2019-01-11 12:27:01   |   607 dəfə oxunub

Qarabağda partizan hərəkatına ehtiyac yoxdur

Çünki işğal olunmuş ərazilərdə yaşayanların hamısı ermənilərdir. Bölgədə azərbaycanlı qalmayıb


Ötən gün Qarabağ Azadlıq Təşkilatının qərargahında Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda qurumun analitik qrupunun yaradılması barədə qərar qəbul edilib. İdarə Heyətinə tapşırılıb ki, komitənin konkret istiqamətlər üzrə komissiyalarının yaradılması üzrə təkliflər hazırlasın. Daha sonra işğal olunan ərazilərin azad olunması istiqamətində Ermənistanın effektiv addımlardan imtina etməsi təqdirində partizan hərəkatının təşkili ilə bağlı edilən təklif ətrafında geniş diskussiyalar keçirilib. 

Məlumat üçün bildirək ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində partizan hərəkatı mütəmadi olaraq gündəmə gətirilən məsələdir. Son olaraq "aprel döyüşləri” zamanı hərəkatın təşkili geniş müzakirələrə səbəb olmuşdu. Ancaq söhbət ondan gedir ki, indiki şəraitdə partizan hərəkatının yaradılmasına münasibət birmənalı deyil. Yəni təşkil edilməsinin tərəfdarları ilə yanaşı, buna qətiyyən ehtiyac olmadığını düşünənlər də var.

Mövzunu "Şərq”ə şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, partizan hərəkatı düşmənin işğal etdiyi ərazilərdə yerli sakinlərin qalması və gizli şəkildə mübarizəyə cəlb edilməsi tədbirləridir: 

"İkinci Dünya müharibəsində almanlar bir çox yeri işğal etsələr də, əhali öz yerində qalırdı. Ona görə də yerli sakinlər gizli qruplar halında partizanlıq fəaliyyəti göstərir, bir müddət sonra isə ayrı-ayrı qruplar mərkəzləşirdi. Əgər bunu Dağlıq Qarabağ məsələsi ilə müqayisə etsək, belə bir mübarizə formasına ehtiyac olmadığını görərik. Birincisi ona görə ki, Qarabağın ərazisi kiçikdir və orada hazırda yaşayanların hamısı ermənilərdir. 

Bölgədə azərbaycanlı qalmayıb. Digər tərəfdən isə cənab Prezident çıxışlarında bəyan edib ki, əgər Azərbaycan və Ermənistan döyüş meydanında təkbətək qalsa, bizim silahlı qüvvələrimiz qısa zamanda işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etməyə tam qadirdir. Yəni bu o deməkdir ki, güclü ordumuz partizan hərəkatı olmadan da Ali Baş Komandanın əmrini yerinə yetirə bilər”.

Polkovnik də hərbiçi olaraq partizan hərəkatına ehtiyac duymadığını deyib:

 "Biz uzunmüddətli döyüşləri nəzərdə tutmuruq. Sadəcə indi atəşkəs dövründəyik. Bu da beynəlxalq sazişlər çərçivəsində olan bir məsələdir. Əgər münaqişə hərbi müstəviyə keçsə, o zaman Silahlı Qüvvələrimiz üzərinə düşən öhdəliyi layiqli şəkildə icra edəcək və məsələ həll olunacaq. Bundan heç kimin şübhəsi olmasın”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25