2019-01-11 12:01:50   |   169 dəfə oxunub

Bu il Paşinyan Dağlıq Qarabağ ətrafı rayonların taleyini həll etməlidir



Nüfuzlu "Kommersant” qəzetində dərc olunmuş məqalənin müəllifi yazıb ki, "Moskvada Paşinyan haqqında etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb”. Məqalə müəllifi qeyd edib ki, ötən il Ermənistan və Belarusun liderləri Nikol Paşinyan və Aleksandr Lukaşenko KTMT-də baş katib vəzifəsini kimin tutacağı ilə bağlı razılığa gələ bilməyiblər. Mətbu orqan vurğulayıb ki, kadr məsələsini hətta Putinin və Paşinyanın dekabrın 27-də keçirilən görüşündən sonra da həll etmək mümkün olmayıb. Ermənistan üzrə ixtisaslaşmış dövlət məmurlarından biri isə "Kommersant”ın müxbiri ilə söhbətində erməni lideri belə xarakterizə edib:

"O, nə sistemə aiddir, nə də dövlət xadimidir, çoxlu qalmaqal yaradıb və dövlətlərarası münasibətlərə bazar elementi gətirir. Ermənistanda formalaşan şəxsi hakimiyyət də narahatlıq yaradır, çünki Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyanın nə edəcəyi bilinmir. Putinin Nikol Paşinyanın qatı düşməni Robert Koçaryana göndərdiyi Yeni il təbriki münasibətlərin gərgin olduğunu göstərdi. Rusiyalı lider həbsdə olan erməni dostuna "cansağlığı, mətanət və ruh yüksəkliyi” arzuladı”. Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan da hadisələrin məhz bu səpkidə inkişafını proqnozlaşdırır. O bildirir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra nümayiş etdirdiyi nikbinliyin heç bir ciddi əsası yoxdur. Əslində, bu danışıqlardan sonra iki ölkə arasında ziddiyyətlər daha da artıb. Sarkisyan Moskva görüşündə konkret nəticələr əldə olunmadığını və bununla bağlı ətraflı məlumat verilmədiyini deyib.

Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov qəzetin yazdıqlarının tamamilə həqiqət olduğunu bildirib. Politoloqun sözlərinə görə, 2018-ci ildən etibarən Rusiya-Ermənistan münasibətlərində ciddi gərginlik yaranıb: 

"Ermənistan rəhbərliyinin Rusiyadan qaçmaq üçün nə səlahiyyəti, nə də əlində yetərli resursları var. Əgər Paşinyanın resursları olsaydı, Moskvaya qarşı daha sərt addımlar atardı. İrəvanın Kremllə münasibətlərdə problem yaşaması avtomatik olaraq Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına təsir göstərir. Azərbaycan Cənubi Qafqazda sabitliyi qoruyan bir ölkə kimi tanınır və qəbul olunur. Ölkəmiz bölgədə balansın qorunmasına xüsusi əhəmiyyət verir ki, bu da Moskva tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, Rusiyanın Ermənistana mənfi münasibəti Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşə bilməz. 

Onsuz da 2019-cu il ərzində Paşinyan Dağlıq Qarabağ ətrafı rayonların taleyini həll etməlidir. Məhz indiki proseslər və hazırkı məqam bu öhdəliyi Paşinyanın qarşısına qoyub. Baş nazir ilkin dövrlərdə məsuliyyəti üzərindən atmağa çalışsa da, buna nail ola bilmədi. Artıq o da fərqindədir ki, münaqişə ilə bağlı konkret addımlar atmağın zamanı çatıb. Bu, ilk növbədə elə ermənilərin xeyrinə olacaq. Əks halda Ermənistanın acınacaqlı durumu və bərbad iqtisadiyyatı düzəlməyəcək”. Analitikə görə, Rusiya hələlik Ermənistandakı proseslərə birbaşa müdaxilə etməyi düşünmür: "Amma Moskva ermənilərlə bağlı yaşananlara hər zaman seyirçi qalmayacaq. Belə davranmaq rus siyasətinə ziddir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25