2019-01-11 12:05:04   |   162 dəfə oxunub

Dezir qərəzsizlik prinsipini unudub

Bu şəxs ermənipərəst mövqeyini yenə ortaya qoydu



Fransa Xarici İşlər Nazirliyinin Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlamasına XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva münasibət bildirib. Nazirlik rəsmisi bildirib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsə, daha yaxşı olar: "Fransa tərəfinin hazırda ölkəni "sarı jiletli”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir. 

Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”. L.Abdullayevanın sözlərinə görə, ümumiyyətlə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

 "Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.

Rəsmi Parisin sərgilədiyi qərəzli mövqeyi "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransada Emanuel Makron iqtidarı hazırda daxili və xarici siyasətdə böyük yanlışlar etməkdədir: 

"Son günlər Fransada baş verən daxili iğtişaşlar bunun bariz nümunəsidir. Makron iqtidarı ölkəsində daxili problemləri həll edə bilmirsə, bu ölkənin digər ölkələrin daxili işinə müdaxiləsi yolverilməzdir. Hesab edirəm ki, Fransanın hazırkı hakimiyyətinin yürütdüyü siyasət yalnız problemlərə yol açır. Ümid edirik, Fransa Dağlıq Qarabağ münaqişəsində və digər proseslərdə ədalətli mövqe sərgiləyəcək”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22