2019-01-11 14:42:03   |   119 dəfə oxunub

Televiziya kanallarında falçılar kütləvi şəkildə təbliğ olunur

"Bu artıq cəhalətin artmasına və cəmiyyətdə təhlükəli atmosferin yaranmasına gətirib çıxarır"


Falçılıqla məşğul olan şəxslər televiziya kanallarında verilişlərə qonaq, ekspert qismində dəvət olunur, onların fikirlərinə, fəaliyyətlərinin təbliğinə yer verilir. Cəmiyyəti falçı səviyyəsinə gətirib çıxarmaq, insanların ayağını real həyatdan üzmək, şou yaratmaq yolverilməzdir. Lakin bu gün əksər televiziya kanallarımızda falçılar təbliğ olunur. Onlar özlərini əməlli-başlı reklam edərək camaatı "tələ”yə salıb pul qazanırlar.

Əksər ölkələrdə, xüsusilə Türkiyədə falçılıqla məşğul olan şəxslərin televiziya kanallarına çıxması heç də birmənalı qarşılanmır. Hətta belə hallara olduqca sərt təpki verilir. Bu günlərdə tanınmış telejurnalist İradə İsaq da mövzu ilə bağlı feysbuk hesabında maraqlı status paylaşıb:

"Türk kanallarının birində şikayətə gəlmiş bir kişinin studiyaya gələn zənglərlə falçılıqla məşğul olduğu üzə çıxdı. Aparıcının qonağa münasibəti dərhal dəyişdi. Gələn zənglərlə adamın falçı olduğu təsdiqlənən kimi "zəngləri polisə yönəldəcəyik, göz altına alınacaqsınız” dedi.
Bizdə isə falçılar efiri zəbt edib, instaqramda böyük səhifələrlə özünə tərəfdarlar toplayır. Çox sərbəst və açıq fəaliyyət göstərirlər. Üstəlik, guya, "insanların sosial problemlərini çözürük" deyən verilişlərin tez-tez ekspert qonağı olurlar.

Vəkil izah etdi ki, falçılıq saxta yolla qazanılan pul deməkdir, onlar dövlətə vergi də ödəmir. Və aldanan yüzlərlə insan var. Bu insanlar görüldüyü yerdə həbs olunmalıdır”.

Mövzunu dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında bildirib ki, bu gün televiziya kanallarında falçıların fəaliyyəti kütləvi şəkildə təbliğ olunur. Sosioloqun sözlərinə görə, falçılara müraciət etmək ilk növbədə dinimizdə məsləhət görülmür: 

"Çünki bu, bəd əməl kimi qiymətləndirilir. Digər tərəfdən isə falçılara müraciət etməyin özü olduqca təhlükəlidir. Bir vaxtlar bu məsələ ilə bağlı tədqiqatlar aparmışam. Milli Məclisdə Elmlər Tədqiqat Mərkəzinin rəhbəri olan vaxtlar falçılarla bağlı müraciət edənlər də olurdu.

Falçıların bəziləri fırıldaqçı insanlardır. Bəzilərində isə müəyyən energetik xüsusiyyətlər var. Onlar bəzi məqamlara həqiqətən də təsir edə bilirlər. Amma onların hamısında qabiliyyət bu dərəcədə deyil. Məsələn birində vergi 10 faiz, birində 15 faizdir. Amma falçılarda belə bir xüsusiyyət var: onlar davamlı olaraq goplayırlar. Əgər 30 faiz qabiliyyətləri varsa, 70 faizi gop olur. Belə falçılar müraciət edən insanlara psixoloji olaraq təsir göstərirlər. 

Falçılar həmişə çalışırlar ki, hər şeyi bildiklərini göstərsinlər. İnsanlar imkan verməməlidir ki, falçılar onların energetik sisteminə daxil olsun. Məsələn, bilirik ki, naşı cərrah insanın qarın boşluğunu açarsa, onun orada apardığı əməliyyat təhlükəli sonluqla nəticələnə bilər. Belə olduğu halda biz naşı cadugər və falçıya necə imkan veririk ki, bizim energetik sistemimizə daxil olsun və orada müəyyən bir nizamı pozsun? Falçılar hansısa kiçik məqama xeyir elədiyi halda, bəlkə digər məqamlara ziyan vura bilər”.

Əhali arasında ciddi maarifləndirmə işinin aparılmalı olduğunu deyən sosioloq bildirib ki, falçılara müraciət etmək həm dini, həm də dünyəvi elmlər baxımından məsləhət görülmür: "Bu, eyni zamanda energetik olaraq da təhlükəlidir. Təəssüf ki, bu gün televiziyamızda falçılar təbliğ edilir. Ümumiyyətlə, televiziya ilə bağlı platformamız olmalı, siyasətimiz dəyişməlidir. Efirə kim pul verirsə, onu da verilişlərə dəvət edirlər. Bu, olduqca ürəkağrıdıcı bir məqamdır. Baxırsan ki, ən səviyyəsiz bir müğənnini dəfələrlə ekranda göstərirlər. 

Məsələn, mən Əhməd Qəşəmoğlu olaraq televiziya rəhbərinə müraciət edib deyirəm ki, "Bir gənc var, çox qabiliyyətli və istedadlıdır. İstərdim ki, onu da verilişə dəvət edəsiz”. Təsəvvür edin, televiziyada ikinci adam deyir ki, bu mənim gücüm daxilində deyil. Yəni ki, pulunuzu verin, sonra efirə çıxın. Belə hallarla dəfələrlə rastlaşmışam. Televiziyada çalışan və yaxın münasibətim olan adam gücü çatmayacağını deyib. Bugünkü televiziyamızın vəziyyəti belədir. Ona görə də televiziyalardakı vəziyyət acınacaqlıdır. Belə məsələlərə ciddi yanaşmaq lazımdır. Çalışmalıyıq ki, falçılara münasibət tamamilə dəyişsin.

Falçılar çox yayıldıqca və kütləvi şəkildə təbliğ olunduqca cəmiyyəti cəhalət bürüyür. Yerindən duran çalışır ki, gedib falçı yanına pul xərcləsin, kiməsə cadu elətdirsin. Bir də baxırsan ki, kiminsə yeməyinə nəsə qatırlar. Bunun özü olduqca iyrəncdir. Heç bir günahı olmayan birinə qarşı xəbərsiz əməllər edirlər. Bütün bunlar cəmiyyətdə arzuolunmaz bir gərginlik yaradır. Tələbə vaxtlarım yadıma gəlir. O zamanlar belə hallar yox dərəcəsində idi. İndi isə hər addım başı falçılara rast gəlirik. Bu artıq cəhalətin artmasına və cəmiyyətdə təhlükəli atmosferin yaranmasına gətirib çıxarır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2019-01-18