2019-01-11 12:08:51   |   106 dəfə oxunub

Araşdırma jurnalistikası mətbuatın önəmli qoludur

İctimaiyyətin araşdırma yazılara hər zaman ehtiyacı olub

Mediada bu cür yazılara az rast gəlinməsinin bir çox səbəbləri var


Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb.

Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu.

Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. 

Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir.

Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. 

Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. 

Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma-jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

Mövzu ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycanda araşdırma jurnalistikası zəif inkişaf edib. Onun fikrincə, mediada araşdırma yazılara həmişə ehtiyac olub və indi də var. Amma ekspert vurğulayır ki, hərtərəfli araşdırma aparmaq istəyən jurnalistlər çox azdır: 

"Ona görə yox ki, hazırda peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan qələm sahibləri arasında araşdırma aparmağa qadir imza sahibləri azdır. Əsas səbəb odur ki, jurnalistlər araşdırıb ortaya çıxardığı "məhsulu” redaksiyalara baha qiymətə sata bilmirlər. Azərbaycan mətbuatında araşdırma yazılarının sayının azlığının əsas səbəbi KİV-lərin maddi-texniki bazasının zəif olmasıdır. Hansısa problemi araşdırmaq gərgin zəhmət və zaman tələb edir. Biz zəhmətkeş ola bilərik. Amma əlimizdəki işi tamamlamağa vaxtımız yoxdur. Bilirsiniz, yaxşı bir araşdırma materialı hazırlamaq üçün bəzən 2-3 ay vaxt tələb olunur. Tutaq ki, mən ömrümün iki-üç ayını bir mövzunu araşdırmağa sərf etdim. Sizcə, hazırladığım məhsulu redaksiyalara neçə manata sata bilərəm? Jurnalistin iki-üç aylıq zəhmətinin bəhrəsi olan məqaləyə 3 min manat təklif edən redaksiyalarımız varmı? Əlbəttə ki, yoxdur. Buna görə də araşdırma mövzulara maraq azalmaqdadır. Müəllifin hazırladığı mövzu hərtərəfli araşdırılmalı, faktlar bir neçə mənbədən dəqiqləşdirilməli, məqalədə tərəflərin rəyi öz əksini tapmalıdır. Araşdırma yazılarında müəllif cəmiyyətə mütləq yeni faktlar təqdim etməli, tədqiq etdiyi sahə ilə bağlı "sirr pərdəsi”ni ortadan qaldırmalıdır. Araşdırma yazıların yazılması üçün jurnalistdən xüsusi hazırlıq və bacarıq tələb olunur. Jurnalist araşdırdığı mövzunu dərindən bilməli, problemin mahiyyətinə bələd olmalıdır”.

S.Verdizadə bildirib ki, problemin başqa bir səbəbi isə mənbələrin jurnalistlərin üzünə qapalı olmasıdır:

 "Araşdırma aparan jurnalist ona lazım olan məlumatları müvafiq qurumlardan maneəsiz əldə etməlidir. Bizim ölkəmizdə isə əksər dövlət qurumlarının mətbuat xidmətləri KİV-lə işləməyə bir o qədər də həvəsli deyillər. Mühüm qurumların hamısında jurnalistlərin mənbələri olmalıdır. Məsələn, bir də görürük ki, hansısa nüfuzlu KİV Pentaqondakı mənbələrinə istinadən mühüm bir məlumat yaydı. Həmin məlumatın səhihliyinə şübhə etmək bizim ağlımıza da gəlmir. Amma Azərbaycan jurnalistləri nəinki Müdafiə Nazirliyindəki, hətta Mədəniyyət və Turizm Nazirliyindəki mənbəyə istinadən məlumat yayanda, aləm biri-birinə dəyir. Dərhal həmin nazirliyin rəhbərliyi "satqın axtarışı”na çıxır. Bu cür hallar araşdırma yazıların araya-ərsəyə gəlməsini əngəlləyir. Azərbaycan oxucusu səviyyəlidir. Ona sanballı araşdırma yazıları təqdim edilərsə, mütləq oxuyacaq. Sadəcə olaraq, jurnalistləri bu işə həvəsləndirmək lazımdır”.

JAM rəhbəri vurğulayıb ki, araşdırma yazan jurnalist topladığı faktları "süzgəc”dən keçirməli, onların doğruluğuna əmin olmalıdır: 

"Azərbaycanın elektron və yazılı KİV-lərində araşdırma yazıları çox seyrək gözə dəyir. KİV-lər sanballı araşdırmalar üçün pul xərcləməyə xəsislik edirlər. Mediada təkrarçılıq, təqlidçilik hökm sürür. Sovet hökumətinin çöküşündən sonra oxucu auditoriyasında keyfiyyət dəyişikliyi baş verdi. Müasir oxucu ciddi, sanballı yazıları oxumağa bir o qədər də həvəs göstərmir. Gündəlik xəbərlər, ucuz sensasiya daha geniş auditoriya toplayır. Bu da araşdırma jurnalistikasının inkişafdan qalmasına səbəb olur”.

"Azadinform" informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev isə "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında araşdırma yazılarının olmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmaq çətindir: 

"Əslində hər gün həm internet, həm də klassik medianı izləyəndə az da olsa araşdırma materialları ilə qarşılaşırıq. Xüsusən də qəzetlər bu məsələdə daha öndədirlər. Həmin materialların keyfiyyəti və müraciət olunan mənbələrin azlığı-çoxluğu, etibarlılığı jurnalisitin peşəkarlığından asılıdır. İnternet media jurnalistə araşdırma aparmağa mane olmur, əksinə, onun imkanlarını, hazırladığı məqalənin daha çox oxucuya çatmasına yardımçı olur. Düzdür, internet media daha çox xəbər istehsalına yer ayırır, amma araşdırma movzuları işləyən agentliklər, portallar, internet qəzetlər də var. Məsələn, biz hər gün kiçik də olsa müxtəlif mövzularda araşdırmalar hazırlayırıq. Bu zaman əməkdaşlarımız müxtəlif mənbələrə müraciət edir”.

N.Niftiyev bəyan edib ki, araşdırma materiallarının hazırlanması çox ağır proses olmaqla yanaşı, həm də vaxt aparan məsələdir: 

"Burda da əsas məsələ mövzu seçimidir. Elə mövzular var ki, bunun üçün arxiv materialları, sənədlərlə işləmək tələb olunur. Bəzi mövzular da var ki, sadəcə fakta uyğun rəylər öyrənmək, təcrübələri təqdim etməklə jurnalist öz işini bitmiş hesab edə bilər. Dünyada araşdırma məqalələrinə maraq hər zaman yüksək olub. İlkin mənbədən olmasa da, tərcümələr vasitəsilə həmin məqalələrlə tanışlığımız belə deməyə əsas verir ki, bu yazıların hazırlanmasına həftələr, bəzən də aylarla vaxt gedir. Bunun üçün də jurnalistin maddi təminatı yüksək səviyyədə olmalıdır. Bizdə isə maddi təminat məsələsində hamıya məlum olan problemlər var. Düşünürəm ki, jurnalistlərimiz həm də maddi yanaşma nöqteyi-nəzərdən araşdırma materiallarına daha çox maraq göstərmirlər”.

Araşdırmaçı-jurnalist Dilqəm Əhməd də "Şərq”ə deyib ki, insanlar indi daha çox görüntüyə önəm verirlər: 

"Oxucular uzun bir araşdırma yazı oxumaqdansa, şəkillərə baxmaq, video seyr etmək istəyirlər. İnsanlar internetə daha çox telefonla daxil olurlar. Telefonla isə video izləmək daha maraqlıdır. Artıq insanlar pulsuz şəkildə internet kanal aça bilirlər, yəni həm də informasiya ötürücüsünə çevriliblər. Üstəlik, həyat daha da sürətlənib. Məlumatı qısa yolla əldə etmək məqbul sayılır. Bu baxımdan uzun araşdırma, reportajlar, müsahibələr əvvəlki effekti doğurmur. Mən özüm uzun yazıları ancaq kitab və jurnallar üçün yazıram. Onu da nəzərə alaq ki, bizdə tarix mövzusunu çıxmaqla digər sahələrdə araşdırma aparmaq elə də asan deyil. Çünki araşdırma aparmağa əngəl törədən bir sıra məqamlar var”.

(Davamı var)
İsmayıl







SON XƏBƏRLƏR

2019-01-18