2018-12-15 11:48:00   |   198 dəfə oxunub

KTMT İrəvandan üz çevirdi

Təşkilat üzvlərinin maraqları Ermənistanın əsassız iddialarından daha maraqlıdır



Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini açıqlayıb. Məlumdur ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifədən azad edilib, onun müavini Valeri Semerikov vəzifəni müvəqqəti icra edib. Çünki Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Məhkəmə Xaçaturovu girov qarşılığında sərbəst buraxıb. Bundan sonra Ermənistan KTMT ölkələrinə təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağı təklif edib. Yəni növbəti dəfə sədrliyə iddialı olub. 

Lakin təşkilata üzv olan dövlətlər, xüsusən də Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın quruma rəhbərlik etməsinə qarşı çıxıblar. Göründüyü kimi, KTMT daxilində İrəvandan başqa Ermənistanı müdafiə edən ölkə qalmayıb. Nikol Paşinyan hökumətinin yarıtmaz siyasəti, düşünülməmiş addımları Ermənistanın təşkilat daxilində özünə "müttəfiq” bildiyi bütün dövlətlərin ondan üz çevirməsinə gətirib çıxarıb. Məhz buna görə də Rusiya başda olmaqla KTMT-yə üzv olan dövlət rəhbərlərinin heç biri Paşinyanı seçkidə "qələbə” qazanması münasibəti ilə təbrik etməyiblər. Hazırda erməni mediasında bu məsələ ciddi müzakirə olunmaqdadır.

Ermənistanın düşdüyü vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, KTMT-də təmsil olunan dövlətlərin öz maraqları Ermənistanın əsassız iddialarından daha önəmlidir. Onun sözlərinə görə, İrəvanın, daha doğrusu, Nikol Paşinyanın apardığı qeyri-müəyyən siyasət təşkilat üzvlərinin maraqlarına cavab vermir. Hətta həmin ölkələrin mövqelərinə zərər vurur: 

"KTMT üzvləri anlayırlar ki, Ermənistanın önə çıxmasına icazə versələr, daha ciddi problemlər yaşaya bilərlər. Məlumdur ki, Ermənistan tərəfi uzun müddət təmsil olunduğu qurumu Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə cəhd göstərirdi. Lakin Rusiya və Qazaxıstan İrəvana başa salırdı ki, qurumun münaqişəyə müdaxilə etmək səlahiyyəti yoxdur. Təşkilata üzv olan dövlətlərin heç biri də bunu istəmir. Amma Ermənistan tərəfi müxtəlif provakasiyalara əl atırdı ki, həmin ölkələrlə rəsmi Bakının münasibətlərini korlasın. Lakin düşmənin niyyəti puça çıxdı və tərəfdaş hesab etdiyi ölkələr ümumiyyətlə bu məsələyə son qoymaq qərarına gəldilər. Ona görə də Ermənistanın yenidən quruma rəhbərlik etməsinə imkan vermədilər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-22