2019-01-11 13:00:03   |   143 dəfə oxunub

Aksiyanı genişləndirmək lazımdır

Varlılar da geyinmədikləri paltarları o qutuya ata bilərlər

Bir vətəndaş olaraq hər birimiz sosial məsuliyyətimizi göstərməliyik



Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb.

İctimai Birlikdən verilən məlumata görə, şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkrar istifadə qutuları ilkin olaraq "Bravo” hipermarketləri və Babək prospektində yerləşən "Bravo” superstorda, həmçinin həmin prospektdəki "SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.

IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmazdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.

İanə qutularına toplanan əşyalar mütəmadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən "Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və "Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq.
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında bu cür xeyriyyə aksiyalarının cəmiyyət üçün faydalı olduğunu deyib:

 "Buna bənzər xeyriyyə aksiyaları ilə zaman-zaman rastlaşırıq. Həm fərdi insanlar, həm ictimai birliklər, həm də jurnalist həmkarlarımız arasında dəfələrlə bu cür təşəbbüs irəli sürənlər olub və hər dəfəsində də bu kimi kampaniyalar cəmiyyət tərəfindən təqdir olunub. Mən də uşaqlarımın kiçilmiş paltarlarını, körpə vaxtlarında istifadə etdiyim əşyalarını, oyuncaqlarını sığınacaqlara məskunlaşan, ehtiyacı olan ailələrin uşaqlarına vermişəm”.

IDEA İctimai Birliyinin şəhərin müxtəlif istiqamətlərində ianə qutularının quraşdırılması təşəbbüsünü alqışlayan sosioloq deyib ki, hər birimizin qarderobunda geyinmədiyimiz, istifadə etmədiyimiz, atmağa qıymadığımız geyim əşyaları var: 

"İnsanlara çağırış edirəm ki, istifadə etmədiyiniz əşyalarınızı ehtiyacı olan insanlardan əsirgəməyin. Bu cür aksiyalar yardımlaşmanı sosial dəyərə çevirmək məqsədi daşıyır və çox da müsbət nəticələri olur. İnsanlar arasında səmimiyyət yaradır, mehribanlıq, şəfqət, sevgi hisslərini gücləndirir. Biz son illər insanların aqressivləşməsindən, zorakılığın, cinayətkarlığın artmasından danışırıq. Kimin nə problemi var, bilmirik. Bu, insanları biri-birindən ayrı salır, insanlar arasında sədlər yaradır.

İnsanların bir-birinə əl tutduğu, bir-birinin ehtiyacını ödəməyə çalışdığı müddətdə dünya yaşanılacaq bir yer olacaq. Əks təqdirdə dünya cəhənnəmlə eyni statuslu bir yer olacaq. Bu cür xeyriyyə aksiyası insanda belə fikir formalaşdırır ki, yaxşı adamlar var, kiməsə kömək edirlər. İnsan belədə özünü tənha hiss etmir. Çətinə, dara düşərsə, kiminsə ona əl uzadacağına ümid edir”.

L.Mehralının fikrincə, ehtiyacı olan ailələrin həmin ianə qutularından paltar götürüb evlərinə sevincək qayıtmaları bizi şad edər:

 "Elə imkanlı şəxslər var ki, paltarı mağazadan necə alıbsa, etiketi üstündə eləcə də qarderobunda qalıb. Kasıblara yardım etmək üçün onlar da öz paltarlarını həmin qutulara ata bilərlər. Qətiyyən laqeyd qalmaq olmaz. Bir vətəndaş olaraq hər birimiz sosial məsuliyyətimizi göstərməliyik. Çalışmalıyıq ki, xeyriyyə aksiyaları geniş kütlələri əhatə etsin”.

Şəymən





SON XƏBƏRLƏR

2019-03-24