2019-01-11 14:38:40   |   88 dəfə oxunub

Hələlik Bakıda tramvay xətlərinin çəkilməsi mümkün deyil

Çünki bunun üçün yeni yollar salınmalıdır, müasir nəqliyyat vasitələri alınmalıdır


"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ında yollarda təhlükəsizliyin təşkili əsas məqam kimi vurğulanır. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Proqramda yol hərəkətinin təşkili ilə bağlı bir çox məqamlar öz əksini tapıb. Velosiped yollarının çəkilməsi, tramvay xətlərinin bərpasının araşdırılması tövsiyə edilən yeniliklərdəndir.
Tramvay xətləri çəkilərsə, yol-nəqliyyat qəzalarının faizinin sürətlə aşağı düşəcəyi bildirilir. Bundan əlavə, tramvay xətlərindən daha çox trolleybus xətlərinin çəkilməsinin vacibliyi da müzakirələr sırasındadır. Arqument kimi də tramvay xətlərinin çəkilişinin daha yüksək məbləğ tələb etdiyi, eyni zamanda bunun üçün yol kənarlarında olan tikililəri sökməyin lazım gələcəyi bildirilir. Bunun da istər-istəməz müəyyən narazılıqlara yol açacağını indidən təxmin etmək olar. Hansı xəttin daha səmərəli olması barədə isə səslənən fikirlər müxtəlifdir.

Maraqlıdır, paytaxt yollarının hazırkı infrastrukturu tramvay xətlərinin çəkilməsi üçün əlverişlidirmi?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq”ə açıqlamasına görə, Bakıda tramvay xətlərinin çəkilməsi çox çətin məsələdir. Ekspert bildirib ki, tramvay xətlərinin çəkilməsi həm texniki, həm də iqtisadi baxımdan mümkün deyil: 

"Ölkə başçısı tərəfindən qəbul olunan proqram çox gözəldir. Çünki uzun müddətdir ki, yol hərəkətinin təşkili məsələsinə dövlət səviyyəsində yanaşılma yox idi. Buna baxmayaraq yol hərəkətinin təhlükəsizliyi dövlətin əsas məqsədlərindən biridir.

Proqramda tramvay xətlərinin çəkliməsi və digər məsələlər ilk öncə araşdırılmalıdır. Bu işlərin həm iqtisadi cəhətdən sərfəliliyi, həm də şəhərimizdə buna imkanın olub-olmaması dəqiqləşdiriləndən sonra dəqiq rəy vermək olar. Düşünürəm ki, hələlik mümkün deyil. Çünki vaxtilə paytaxtımızda tramvay xətləri var idi.

 Daha sonra həmin xətlər ləğv olundu və infrastruktur dəyişdirildi. İndi isə tramvay xətlərinin çəkilməsi üçün yeni bir infrastruktur yaradılmalıdır. Yeni yollar çəkilməli, müasir tramvaylar alınmalıdır. Bütün bunlar ilk növbədə texniki cəhətdən çətinlik yarada bilər. Çünki paytaxt yolları o qədər də böyük deyil. Əvvəlki illərdə paytaxtımızda geniş sahələr var idi. 

Bu zaman tramvay xətləri asanlıqla hərəkət edə bilirdi. İndi isə belə şərait yoxdur. Bu nöqteyi-nəzərdən şəhərin mərkəzi hissəsində tramvay xətti çəkmək çox çətindir. Düşünürəm ki, bu, mümkün olmayacaq”.

Yeganə Bayramova








SON XƏBƏRLƏR

2019-01-18