2019-01-11 11:52:07   |   73 dəfə oxunub

Faciələr təsadüfdən baş vermir

"Elə mənzillər var, orada ötən əsrdənqalma qaz sobaları işlədirlər. Evlərin, binaların tüstü bacaları təmizlənmir"



Bakının Yasamal rayonunda bir ailənin 3 üzvünün ölümünə səbəb olan qaz partlayışı təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmanın nəticəsidir. Bu barədə «Şərq»ə «Azəriqaz»ın sabiq idarə rəisi Nüsrət Qasımov bildirib. Xatırladaq ki, 2018-ci il yanvarın 9-da paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə yerinə gələn aidiyyətli qurumların əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Baxış zamanı müəyyən edilib ki, fərdi yaşayış evinin yataq otağında divara qaz sobası yerləşdirilibmiş. Qaz sobasının nəzarət kranı açıq vəziyyətdə imiş. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

«Şərq»ə danışan N.Qasımov isə bildirdi ki, artıq neçə illərdir təhlükəsizlik məsələləri ciddi xarakter alsa da, buna əməl edənlər azdır:

- Mən həmişə deyirəm, evdə qaz sobaları quraşdırılarkən, qaz xətləri çəkilərkən mütəxəssislərə müraciət edilməlidir. Təəssüf ki, insanlarımız səhlənkarlıq edir, təbii qaz kimi hədsiz təhlükəli məsələyə ötəri yanaşırlar. Kim necə gəldi, necə bilirsə, sobaları o cür quraşdırır, özbaşına qaz xətti çəkirlər. Bu məsələdə qaz təsərrüfatına cavabdeh olanların da məsuliyyəti böyükdür. Qaz xətləri, qaz boruları, sobalar il ərzində bir neçə dəfə yoxlanmalı, təmizlənməli, təmirə ehtiyacı olanlarsa təmir edilməlidir. Elə mənzillər var, orada ötən əsrdənqalma qaz sobaları işlədirlər. 

Evlərin, binaların tüstü bacaları təmizlənmir. Payız-qış ayları ərzində qazdan nə qədər zəhərlənmə halları baş verir. Hətta yazda, yay aylarında da qazdan zəhərlənmələr olur. Bu onun nəticəsidir ki, qaz sobaları, istilik qızdırıcıları normalara uyğun quraşdırılmır. Normativlərə cavab verməyən, köhnə qızdırıcılardan istifadə edilir. Aidiyyətli qurumlar da belə hallara göz yumur. Vəzifələrini lazımi qaydada yerinə yetirmirlər. Sonda da bu cür faciələr qaçılmaz hal alır. Vətəndaşlarımız da ehtiyatlı olmalıdır, cavabdeh qurumlar da vəzifələrini yerinə yetirməlidir.

N.Qasımov bildirdi ki, faciəylə bağlı aparılan əməliyyat-istintaq tədbirləri başa çatdıqdan sonra hadisənin əsl səbəbləri bilinəcək. Amma gərək vətəndaşlar özləri də ehtiyatlı olsunlar. Qaz borularında, sobalarda sızma olub-olmadığını mütəmadi yoxlasınlar.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, 2018-ci ilin ilk həftəsində şöbəyə zəhərlənmə diaqnozu ilə 18 nəfər daxil olub. Ötən il isə bu səbəbdən xəstəxanaya 151 nəfər müraciət edib. Təəssüf ki, zəhərlənmə zamanı ölüm halları da qeydə alınıb. Medpress.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov onu da qeyd edib ki, dəm qazından zəhərlənmənin əlamətləri başağrısı, gicəllənmə, ürəkbulanma, halsızlıqdır: «Dəm qazından zəhərlənən insan dərhal təmiz havaya çıxarılmalı, nəfəs almasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Zəhərlənən şəxsin huşu özündə olsa da, xəstəxanaya müraciət edilməsi və mütəxəssisin müayinəsindən keçməsi mütləqdir. Buna səbəb dəm qazının fəsadlarının aradan qaldırılmasıdır».

Azər Maqsudov hər kəsi təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2019-01-18