2019-01-11 13:39:44   |   230 dəfə oxunub

"Partiyalar bələdiyyə seçkilərinə aktiv qoşulmalıdırlar" - MÜSAHİBƏ

Niyaməddin Orduxanlı: "Bələdiyyə institutunu tam səlahiyyətsiz bir qurum kimi dəyərləndirmək doğru deyil"


"Bu institutun möhkəmlənməsi, daha da təkmilləşdirilməsi üçün daha geniş səlahiyyətlər nəzərdə tutulmalıdır. Bu sahə üzrə qanunvericilik bazası inkişaf etdirilməlidir"

Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb.
Seçkilər dekabrın 27-də keçiriləcək. Seçki ilində adətən siyasi təşkilatlarda canlanma olur. Amma Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyalar tərəfindən belə bələdiyyə seçkilərinə hazırlıq işləri aparılmır. Buna səbəb kimi də bələdiyyələrin fəaliyyətinin özünü doğrultmadığı göstərilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, "Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı gözləntilərdən danışıb:

- Bu il bələdiyyə seçkilərinin iyirmi ili tamam olur. İlin sonunda keçiriləcək seçki artıq sayca 5-cisidir. Fikrimcə, ötən 20 il ərzində özünüidarəetmə institutu kifayət qədər formalaşıb. Digər ölkələrlə müqayisədə Azərbaycanda bələdiyyələrin böyük səlahiyyətləri, geniş fəaliyyət sahələri olmasa da, bu sahəyə marağın artırılmasının tərəfdarıyam. Bu günə qədər baş tutan 4 bələdiyyə seçkisinin 4-də namizəd olaraq iştirak etmişəm və hamısında da qalib olmuşam. İlk dəfə 1999-cu ildə 21 yaşımda seçilmişdim. Bələdiyyə rəhbərliyinə də seçilmişəm. Hazırda Abşeron rayon bələdiyyəsində komitə sədriyəm. Bələdiyyə idarəçiliyi və qərarların qəbulu sahəsində iyirmi illik təcrübəyə sahib bir siyasətçi olaraq düşünürəm ki, Azərbaycanda bu institutun möhkəmlənməsi, daha da təkmilləşdirilməsi üçün daha geniş səlahiyyətlər nəzərdə tutulmalıdır. Bu sahə üzrə qanunvericilik bazası inkişaf etdirilməlidir. Həmçinin də siyasi partiyalar seçkidə öz aktivliyini artırmalıdır. Biz BAXCP olaraq qarşıdan gələn bələdiyyə seçkilərində kütləvi olaraq iştirak etmək niyyətindəyik. 2014-cü ildə keçirilən 4-cü bələdiyyə seçkilərində üzvlərinin sayına görə partiya olaraq respublika üzrə 3-cü yeri qazanmışdıq. Partiyamızın 60-a yaxın rayonda şöbələri var. Hər bir BAXCP üzvü cari ildə keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edib, öz potensialını ortaya qoyaraq qələbə qazanmağı başlıca məqsəd kimi qarşısına qoyub. Bütün rayon şöbələrinə tövsiyə edilib ki, bələdiyyə seçkilərində iştirakla bağlı müəyyən hazırlıq işləri həyata keçirsinlər. Çalışacağıq ki, maksimum dərəcədə öz namizədlərimizlə seçkidə iştirak edək. BAXCP-nin bələdiyyə seçkilərindən gözləntiləri çoxdur.

- Bəs, Azərbaycandakı digər siyasi partiyaların bu seçkiyə hazırlığını necə qiymətləndirirsiniz?

- Siyasi partiyaların əsas fəaliyyət istiqaməti məhz seçki prosesinə hazırlıqdır. Hər bir partiya seçkidə uğur qazanmaq üçün fəaliyyət göstərir. Partiyalar seçki arasında fərq qoymamalıdır ki, bu bələdiyyə seçkisi, bu parlament seçkisi, digəri isə prezident seçkisidir. Siyasi partiyanın ən əsas prinsipi səsvermə yolu ilə xalqın dəstəyini əldə etməkdir. Siyasətlə məşğul olan hər kəs seçkidə iştirak etməlidir. Ancaq bu gün bəzi partiyalarda təmsil olunan rəhbər şəxslər bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı görünmürlər. Deputat olmaq üçün parlament seçkisində iştirak edən partiya nümayəndələri var ki, heç yaşadığı ərazidən bələdiyyə üzvlüyünə namizəd olmayıblar.

- Bəlkə bələdiyyələrin səlahiyyətləri azdır deyə, partiyalar arasında rəqabət yoxdur?

- Razıyam ki, bələdiyyələrin səlahiyyətləri çox da geniş deyil və hazırda yerli idarəetmədə icra strukturu ilə paralellik mövcuddur. Digər ölkələrlə müqayisədə Azərbaycanda yerli özünüidarəetmənin səlahiyyətlərinin məhdud olduğunu da yuxarıda qeyd etdim. Amma bu o demək deyil ki, siyasi partiyalar bələdiyyə seçkisində iştirak etməməlidir. Məhz bələdiyyələrin cavabdeh olduğu bir çox sahələr var. Bələdiyyə institutunu tam səlahiyyətsiz bir qurum kimi dəyərləndirmək doğru deyil. Nəzərə almalıyıq ki, bələdiyyə institutu Azərbaycanda cəmi 20 ildir ki, fəaliyyət göstərir.

Bunun tarixi çox da uzağa gedib çıxmır. Eyni zamanda bir nümünə kimi Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələri göstərə bilərəm. Bizim rayonda bütün bələdiyyələr öz imkanları çərçivəsində bütün qəsəbə və kəndlərdə əhali üçün amblator tibb müəssələri tikib
istifadəyə veriblər.

Əvvəllər Azərbaycanda 2700 bələdiyyə subyekti vardı. Məlum oldu ki, bələdiyyələrin bu şəkildə dağınıq formada fəaliyyəti lazımi nəticəni verməyəcək. Çıxış yolu isə bələdiyyələrin təmərküzləşməsi və yaxud birləşdirilməsiydi. Artıq 2011-ci ildən etirabən mindən artıq bələdiyyə birləşdi və hazırda 1800-ə yaxın bələdiyyə fəaliyyət göstərir. Əslində bu da çox böyük rəqəmdir. Çünki xırda bələdiyyələri birləşdirməklə daha səmərəli iş görmək olar.

- Sizin sözünüzə qüvvət, bir müddət əvvəl millət vəkili Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılması məqsədi ilə Seçkilər Məcəlləsinə belə bir təklif vermişdi ki, Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin. Yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Necə düşünürsünüz, bu il belə bir dəyişiklik reallaşa bilər?

- Siyavuş müəllimin həmin təklifi ilə tanışam. Onun qeyd etdiyi məsələ bir çox ölkələrin təcrübəsində özünü doğruldub. Həmin ölkələrdə bələdiyyə sədrləri seçki yolu ilə seçilir və birbaşa xalq özünün bələdiyyə sədrini də, bələdiyyə üzvlərini də seçir. Amma Avropanın aparıcı ölkələri var ki, bələdiyyə sədrini, xalq təfərindən seçilən bələdiyyə üzvləri seçir. Mahiyyət etibarı ilə hər iki bələdiyyə nümayəndəsini xalq seçir. Bir bələdiyyə nümayəndəsi kimi millət vəkilinin Seçkilər Məcəlləsinə etdiyi təklifi normal dəyərləndirirəm.

Bir neçə il əvvəl kiçik bələdiyyələr birləşdirilib, üzvlərin sayı azaldıldığı üçün növbəti dəfə bələdiyyələrdə azaldılma olacaqsa, təbii ki, bu, birbaşa seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsindən keçəcək.

Şəymən





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22