2019-01-10 16:10:55   |   149 dəfə oxunub

Sərt reaksiya:"Fransa öz daxilindəki qeyri-sabitliyi aradan qaldırmaq əvəzinə..."


Azərbaycan Xarici İşlər Nazirliyi Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməsinə reaksiya verib. Belə ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni "sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir:

"Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar".
Onun sözlərinə görə, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

"Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür".

Vəziyyəti dəyərləndirən sabiq millət vəkili, tarix elmləri doktoru Həvva Məmmədova "Sherg.az"a bildirib ki, dünyada insan hüquq və azadlıqlarının təminatından danışırsa, ilk olaraq Dağlıq Qarabağdan zorla çıxarılmış azərbaycanlı qaçqınlardan başlamalıdır. Onun qənaətincə, bəzi beynəlxalq təşkilatlarin mövqeyini anlamaq olmur:

Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT kimi təşkilatlar insan hüquqları ilə bağlı "ürək yumşaqlığı” göstərib, fikir irəli sürür. Amma nə üçün 1milyon 200 mindən çox qaçqının taleyinə biganədirlər? 

BMT-nin Dağlıq Qarabağ haqqında qəbul etdiyi qətnamələr illərdir kağız üzərində qalıb. Qarabağdan azərbaycanlıların öz yurdundan zorla qovulması, təcavüzə məruz qalması, o qədər qaçqının əmlakı, illərlə zəhmətlə qurduğu evinin darmadağın edilməsi insan hüquqlarının pozulması deyilmi? Əgər Aİ, AŞ, BMT demokratiyadan bəhs edirsə, nə üçün Azərbaycan qaçqınları ilə bağlı qəbul etdiyi qərarların heç birini sona qədər həyata keçirmir ? Bir sıra beynəlxalq qurumların öz ölkələrində olanları görməzdən gəlib, müsəlman, xüsusən də gənc ölkələrdə hər hansısa bir problem axtarmağını, qərəzli mövqe nümayiş etdirməyini anlamaq olmur. Onların mövqeyinə ikili standartlar və Azərbaycana qarşı yönəlmiş qərəzli siyasət adını vermək olar. 

Bundan əlavə "sari jilet”lilərin Fransada, Belçikada və digər ölkələrdə çıxışları dağıdılır, insanlar, jurnalistlər döyülür. Nümayişçilərin fikir azadlığı boğulur.

 Yaşadığı ölkəyə nifrət edirmiş kimi hər yanı dağıdır, parçalayırlar. Bütün dünya Avropadakı bu situasiyanı görür və başa düşür. Fransa başda olmaqla bəzi ölkələr öz daxilindəki qeyri-sabitliyi həll etmək əvəzinə, Azərbaycanda insan hüquqlarından danışırlar. Fikrimcə, dünyada ən çox hüquqları, haqları pozulanlar Azərbaycan qaçqınlarıdır. Ermənistan dünyada monoetnik dövlətdir. Ermənistanda heç bir qeyri-millət yaşamır. Bütün bunların hər biri nəzərə alınmalıdır.”

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18