2019-01-11 14:03:35   |   122 dəfə oxunub

"Əvvəlki sənətkarlar ad qoyub gedirdilər"

Babək Niftəliyev: "İndikilər isə çalışır ki, çörəkli bir mahnı alsın, ayda beş toyu olsun"



Bu gün hamı səhnədən, səhnəmizdə baş verən ucuz musiqilərdən danışır. Teleməkanlarımızı bayağı mahnılar bürüyüb. Səbəblər çoxdur, hansından danışaq? Azərbaycan səhnəsinin bugünkü durumundan Əməkdar artist, xanəndə Babək Niftəliyev «Şərq»ə danışdı.

- Muğam sahəsində vəziyyət yaxşı olsa da, ümumilikdə Azərbaycan səhnəsi bayağı olub…

- Muğam sahəsində böyük inkişaf var. Çünki dövlətimiz, dövlət başçımız və xanımı Mehriban xanım Əliyevanın dəstəyi ilə muğam sahəsinə qayğı göstərilir, inkişaf edir. Əvvəllər belə deyildi. Bunu bizim ustad sənətkarlarımız da təsdiqləyər ki, muğam sahəsinə gəlmək, bu sahədə olmaq çətin idi. İndi şükür Allaha, xanəndələr üçün hər bir şərait yaradılıb. Azərbaycanda Beynəlxalq muğam müsabiqələrinin təşkili, muğam mərkəzlərinin inşası, bərpası bu sahəyə olan diqqətin bariz nümunəsidir. Muğam müsabiqələrinin keçirilməsi gənclərdə muğam sənətinə marağı, sevgini çoxaltdı. Peşəkar şəkildə muğam sənəti ilə məşğul olmaq üçün imkanlar yaradılıb. Ancaq ümumilikdə Azərbaycan səhnəsindən danışmalı olsaq, həqiqətən orda vəziyyət çox acınacaqlıdır. Xüsusilə də estrada sahəsində dediyiniz bayağılıq, şitlik baş alıb gedir.

- Sizcə, estrada sahəsində ciddi ənənələri olan Azərbaycan estrada səhnəsi niyə belə ucuz olub?

- Səbəbləri çoxdur. Ən böyük səbəblərdən biri odur ki, hamı toy bazarında olmağa çalışır. Müğənnilərin əksəriyyətinin bir məqsədi, marağı var - təqvimlə toyu çox olsun. Sənət üçün səhnəyə gələn demək olar yoxdu. Mahnıların bayağılığına gəlincə, estrada sahəsində olanlar altı-səkkizlik ucuz mahnıların arxasınca qaçırlar. Daha dəqiq desək, çörək gətirən, amma peşəkar musiqidən tam uzaq mahnılara müraciət edənlər çoxalıb. Çünki bu mahnıları ifa etmək də asandı, gəliri də çoxdu. Meyxana üslublu musiqilərlə toylarda daha çox pul qazanmaq mümkündür. Amma bir az sənətinə dəyər verən, səhnəyə sənət naminə gələn müğənni ucuz musiqilərin, mövsümi mahnıların arxasınca qaçmır.

- Sizə o musiqiləri ifa etmək təklifi olurmu?

- Təbii ki, elə musiqiləri mənə də təqdim ediblər. Sadəcə mən toyda pul qazanmaq xatirinə sənətimi ucuz göstərə bilmərəm. Bu gün sənət göstərmək yaddan çıxıb. Hamı çalışır ki, çörəkli bir mahnı alsın, ayda beş toyu olsun. Bu da zamanın tələbidir. Hamı istəyir toyu çox olsun.

- Bəs niyə «sabah sənətdə adım qalacaqmı» sualını kimsə özünə ünvanlamır?

- Əvvəlki sənətkarlar ad qoyub gedirdilər. Sənətdə qalmaq üçün çalışırdılar. Üzeyir Hacıbəyovdan tutmuş Tofiq Quliyevə qədər, sənət üçün çalışıblar, yazıblar. Onlar toy repertuarı ilə məşğul deyildilər. Bu gün bəstəkarlar demək olar yaxşı mahnılar yazmırlar. Yaxşı bəstəkarlar var, sadəcə ciddi musiqiyə tələbat olmur deyə onlara müraciət edən də olmur. Çörək gətirən, «partladan» mahnılara tələbat var. Amma sənətkardan söhbət gedirsə, o mütləq mahnının melodiyasına, mətninə önəm verir, bayağı mahnı oxumağı sənətinə yaraşdırmır. Mən də o bayağı, çörəkli mahnıları oxuya bilərəm. Bəlkə də oxusam daha çox populyar olaram, qazancım daha çox olar. Amma buna yol vermirəm. Mən hər bir ifamı tarixə yazıram. Bu sənətə gəlmisənsə, tarixdə qalmaq lazımdır.

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25