2019-01-08 11:54:42   |   162 dəfə oxunub

"İndiki halda iqtisadiyyatımıza güclü zərbə gözlənilmir"

Fuad İbrahimov: "Hətta neftin qiyməti kəskin şəkildə, lap 40 dollara qədər enərsə, yenə də devolvasiyanın qarşısı alınar"

"Əgər manat ucuzlaşarsa, ərzaq məhsullarının qiymətində fərqlər meydana çıxar. Yox əgər manatın ucuzlaşması prosesi getməzsə, o zaman ərzaq bahalaşması məsələsi öz aktuallığını itirəcək"



2019-cu ildə dünya iqtisadiyyatının vəziyyəti əsasən ticari müharibələrdən, neftin qiymətindən, Çin sahillərindəki konfliktlərdən və Avropa ölkələrinin vəziyyətindən asılı olacaq. "Bloomberg” agentliyi dünya iqtisadiyyatının inkişafı haqqında proqnoz hazırlayıb. Proqnozda qlobal inkişaf tempinə təsir edən ayrı-ayrı region və ölkələrin senarisi siyasi risklərə nəzərən əks olunub. Agentliyin hesabatına əsasən, 2019-cu il üçün dəqiq proqnoz vermək o qədər də asan deyil. Çünki əksər sahələrdə tələb və təkliflər arasında balansla bağlı xeyli qeyri-müəyyənlik var. Lakin mövcud problemlərə baxmayaraq, 2019-cu ildə Azərbaycanın iqtisadi durumu kifayət qədər nikbinliklə proqnozlaşdırılır və ümidverici məqamlar vurğulanır. Ekspertlərə görə, ölkəmizin dayanıqlı iqtisadiyyatı və indiyə qədər həyata keçirilmiş iqtisadi layihələr Azərbaycanı qlobal risklərdən qorumaq gücündədir. 

Xatırladaq ki, ölkə iqtisadiyyatı üçün ən mühüm amil neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. 2019-cu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 ABŞ dolları səviyyəsində götürülüb. 

Neftin qiyməti və ilin əvvəlində müşahidə olunan ərzaq bahalaşması ilə bağlı ictimaiyyətin narahatlığını "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov insanların təşvişinə əsas olmadığını bildirib.

- Fuad müəllim, dünya bazarında neftin qiymətinin enməsi ilə bağlı müəyyən narahatlıq var. Mövcud proseslərə əsasən, neftin qiymətini proqnozlaşdırmaq mümkündürmü?

- Neftin qiyməti büdcədə nəzərdə tutulmuş 60 dollar səviyyəsindən xeyli aşağı enərsə, məsələ yenidən müzakirə oluna bilər. Bu, birmənalıdır. O ki qaldı neftin qiymətinin yuxarı və ya aşağı olmasını əvvəlcədən müəyyən etməyə, bunun bir sıra tətbiqat metodları var. Dünyada iqtisadçıların proqnozları müxtəlifdir. Eyniylə təhlil agentliklərinin də rəyləri fərqlidir. Məsələ ondadır ki, qiymətin əmələ gəlmə prosesini konkret şərtləndirən amillər var. Həmin şərtləri bir yerə cəm edərək, iqtisadçı kimi deyə bilərəm ki, hazırda neftin qiymətinin aşağı düşmə ehtimalı yoxdur. Əksinə, müəyyən bir dəhlizdə üfüqi dalğalanma yolu ilə qiymətlər qalxa bilər. İstər siyasi motivləri, istərsə də iqtisadi məqamları nəzərə aldıqda, neftin qiymətində kəskin enmələr gözlənilmir.

- Kəskin qiymət enməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilərmi?

- Zənn etmirəm. Çünki ölkə iqtisadiyyatı bu cür durumlara adaptasiya olunub. İlk zərbə hər zaman ağrılı olur, biz o mərhələni çoxdan keçmişik. Qısa zamanda makroiqtisadi tarazlığı mərhələli şəkildə bərpa etmişik. İndiki vəziyyətdə ancaq texniki problemlərlə üzləşə bilərik. Yəni neftin qiymətinin kəskin enməsi büdcə müzakirəsinin yenidən keçirilməsinə gətirib çıxarar. Bu da səhv texniki yanaşmadır. Düşünmürəm ki, bu hal indiki iqtisadiyyata ciddi zərbə vura bilər. Ona görə ki, iqtisadiyyatımızda bu sahə üzrə elastiklik yaranıb. Hətta neftin qiyməti kəskin şəkildə, lap 40 dollara qədər enərsə, yenə də devolvasiyanın qarşısı alınar. Şübhəsiz ki, qiymətin xeyli aşağı düşməsi artıq forsmajor hal sayılır ki, o zaman müəyyən problemləri gözə almaq lazımdır.

- İlin ilk günlərindən etibarən bazarlarda bəzi ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Bu nəylə bağlıdır və məhsullarda kəskin qiymət artımı gözlənilirmi?

- Ərzaq məhsullarının bahalaşması məsələsinə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, yerli istehsal məhsullarının qiymətinin qalxmasından, ikincisi isə idxal olunan ərzağın bahalaşmasından söhbət gedir. Əgər manat ucuzlaşarsa, ərzaq məhsullarının qiymətində fərqlər meydana çıxar. Yox əgər manatın ucuzlaşması prosesi getməzsə, o zaman ərzaq bahalaşması məsələsi öz aktuallığını itirəcək. Fikir verdinizsə, yanvarın ilk günlərində ət məhsullarında bir qədər bahalaşma müşahidə olundu. Bu, onunla bağlıdır ki, bir çox dövlət orqanlarında, bu işə nəzarət edən qurumlarda 2019-cu ilin əvvəlindən dəyişikliklər baş verir. Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Nazirliyi müəyyən addımlar atır. Yeni qanunvericilik bazası və təlimatlarla bu ilə hazırlıq görülür. Belə amillər istənilən məqamda müvəqqəti də olsa, qiymət dəyişmə prosesinə təsir göstərir. Hazırda bazarda hansısa məhsulun qiymətində müşahidə olunan dəyişiklik bununla bağlıdır. 

Bu da inpulsiv qiymət qalxması adlanır. Yəni sahibkarlar fikirləşirlər ki, vergilərdə gedən dəyişiklik onların gəlirlərinə təsir edəcək və s. Qiymətlərin qalxmasının başqa səbəbi də var. Yanvar ayının birinci iş günündən sonra baytar laboratoriyaları həyata keçirən həkimlər bazarladan çıxarılıb. Səbəbi odur ki, bu işi artıq mərkəzləşmiş şəkildə həyata keçirmək istəyirlər. Bu da öz növbəsində qiymətlərin oynamasına təsir göstərib. Ətin, toyuğun, bazarda satılan digər kənd təsərrüfatı məhsullarının qiymətində fərq yaranıb. Çünki sahibkarlar hara müraciət edəcəklərini, sənədi necə alacaqlarını bilmirlər. Təəssüflər ki, bu məsələ ilə bağlı neqativ hallar mövcuddur. Bazar sahibləri sənədi olmayan iş adamlarını bazara buraxmır. Ancaq bu cür kiçik prosesləri makroiqtisadi səviyyədə qiymət artımı kimi dəyərləndirmək doğru deyil. Bunun üçün heç bir əsas yoxdur. İqtisadiyyatımızın vəziyyəti sabitdir.

- Dünya birjalarında qızıl və gümüş bahalaşmaları prosesi davam etməkdədir. Bunun Azərbaycana təsiri mümkündürmü?

- Əlbəttə, dünya bazarında qızıl və gümüşün bahalaşması müşahidə olunursa, mütləq şəkildə Azərbaycanda da qızıl alqı-satqısı ilə məşğul olan özəl qurumlar və ya şəxslər buna reaksiya verəcəklər. Avtomatik olaraq qiymətləri dünya bazarlarına uyğun şəkildə tənzimləyəcəklər. Bu baxımdan qızıl və gümüşün bahalaşması gözləniləndir. Ancaq "şirkətlər öz risklərini birmənalı olaraq qızılın ifadəsində tənzimləyirlər” yanaşması düzgün deyil. Hazırda dünya birjasında qiymət əmələ gəlmə prosesi ticarət həcmlərinə əsasən formalaşır. Bugün "dünya iqtisadiyyatı qızıl amilə yönəlir” demək yanlış olardı. Müvəqqəti olaraq qızılın qiymətinin artması və ABŞ dollarının ucuzlaşması dünya birjalarında gedən ticarət əməliyyatlarından irəli gələn məsələdir. Burada qeyri-adi məqam yoxdur.

İsmayıl







SON XƏBƏRLƏR

2019-01-18