təşkil etməsinin səbəbi heykəltəraşın musiqi təhsili olması ilə bağlıdır. "Musiqiçi qız” akademiyadakı heykəllərin içərisində ən çox bəyəndiklərimdən biridir. Əsərdə plastikanın, geyim və hərəkətlərdə incə¬liyin yüksək səviyyədə göstərilməsi mənim diqqətimi cəlb etdi. Heykəldə skripkaçı qızın üzü səthi şəkildə işlənib. Üz cizgilərində xırdalığa varılmasa da, obrazın uğurlu konsertdən məmnun qaldığı hiss olunur. Dəzgah heykəltəraşlığında işlənmiş əsər tamaşaçıda, qızın sanki sonuncu mahnısını indicə çalıb və bu uğurlu çıxışına görə olan alqışları qəbul edirmiş hissi yaradır. Heykəldə diqqətimi çəkən detallardan biri də qızın barmaqlarının necə zərif işlənməsidir. Geyimini və skripkanı tutan zərif əllər insanda əsl musiqiçi barmaqları hissini yaradır. Əsər heykəltəraşlığın bir növü olan fiqur (heykəl) formasında hazırlanıb. Heykəltəraş işıq-kölgədən çox yerində və düzgün istifadə edib. İşıq-kölgə münasibətinin dəqiqliyi qızın sinəsində və geyimində özünü daha qabarıq göstərir. Geyimdə yüngül şəkildə drapirovkadan istifadə olunub. O, işıq-kölgə uyğunluğu sayəsində daha canlı göstərilib. Dayaq üçün istifadə olunan stul əsərə estetik gözəllik gətirib. Onun ayağı antik döv¬rün memarlıq qaydalarına uyğunlaşdırılaraq əsərə daxil edilib.

Ümidvaram ki, gənc heykəltaraş bundan sonra daha uğurlu əsərlərə imza atacaq. Ona sənətin enişli-yoxuşlu yollarında uğurlar diləyirəm!

Sənubər Hacıyeva
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
sənətşünaslıq fakültəsinin magistri






SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18