2019-01-11 13:07:35   |   130 dəfə oxunub

Ayrılıqların səbəbi müxtəlifdir

Boşanmaları sırf sosial şəbəkələrlə bağlamaq doğru deyil

"Əgər bir insan öz xoşbəxtliyini boşanmaqda görürsə, sosial şəbəkələr bəhanədir. Boşanmaların ən böyük səbəbi cütlüklərin bir-birlərinə qarşı sevgisizliyindən başlayır"



Son illərdə boşanmaların sayının kəskin artması ölkədə ciddi narahatlıq predmetinə çevrilib. Ailələrdə konfliktli halların artmasına səbəb kimi də sosial şəbəkələr göstərilir. Xüsusən də qadınların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərovun sözlərinə görə, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir: "Əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu. Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilir. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar”.

Komitə rəsmisinin fikrincə, ailələrin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk edib getməkdə, ya da boşanmaqda görürlər. Həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur:

 "Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Digər dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internet cəmiyyətinin insanların həyatına, insanların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. E.Səfərov əlavə edib ki, bu problemlərin həlli üçün internet resursların müsbət təsirindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işini gücləndirmək, faydalı portalların saylarını artırmaq lazımdır”.

Azərbaycanda boşanmaların narahatlıq doğuracaq dərəcədə artdığını vurğulayan psixoloq-konsultant Arzu Müzəffərovanın sözlərinə görə, hər ayrılığın fərqli səbəbi var:

 "Zaman dəyişir. Münasibətlər də insanların həyat tərzinə, ətraf mühitə, insan psixikasına görə dəyişir. Əslində boşanmalar da evlilik kimi cütlükərin bəlli bir səbəblərə görə verdiyi qərardan qaynaqlanır. Evlilik onların gözündə nə dərəcədə dəyərlidir və bu dəyərlər hansı səbəbdən dolayı dəyərsiz olur? Qırılan ünsiyyətin kökü nədir? Harda başladı, harda bitir? Belə hallarda günahkar, səbəb və nəticə öz sözünü deyir. Boşanmaların artmasına səbəb kimi interneti səbəb göstərirlər, fikrimcə, əsas məsələ insanın istifadə etdiyi məqsədlərdən asılıdır. 

İnternet, sosial şəbəkələr kiməsə demir ki, boşan, ya da evlən. Sadəcə olaraq ailələrdə kompromis, anlayışlı davranış çox aşağı həddə düşüb. Bu da gəlib belə neqativ nəticələrə səbəb olur. İnternetdə sadəcə insan toplusu var. Orda virtual münasibət real olur, həyatda daha fərqli. Başlanğıcda cütlüklər münasibətlərin adını doğru qoymurlar deyə sonradan müxtəlif problemlərlə üzləşməli olurlar. Psixoloq kimi bu kəlməni dəfələrlə eşidirəm: "Mən elə bilirdim ki, sevirəm”. Bu isə o deməkdir ki, yaş həddinə, mühitə və ətrafa görə psixikanın öz rolu olur. Əgər bir insan öz xoşbəxtliyini boşanmaqda görürsə, sosial şəbəkələr bəhanədir. Boşanmaların ən böyük səbəbi cütlüklərin bir-birlərinə qarşı sevgisizliyindən başlayır.

Tərəflər problemlərin bir yerdə həll edilməsinə çalışmalıdırlar. Heç bir kəs məsuliyyəti qarşı tərəfin üzərinə qoymamalıdır. Elə edilməlidir ki, heç kəs məsuliyyətdən kənar qalmasın. Ailə dağıtmaq adi bir məsələdir. Amma bunun sonradan yaranacaq fəsadları çox pis nəticələrə gətirib çıxardır. Maksimum çalışılmalıdır ki, ailənin dağılmasının qarşısı alınsın”.

Boşanma məsələsinin artıq lokal problemdən çıxaraq qlobal problemə çevrildiyini vurğulayan psixoloq Elnur Rüstəmov da son illər ərzində internet və sosial şəbəkə istifadəçilərinin artım sayı ilə boşananların sayının çoxalması arasında əlaqə olduğunu düşünür: 

"Ailə quran cütlüklərin bir-birindən gözləntilərinin çoxluğu, narazılığın artması da əlbəttə ki, konfliktlərə yol açır. Yəni istəsək də, istəməsək də, bu gün görünən və görünməyən istiqamətlərdən ailələrə müdaxilələr çoxdur. Digər tərəfdən, informasiya bolluğunun özü bir diskomfort, narahatlıq yaradır. Ona görə də ailə qurmadan öncə tibbi yardımla paralel psixoloji dəstəyin göstərilməsi də vacibdir. Eləcə də boşanma ərəfəsində ailələrə psixoloji dəstək göstərilməlidir”.

Psixoloqun fikrincə, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır. Bu da ailədaxili münasibətlərin boşanma ilə nəticələnməsinə səbəb olan faktorlardan biridir: "İnternet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında.

 Əgər illər əvvəl ər-arvad daha çox canlı ünsiyyətdə olurdularsa, bir-birinin dərdinə şərik olur, bir-birinin əhvalı ilə maraqlanırdılarsa, müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilə bilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur”.

E.Rüstəmov ailələrdə tərəflər arasında şəffaflıq, güvən yaratmaq üçün sosial şəbəkələrdən istifadə zamanı tərəflərin bir-birinin şifrələrini bilmələrini məsləhət görür. Onun sözlərinə görə, bu, insanlarda həm məsuliyyət yaradar, həm də güvən.

Şəymən





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25